Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

387 il əvvəl...

11 aprel 1635-ci ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində türk qoşunları İrəvan qalasını geri alıblar. Qala 1604-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1603-1612) zamanı I Şah Abbas tərəfindən tutulmuş və İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilmişdi. Sonrakı iki əsrdə İrəvan bölgəsi (xanlığı) daha bir neçə dəfə Səfəvilərlə Osmanlılar arasında əldən-ələ keçdi. 1827-ci ildə İrəvan xanlığı çar Rusiyası tərəfindən işğal edildi.

 

219 il əvvəl...

12 aprel 1803-cü ildə Tiflisdə Car-Balakən bölgəsinin Rusiya tərkibinə qatılması şərtləri və “Andlı öhdəlik haqqında” saziş imzalanıb. Bundan əvvəl (1801) Şəmsəddil və Borçalı mahalları Rusiyaya ilhaq edilmişdi. Car-Balakənin ələ keçirilməsi ilə Rusiyanın Azərbaycan torpaqlarını istilası genişləndi. Rusiya öncə Car-Balakənə nisbi muxtar idarəçilik (camaatlıq) versə də, sonradan onu ləğv etdi.

 

182 il əvvəl...

11 aprel 1840-cı ildə Çar I Nikolay “Cənubi Qafqaz diyarının idarəsi üçün təsisatlar haqqında” fərman imzalayıb. Rusiyaya birləşdirilən Azərbaycan bölgələrində hərbi komendantlıq idarəsi ləğv olunub və 1841-ci ildən Ümumrusiya idarə sistemi tətbiq edilib.

 

166 il əvvəl...

11 aprel 1856-cı ildə ABŞ-ın müstəmləkəsi olan Kosta-Rika müstəqil dövlət olub. Maraqlıdır ki, XX əsrin sonlarında Kosta-Rika ABŞ-a birləşmək fikrinə düşmüşdü, lakin Vaşinqton bunu rədd etdi.

 

161 il əvvəl...

12 aprel 1861-ci ildə ABŞ-da vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi) başlayıb. Sənaye baxımından inkişaf etmiş şimal ştatları ilə aqrar cənub ştatları arasında başlanan müharibənin iqtisadi səbəbləri ilə yanaşı, mühüm siyasi səbəbi də vardı. Şimal ştatları quldarlığın ləğvinə tərəfdar idilər. Cənub ştatları isə quldarlıq sistemini saxlamağı zəruri sayırdılar. Müharibəyə formal səbəb isə ABŞ-ın o vaxtkı 34 ştatından 11-nin (cənublular) ayrılaraq Quldarlıq Ştatlarının Konfederasiyası elan etməsi oldu. Dörd il sürən müharibə Şimalın Cənub üzərində qələbəsi (1865) ilə başa çatdı.

 

102 il əvvəl...

9 aprel 1920-ci ildə erməni silahlı dəstələri daşnak Dronun komandanlığı altında Qazax bölgəsində (Əskipara, Fərəhli, Bağanıs Ayrım və digər kəndlərdə) azərbaycanlı əhaliyə qarşı qırğınlar törədiblər.

 

82 il əvvəl...

9 aprel 1940-cı ildə Almaniya Norveç və Danimarkaya hücum edib. Danimarkanın işğalı bir neçə saat çəkdi. Norveçlə müharibə isə iyunun 8-dək davam etdi. Avropanın şimalında strateji region olan Norveçin işğalından sonra Hitler həm Britaniya, həm də SSRİ-yə hücum üçün əlverişli imkan qazandı.

 

77 il əvvəl...

11 aprel 1945-ci ildə faşistlərin Buxenvald konslagerində məhbusların qiyamı başlayıb. Hitlerin sonuncu ölüm düşərgəsi ləğv olunub. 1937-ci ildə təşkil olunan Buxenvald konslagerinə səkkiz ildə 240 minə yaxın məhbus salınmış, onlardan 10 mini (o cümlədən 8,5 mini sovet hərbi əsiri) məhv edilmişdi.

 

61 il əvvəl...

12 aprel 1961-ci ildə insanın kosmosa ilk uçuşu baş verib. SSRİ-nin təyyarəçi-kosmonavtı Yuri Qaqarinin idarə etdiyi “Vostok” kosmik gəmisi təxminən 2 saat ərzində Yerin ətrafına fırlanaraq geri qayıdıb.

 

33 il əvvəl...

9 aprel 1989-cu ildə Gürcüstanın paytaxtı Tbilisidə əhalinin antisovet şüarlı kütləvi aksiyası hərbi qüvvələr tərəfindən yatırılıb. Hərbçilərlə toqquşmada 16 nümayişçi həlak olmuşdu. Tbilisi hadisələri 1986-cı ilin dekabrında Almatı şəhərində baş vermiş olaylardan sonra zorla yatırılan ikinci antisovet çıxışı idi. Onun ardınca Bakı, Vilnüs, Riqa hadisələri baş verdi.

 

22 il əvvəl...

9 aprel 2000-ci ildə Bakıda türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi türkdilli ölkələrin dövlət başçılarının, UNESCO-nun Baş direktoru K.Matsuuranın iştirakı ilə qeyd olunub. Yubiley münasibətilə Respublika sarayında (indiki Heydər Əliyev Sarayı) təntənəli mərasim, “Gülüstan” sarayında rəsmi qəbul keçirilib.

Hazırladı: V.Orxan