Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

193 il əvvəl...

13 aprel 1829-cu ildə Böyük Britaniyada katoliklərin emansipasiyası haqqında qanun Kral IV Georq tərəfindən təsdiqlənərək qüvvəyə minib. Xristianlığın katolik məzhəbinə aid olan vətəndaşlara dini etiqad azadlığı, dövlət vəzifələri tutmaq hüququ verilib.

 

174 il əvvəl...

14 aprel 1848-ci ildə Macarıstanda burjua inqilabı baş verib. Parlament Macarıstanın müstəqilliyi və alman mənşəli Qabsburqlar sülaləsinin taxtdan salınması barədə qərar qəbul edib.

 

157 il əvvəl...

14 aprel 1865-ci ildə ABŞ-da vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi) gedişində Prezident Avraam Linkolna sui-qəsd olub. Linkoln teatrda olarkən “cənublu”ların nümayəndəsi ona atəş açmışdı. Bir gün sonra o, aldığı yaralardan vəfat etdi. Prezident qətlə yetirilsə də, vətəndaş müharibəsi Şimalın xeyrinə başa çatdı.

 

110 il əvvəl...

14 aprel 1912-ci ildə dünyanın o zaman üçün ən böyük gəmisi olan “Titanik” çıxdığı ilk reys zamanı Atlantik okeanının şimalında nəhəng aysberqlə toqquşaraq batıb. Britaniyadan ABŞ-a hərəkət edən gəmidə (rəsmi qeydiyyata görə) 2200 nəfər vardı. Onlardan 1500 nəfəri xilas etmək mümkün olmadı.

 

105 il əvvəl...

15 aprel 1917-ci ildə Bakıda Qafqaz müsəlmanlarının qurultayı başlayıb. Qurultay Rusiyada çarizmin süqutundan (Fevral inqilabı) sonra azərbaycanlıların milli istiqlal məramının bəyan olunması yönündə ilk cəhd idi. Qurultayda Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Həmid Sultanov məruzələrlə çıxış ediblər. Qurultay Rusiya Müvəqqəti Hökumətinin tanınması, Rusiyanın demokratik və federativ əsasda yenidən qurulması, Qafqaz müsəlmanlarının muxtariyyətinin təmin olunması barədə qərar qəbul edib.

 

91 il əvvəl...

14 aprel 1931-ci ildə İspaniyadakı parlament seçkilərində respublikaçıların qələbəsindən sonra başlanan kütləvi iğtişaşlar nəticəsində Kral XIII Alfons ölkədən qaçıb, monarxiya devrilib. İspaniyada başlanan vətəndaş müharibəsi 1939-cu ilədək davam etdi.

 

81 il əvvəl...

13 aprel 1941-ci ildə SSRİ ilə Yaponiya arasında bir-birinə hücum etməmək barədə pakt imzalanıb. Xalxin-Qol yaxınlığındakı hərbi toqquşmadan (1939) sonra imzalanan saziş Almaniya ilə müharibənin labüdlüyünü dərk edən SSRİ üçün çox vacib idi. Bu saziş sayəsində SSRİ Almaniya ilə dörd il sürən müharibə zamanı Yaponiya sarıdan arxayın idi.

 

47 il əvvəl...

13 aprel 1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayıb. Paytaxt Beyrutdakı kilsələrdən birində müsəlman fələstinlilərlə xristian flanqistlər arasında meydana gələn qanlı toqquşma bir neçə il sürən müharibənin faktiki səbəbi oldu.

 

28 il əvvəl...

13 aprel 1994-cü ildə erməni terrorçuları Azərbaycana qarşı daha bir aksiya həyata keçiriblər. Moskva-Bakı sərnişin qatarının Dağıstan ərazisində partladılması nəticəsində 6 nəfər həlak olub.

Hazırladı: V.Orxan