Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin ən qanlı səhifələrindən biri Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən qırğındır.

8 aprel 1992-ci ildə Ermənistan silahlı dəstələri Ağdaban kəndinə hücum edərək kütləvi qırğın törədiblər. 130 evdən ibarət kənd yandırılıb, kəndin 32 sakini (o cümlədən 8 qoca, 2 uşaq, 9 qadın) qətlə yetirilib.

Ağdabanda törədilən qətliamla ermənilər Kəlbəcərin işğalı üçün planlar hazırlayırdılar. Düşmən planlı şəkildə hərəkət edirdi. Erməni silahlı birləşmələri Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə hücum edərək əhaliyə divan tutdular.

Həmin müdhiş gecə kəndin səkkiz sakini diri-diri odda yandırılmışdı. Kəndi oda verən düşmən ağdabanlı şair Qurbanın və onun oğlu Aşıq Şəmşirin əlyazmalarını da yandıraraq bütün külliyyatını məhv etmişdi.

44 günlük Vətən müharibəsində qazanılan qalibiyyət, ərazi bütövlüyümüzün bərpası, o cümlədən Kəlbəcər rayonunun işğaldan azad edilməsi Ağdaban soyqırımını törədən canilərin də üzərində tarixi zəfər oldu.

Ağdaban sakinlərinin intiqamı düşməndən alındı. Amma qan yaddaşı yaşayacaq...