19 mart 1901 – Xalq artisti Ələkbər Seyfulla oğlu Seyfi (1901 – 15.12.1977) Tiflisdə anadan olub. 1929-cu ildə Bakı Türk İşçi Teatrına dəvət alıb. Filmlərdə çəkilib.

19 mart 1907 – Əməkdar artist Sadıq Saleh Xəlil oğlu Bağırov (1907-1977) Bakıda anadan olub. Dövlət Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

19 mart 1925 – Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanov (14.4.1870 – 1925) vəfat edib. “Nadanlıq”, “Nadir şah”, “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədri olub.

19 mart 1928 – Tanınmış aktyor Əfrasiyab Məmmədov (1928 – 18.11.1990) Gəncədə doğulub. Akademik Dram Teatrında çalışıb. “Qızmar günəş altında”, “Koroğlu”, “Dədə Qorqud” və s. filmlərdə çəkilib.

19 mart 1994 – Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 – 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub.

 

20 mart 1879 – Xalq artisti, tanınmış opera müğənnisi, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 1879 – 16.2.1945) anadan olub. İlk milli operamız olan “Leyli və Məcnun”da Məcnun rolunun birinci və uzun illər əvəzsiz ifaçısı olub.

20 mart 1906 – Əməkdar incəsənət xadimi, rejissor Ağəli Əliabbas oğlu Dadaşov (1906 – 7.12.1973) Bakıda doğulub. Akademik Dram, Gənc Tamaşaçılar, Gəncə, Naxçıvan teatrlarında, Azərbaycan Televiziyasında çalışıb.

20 mart 1912 – Xalq artisti, rejissor Ənvər Məcid oğlu Behbudov (1912-1998) anadan olub. Rusiyanın teatrlarında çalışıb. 60-70-ci illərdə Azərbaycanda Opera və Balet, Rus Dram teatrlarının baş rejissoru olub.

20 mart 1928 – Xalq rəssamı, heykəltəraş Kamal Camal oğlu Ələkbərov (1928 – 21.5.2009) Füzuli rayonunda anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında Cəfər Cabbarlının heykəli, görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrinin müəllifidir.

20 mart 1945 – Əməkdar rəssam, dekorativ-tətbiqi sənət ustası Zahid İsa oğlu Hüseynov (1945 – 27.7.2012) Gürcüstanda, Qaraçöp mahalında doğulub. Azərbaycan Rəssamlıq Akademiyasının kafedra müdiri olub.

 

21 mart 1896 – Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 1896 – 20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. Teatr tamaşalarında çoxsaylı obrazlar yaradıb, “Səbuhi”, “Fətəli xan” filmlərində çəkilib.

21 mart 1898 – Xalq artisti İsmayıl Məmmədəli oğlu Talıblı (Talıbzadə; 1898-1967) anadan olub. Bakıda Milli Dram, Türk İşçi teatrlarında, Gəncə Dövlət Dram Teatrında çalışıb, filmlərə (“Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”) çəkilib.

21 mart 1906 – Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 1906 – 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. 20-dən çox poemanın, “Vaqif”, “Fərhad və Şirin”, “İnsan” və s. mənzum dramların müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948) olub.

21 mart 1910 – Əməkdar artist Reyhan Qəmbər qızı Tağıyeva (1910-1973) Tiflisdə doğulub. Tiflis Azərbaycan teatrının ilk aktrisalarındandır. 1956-cı ildən Gəncə teatrında çalışıb.

21 mart 1914 – Xalq artisti Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 – 23.2.1983) anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb. Filmlərdə yaddaqalan obrazlar yaradıb.

21 mart 1920 – Xalq rəssamı Ağa Cəfər oğlu Mehdiyev (1920 – 15.5.2003) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.

21 mart 1921 – Yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi, professor Nurəddin Həsən oğlu Babayev (1921-1991) Gəncə şəhərində doğulub. BDU-da Jurnalistika fakültəsinin ilk dekanı olub.

21 mart 1924 – Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov; 1924 – 12.10.1990) Tovuz rayonunun Azaflı kəndində doğulub.

21 mart 1968 – Əməkdar artist, vokal ifaçısı (soprano) Aliyə Ramazan qızı Terequlova (1915-1968) vəfat edib. Opera və Balet, Musiqili Komediya, Gənc Tamaşaçılar teatlarında çalışıb.

21 mart 2021 – Xalq artisti Ramiz Soltan oğlu Məmmədov (26.9.1951 – 2021) vəfat edib. Akademik Musiqili Teatrda çalışıb. Televiziya tamaşalarında, filmlərdə çəkilib.

 

22 mart 1899 – Görkəmli dramaturq, yazıçı, şair, Əməkdar incəsənət xadimi Cəfər Qafar oğlu Cabbarlı (1899 – 31.12.1934) Xızı kəndində doğulub. Milli dramaturgiyanın inkişafında yeni mərhələnin təməlini qoyub. Tərcümələrin, milli kinomuzda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil”, “Almaz” filmləri) müəllifidir.

22 mart 1900 – Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (1900 – 11.10.1983) Qubadlı rayonunun Əyin kəndində anadan olub. “Saçlı”, “Mehman”, “Medalyon”, “Qafqaz qartalı”, “Ağbulaq dağlarında” və s. əsərlərin müəllifidir.

22 mart 1908 – Əməkdar artist Qafar Həqqi (Qafar Məhərrəm oğlu Qasımzadə; 1908-1992) Ərdəbildə doğulub. Akademik Milli Dram Teatrının aktyoru olub.

22 mart 1909 – Xalq yazıçısı Mehdi Əli oğlu Hüseyn (1909 - 10.3.1965) Qazax rayonunun İkinci Şıxlı kəndində doğulub. “Səhər”, “Abşeron”, “Qara daşlar”, “Yeraltı çaylar dənizə axır” (romanlar), “Alov” (pyes) və s. əsərlərin müəllifidir.

22 mart 1913 – Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (1913 – 3.11.1983) anadan olub. Gənc Tamaşaçılar, Akademik Dram teatrlarında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Qanun naminə” və s. filmlərdə maraqlı obrazlar qalereyası yaradıb.

22 mart 1913 – Yazıçı-dramaturq Məhərrəm Cəlal oğlu Əlizadə (1913-1983) anadan olub.

22 mart 1914 – Xalq artisti Lütfəli Əmir oğlu Abdullayev (1914 – 9.12.1973) Şəkidə doğulub. Musiqili Komediya Teatrında çalışıb, “Arşın mal alan” (1945), “Əhməd haradadır?”, “Ulduz” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

22 mart 1915 – Xalq rəssamı Baba Balababa oğlu Əliyev (1915 – 27.3.1991) Bakının Zirə qəsəbəsində anadan olub. Məşhur əsərləri: “Mədəndə”, “Neftçilərin istirahəti” və s.

22 mart 1917 – Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 – 18.3.1980) Dərbənddə doğulub. Şəki Dram Teatrında, 1949-cu ildən Gənc Tamaşaçılar Teatrında çalışıb. “Nəsimi”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Uşaqlığın son gecəsi”  və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

22 mart 1919 – Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 – 26.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. “Dəli Kür”, “Ayrılan yollar”, “Ölən dünyam” romanlarının müəllifidir. Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.

22 mart 1919 – Tanınmış kinooperator Xan Yusif oğlu Babayev (1919 – 2.9.1967) anadan olub. Çəkdiyi filmlər: “Ögey ana”, “Böyük dayaq”, “Yenilməz batalyon” və s.

22 mart 1925 – Xalq artisti Zəroş Mirzəbağır qızı Həmzəyeva (1925 – 6.6.2004) Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

22 mart 1931 – Şair Əli Kərim (Əli Paşa oğlu Kərimov; 1931 – 30.6.1969) Göyçayda anadan olub. Populyar şeirlərin, “Pillələr” romanının müəllifidir.

22 mart 1931 – Əməkdar artist Yusif Lətif oğlu Qazıyev (1931 – 21.3.1987) Gəncədə doğulub. Gəncə Dövlət Dram Teatrında aktyor və direktor işləyib.

22 mart 1933 – Xalq artisti Rübabə Xəlil qızı Muradova (1933 – 28.8.1983) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Opera və Balet Teatrının solisti olub.

Hazırladı: Vüqar Orxan