Söhbəti bir az uzaqdan başlayacam. Çünki xüsusən son zamanlar teatr, sənət mühitində yüngülvari tənqidə, adi rəyə, tamaşaçı fikrinə də ətrafında söhbət gedən yaradıcı məhsulun təqdimatçılarından elə təpkilər gəlir ki, qalırsan kəsilə-kəsilə. Belə olduqda da bəzən susmağa məcbur olursan. Amma bu məcburiyyət qətiyyən  polemikadan qaçmaq ilə əlaqəli deyil. Sadəcə, yaradıcı əməyə sayğı göstərərək...

Əgər bunu etməsən, mütləq kimsə sənin qərəzli olduğunu, zəhməti yerə vurduğunu düşünüb, duyğular, hisslər üzərində uzun mükalimə açacaq. Bu mənada düşünürəm ki, həm sağlam tənqid mühiti formalaşmalı, həm də ona münasibətdə dözümlülük olmalıdır...

Fəlsəfi düşüncənin ədəbi mətnə təsirli və sadə sintezi məqamında tanınmış nasir, dramaturq, Əməkdar incəsənət xadimi Firuz Mustafa dövrümüzün ən maraqlı müəlliflərinfəndir. Bu yazıda müəllifin teatr səhnəsinə yol tapan növbəti əsəri – “Sehrbaz” ətrafında danışacam. Əsərə səhnə yozumunu Xalq artisti Mərahim Fərzəlibəyov verib.

Uzun fasilədən sonra seyrçisini yenidən ətrafına səsləyən Bakı Bələdiyyə Teatrının aprelin 1-də baş tutan premyerasında xeyli tamaşaçı var idi. Dəvət əsasında olsa da, zal tamamilə dolmuşdu.

Onu da əlavə edim ki, tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, illüziya məsləhətçisi Elmar İbrahimov, dizayn işləri üzrə tərtibatçısı Elnur Əliyevdir. Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova iştirak edirlər. 

İlk görüşdə bir-biri ilə tanış olmayan, yad, özgə adamların qəribə taleyindən söhbət açılan pyesdə hadisələrin gedişi prosesində məlum olur ki, bu adamlar əslində bir-birlərinə yad deyillər, həyat “xətləri” nə zamansa bir nöqtədə kəsişib.

Bir-birini  əvəz edən gərgin, bir az da isterik hadisələr fonunda vaxtilə baş vermiş müdhiş hadisələrin, sirlərin üstü açılır. Əsərdə sevgi, nifrət, xəyanət səhnələri obrazların  daxili aləminin açılmasında mühüm rol oynayır. Hadisələrin əsas “aparıcısı” olan sehrbaz digər qəhrəmanların keçmişinə işıq salır və bu işığın fonunda tamaşaçılar qəhrəmanların israrla gizlədiklərini görürlər.

Psixoloji-dram janrlı tamaşada konkret olaraq hadisələr nə zamansa istintaq mövzusu belə olan fakt üzərindən inkişaf edir: həkim-xəstə münasibəti və onun nəticəsi. Hərçənd biz bu nəticəyə elə də asan çatmırıq.

Sehrbaz (İsmayıl Atakişiyev) səhnədə illüzionist üçün bəsit və köhnə, aktyor üçün yeni bir-iki nömrə göstərir və ardınca salondan, tamaşaçılar arasından seçdiyi  şəxsləri (aktyorları) bir-bir səhnəyə, bir növ ittiham kürsüsünə, fakt ilə qarşılaşmaq tribunasına dəvət edir. Həqiqət də tanış və aktualdır. Övladı olmayan Şəhla (Zülfiyyə Qurbanova) ana olmaq, müalicə almaq üçün qonşu qadının məsləhəti həkim qəbuluna gedir. Xəstəsini qəbul edən Samit (Tural Əhməd) isə şəfa vermək kimi ali və sadə həkim keyfiyyətindən uzaqdır. O, qadına dərman verərək içməsini istəyir və sonra yuxuya gedən xəstəsi ilə yaxınlıq edir. Nəticədə qadın bilmədən hamilə qalır və bir qızı dünyaya gəlir. Amma az sonra guya körpə ölür və bu işdə qadın illərdir ki, həkimi ittiham edir. Şəhlanın artıq gözəl gənc qıza çevrilmiş naməlum qızı Aysu (Aynur Abbasova) da həkimə, əslində, bioloji atasına aşiqdir. Amma o hər vəchlə bu qızı yaxına buraxmaq istəmir. Ona gah “qızım yaşındasan”, gah da “bizim münasibətimiz xəstə-həkim münasibətindən o yana keçə bilməz” kimi qəti etiraz edir.

Nəticədə Sehrbazın zaman üzərində “əməliyyatları” ilə hər şeyin üstü açılır və həqiqət zəfər çalır... Amma necə?  Birdən-birə səhnədə müqəddəs Məryəm təsviri (monitorda) görünür və Şəhla ilə Məryəm, körpə ilə müqəddəs ruh, ümumən kainat ilə ilahi varlıqlar arasında bir bağ, əlaqə yaradılmağa çalışılır. Ən maraqlısı da sonda sehrbaz da qiyafəsini çıxarıb, funksiyasını dəyişir və hər şey bitir. Elə bil insanlıq müqəddəs hadisəyə işarə ilə öz günahı, bəlkə də günahsızlığı ilə qarşı-qarşıya qalır. Beləcə biz adi faktdan, əslində, aktual mövzudan, baxımlı alınacaq problematikanın səhnə yozumundan və çox yəqin ki, müəllifin ideya axınından kənarda qalırıq. Əvəzində tamaşaçıya təqdim olunan quruluş üzərində baş sındırmaqla məşğul oluruq.

Etiraz eləmirəm, sındıraq, amma birbaşa, rəvan yol olduğu halda və mətnin bədii təsvir xətti buna şərait yaratmışkən niyə kələ-kötür yolda yıxılıb dizimi çapaq ki?!. Axı, müasir tamaşaçın buna nə istəyi, nə də marağı var. Maksim Qorki məhz belə vəziyyətlər üçün “Bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik var” kimi təyin də verib. Beləcə tamaşaçıya, oxucuya fikir üçün geniş meydan istəyib, onu yükləmək üçün yox.

Əslində, dramaturji materialda bu prinsip öz həllini tapıb və hətta müəyyən ifadələri, ağırlaşdırılmış təkrarçı (yəqin rejissor tələbidir) söz yükünü çıxsaq, effektiv alınmışdı. Xüsusən tamaşada nəzmlə nəsrin vəhdəti. Bu mənada forma da maraqlı seçilmişdi. Bir obraz – Sehrbaz nəzm, digər üç personaj isə nəsr formalarını birləşdirmişdi.

Tamaşanın tərtibatı da sadə idi. Səhnədə bir neçə oturacaq – ittiham kürsüsü funksiyasında stul var idi. Dekorasiyanı ekran əvəzləmişdi. Səhnələrin effektivliyini artırmaq üçün mizan və dialoqlara uyğun ekranda qalaktika, təbiət, dəniz, qürub, sonsuzluq ilə bağlı təsvirlər görünür və bu, daha çox texno-musiqilərlə müşayiət edilirdi.

Bu məqamda tamaşanın təsir dairəsini genişləndirməyə xidmət edən bəzi detalların əksinə işlədiyin də qeyd etməliyəm. Məsələn, nədənsə fokusçu oyuna – yəni işinə əylənmək kimi yanaşmır və bizim onun sehrbazlığı haqqındakı fikirlərimizi pərən-pərən salırdı. İlk replikalarından gərgin və ziyadə həyəcanlı görünən aktyor bunu “səxavətlə” salona da ötürürdü. Bəlkə də bu, rejissorun tələbi idi, amma bütün hallarda biz əslində xilas üçün peyda olan sehrbazın heç bir nömrəsindən təsirlənə bilmədik.

Xəstəsinə qarşı bütün ağlagəlməz əclaflıqları edən həkim də eyni səhnə aqibətini yaşadı. Səhnədə hər an “İndi sizə bir şeir oxuyacam” vəziyyətində olan aktyor qəhrəmanının xarakterik keyfiyyətlərini hiss edə bilmədi. Hərçənd həm obrazının tələbi, həm də rejissorun onun oyunu üzərindən etdiyi şaxələnməni fürsətə çevirə bilərdi.

Gələk təcavüzə məruz qalan, istəmədiyi halda ərini aldatmış olan, buna görə illərdir əzab çəkən, üstəlik də övladını itirən, tapan və bütün faciəvi məqamların fonunda taqətdən düşən Şəhlaya.  Tamaşanın əsas fiquru – baş qəhrəmanı  olan bu rolun ifaçısı səsi və plastikası ilə tamaşaçı ilə yaxşı oynayan, zala təsir edən aktrisadır. Xüsusən bir çox həmkarlarına xas nitq, danışıqda ifadəsizlik qüsuru ona yaddır. Bütün məqamlarda tamaşaçı onu eşidir və nə dediyini anlayır. Di gəl ki, biz bu oyunda onu yalnız isterik vəziyyətləri, təsir gücünü itirən fəryadları və bir an belə olsun onu tərk etməyən qışqırtıları ilə gördük, duyduq. Hətta körpəsini ovutmaq, yatırmaq məqamlarında da “bağıran” pıçıltılarını eşitdik...

Rejissorun çılğınlıq və dinamika istədiyi gənc Aysunun ifaçısı da bunun öhdəsindən gələ bilmədi.

Beləcə sehrbazlıq nömrələri ilə başlayan tamaşa maskalı bal ilə bitdi və cavabsız sualları özü ilə kulisə “daşıdı”...

Həmidə Nizamiqızı