2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsinin 20 yaşlı şəhidi Altay Mövlanov haqqında sizlərə söz açacağam. O, Füzuli istiqamətində gedən ağır döyüşdə şəhidlik zirvəsinə ucalıb. Vətən yolunda canını qurban etdiyinə görə onun bu ölümü ömrünün sonu olmur. Altay əbədiyyət adlı dünyasına qovuşmaqla özünə ürəklərdə yurd-yuva qurur.

Altay Tahir oğlu Mövlanov 5 avqust 2000-ci ildə dağlar diyarı Lerik şəhərində dünyaya gəlmişdi. Vətən, torpaq sevgisi ilə boya-başa çatır, Altay 2018-ci ildə əsgəri xidmətə yollanır. Ön cəbhədə xidmət edir və bunu özünə şərəf bilir. Həm də səmimiliyi, mərdliyi Altaya əsgər və zabitlərin hörmətini qazandırır. O, hərbi təlimlərdə fərqlənir, eyni zamanda nümunəvi xidməti ilə əsgər yoldaşlarında Vətənə, torpağa məhəbbət hissi yaradır.

Altay əsgərliyi başa vurub doğma Lerikə qayıdır. Lakin Vətən təəssüblü gənc bir aydan sonra düşməndən qisas almaqdan ötrü yenidən hərbiyə yazılır. 2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ müharibəsi, Vətən savaşı başlanır. Müharibə ölüm-itim olsa da, Altay bunu sevinclə qarşılayır. Ona görə ki, Vətən torpağını azad etmək, yağı düşməndən intiqam almaq zamanı çatmışdı. Əldə silah ilk gündən odun-alovun içinə atılır. Vətəni öz qanı bahasına yaşadan qeyrətli oğullardan biri kimi qorxmadan, çəkinmədən düşmən üzərinə yeriyir.

Hər qarış Vətən torpağı uğrunda canından-qanından keçməyə hazır olan Altay Füzuli istiqamətində rəşadətlə, mətanətlə döyüşür və erməni dığalarının texnikasını sıradan çıxarır, canlı qüvvəsini məhv edir. Oktyabrın 18-də isə Vətən yaşasın deyə sinəsini gülləyə sipər edir, qəhrəman döyüşçü əbədiyyətə qovuşur.

Vətən, torpaq uğrunda şəhid olanların ömrü əbədidir. Qərinələr keçəcək, yeni nəsillər tərəfindən Altay Vətənini özündən artıq sevən igid, mərd döyüşçü, layiqli vətəndaş kimi hər an ehtiramla xatırlanacaq. Dövlət başçısı tərəfindən layiq görüldüyü “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları onun keçdiyi şərəfli yola nümunə olacaq. Ruhu şad olsun.

Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü