Sumqayıt Dövlət Dram Teatrında Əməkdar artist, teatrın quruluşçu rejissoru Namis Şirməmmədovun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov yubilyarı təbrik edib, onun yaradıcılıq fəaliyyətindən danışıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Fərman Kazımov Namis Şirməmmədovun ümumşəhər tədbirlərinin ssenari müəllifi və quruluşçu rejissoru kimi uğurlu layihələrə imza atdığını bildirib, ona İcra Hakimiyyətinin fəxri fərmanını təqdim edib.

Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev də yubilyarın fəaliyyətindən söz açıb, rejissora regional idarənin fəxri fərmanını təqdim edib, xoş arzularını bildirib.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin sədri Şahin Şəfiyev və digər çıxış edənlər rejissora təbriklərini çatdırıblar.

Sonda teatrın direktoru Mübariz Həmidov tərəfindən Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı yubilyara təqdim olunub.