Özbəkistanın “fikr.uz”, “tnews.uz” internet portallarında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar materiallar dərc edilib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə dərc edilən məqalələrdə 1918-ci ilin mart hadisələri, erməni daşnaklarının Azərbaycanın şəhər və kəndlərinə hücumu, günahsız insanların qəddarlıqla qətlə yetirilməsindən bəhs olunur.

Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu hadisələrin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmiş, komissiya mart soyqırımını, ermənilərin törətdikləri ağır cinayətləri araşdırmışdı. 1919-cu ilin 31 martı matəm günü kimi qeyd edilmişdi. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımına da ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Məqalələrdə qeyd olunur ki, azərbaycanlılara qarşı soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və ölkənin başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, tarixi tikililər, mədəniyyət abidələri dağıdılıb məhv edilmişdi.

Diqqətə çatdırılır ki, Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə bu hadisələrə tarixi-siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Məqalələrdə 1992-ci ilin Xocalı faciəsi haqqında da məlumat verilib.