1918-ci ilin yazında S.Şaumyanın başçılıq etdiyi Bakı Kommunasının bolşevik hökuməti qurmaq adı altında Bakıda, eləcə də Azərbaycanın bölgələrində həyata keçirdiyi kütləvi qırğınların ən acı səhifələrindən biri Qubada törədilən soyqırımıdır. Arxiv materiallarından məlum olur ki, erməni-daşnak hərbi birləşmələri tərəfindən 1918-ci ildə Quba qəzasında ümumilikdə 16 min dinc sakin qətlə yetirilmiş, təkcə Quba şəhərində 3 minə yaxın sakin öldürülmüşdü. Qəzada 167 kənd talan edilmiş, 2750-dən çox ev yandırılmış, 26 məscid və tarixi abidə dağıdılmışdı. Həmin tarixi məkanlarda indiyədək bu vandalizmin nişanələri qalmaqdadır.

Quba şəhərinin mərkəzində yerləşən Hündür günbəzli hamam belə memarlıq abidələrindəndir. XIX əsrdə inşa edilən hamam el arasında Usta Bəkir hamamı, Çuxur hamam da adlanır. Erməni-daşnak hərbi birləşmələri mayın 1-də Qubaya hücum çəkərkən əsasən qocalardan, qadın və uşaqlardan ibarət yüzədək sakin qaçıb bu hamamda gizlənir. Daşnaklara bələdçilik edən yerli erməni, dəyirmançı Hartün bundan xəbər tutur. Hamazaspın quldur dəstəsini buraya gətirir. Erməni quldurlar möhkəm bağlanmış qapını aça bilməsələr də, hamamın günbəzində olan havalandırma yerini dağıdaraq içəri soxulurlar. İçəridə gizlənən sakinlərə amansız divan tutulur. İnsanları qızmar buxarda boğurlar. Meyitləri isə şəhərin yuxarı hissəsində, Qudyalçayın yaxınlığındakı su arxlarına kütləvi şəkildə doldurub üzərini torpaqla örtürlər. Dəhşətli hadisədən 89 il sonra, 2007-ci ilin aprel ayında həmin ərazidə kütləvi məzarlıq aşkarlanır. Təkcə bu kütləvi məzarlıqdan 400-dək insan cəsədinin qalıqları tapılmışdı...

Erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi qırğınların dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2009-cu il tarixli sərəncamına əsasən, Quba Soyqırımı Memorial Kompleksi yaradıldı. Memorial kompleks 2013-cü ildə ziyarətçilər üçün açıldı.

1918-ci il may ayının 1-dən 9-dək Quba şəhərində misli görünməyən qətliamlar törədən ermənilər Qusar istiqamətindəki kəndlərə doğru da hücuma keçir. İnsanları qətlə yetirməklə gözü doymayan erməni quldurları tarixi abidələrə də ciddi ziyan vurur. Qubanın qədim yaşayış məskənlərindən biri olan Alpan kəndindəki XVI əsrə aid Subaba türbəsi də erməni təcavüzünə məruz qalan memarlıq nümunəsidir. Türbə Səfəvilərin hökmranlığı dövründə Şah İsmayıl Xətainin qoşununun Dərbənd yürüşü zamanı bu ərazidən keçərkən vəfat etmiş sərkərdələrdən olan Sufi Mikayılın məzarı üzərində inşa olunub. Alpana hücum edən ermənilər olduqca unikal memarlıq quruluşuna malik bu abidənin damörtüyünü, divarlarını uçurmuşlar. Dağıdılmış türbənin ətrafında qədim qəbiristanlıq yerləşir. Erməni quldur dəstələrinin açdığı atəşlərin izləri də həmin daşların üzərində qalmaqdadır.

1918-ci ilin mayında Qusar istiqamətində irəliləmək istəyən erməni quldur dəstələrinin qarşısı alınır. Ə.Zizikskinin, Möhübəli Əfəndinin və digər xalq qəhrəmanlarının rəhbərlik etdiyi yerli özünümüdafiə dəstələri ermənilərə qarşı əks-hücuma keçir. Digah kəndi yaxınlığındakı dərədə ermənilər pusquya düşür və böyük itki verərək qaçmağa məcbur olurlar. Həmin ərazi indi də “Qanlı dərə” adlanır...

Tarix təkrarlanır. Bunu Birinci Qarabağ müharibəsində erməni silahlı dəstələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri qırğınlarda, Xocalı soyqırımında da gördük. 2020-ci ildə İkinci Qarabağ savaşında ermənilər yenidən dinc əhalini hədəf aldı. Lakin bu dəfə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, müzəffər Azərbaycan Ordusunun rəşadəti sayəsində düşmənə layiqli cavab verildi. 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad edən Ordumuz tarixi Zəfər qazanmaqla ermənilərin mənfur niyyətlərinə son qoydu.

Ramiz Ramazanlı
B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru