Xəbər verdiyimiz kimi, tanınmış diplomat, ictimai xadim, Azərbaycan mühacirəti tarixinin araşdırıcısı Ramiz Abutalıbovun gürcü tarixçi Georgi Mamulya ilə birgə hazırladığı “Məşəli qoruyub saxlamaq” adlı kitab Parisdə fransız dilində işıq üzü görüb. Fransadakı səfirliyimizin dəstəyi ilə “Maisonneuve et larose” nəşriyyat evi tərəfindən çap olunan kitab 1920-1940-cı illərdə Azərbaycan mühacirətinin siyasi tarixindən bəhs edir.

Azərbaycanın Fransadakı Səfirliyində “Məşəli qoruyub saxlamaq” kitabının təqdimatı keçirilib. Tədbirdə Fransada akkreditə olmuş diplomatlar, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Səfir Rəhman Mustafayev çıxış edərək kitab haqqında məlumat verib, 2022-ci ilin yanvarında vəfat etmiş Ramiz Abutalıbovun xatirəsini ehtiramla yad edib. Diqqətə çatdırıb ki, kitab indiyədək Heydər Əliyev Fondu tərəfindən Azərbaycan, rus və türk dillərində nəşr edilib. Bildirib ki, R.Abutalıbov bu kitabda Azərbaycan mühacirətinin siyasi tarixini ətraflı təqdim edib. Cümhuriyyətin süqutundan sonra xaricdə yaşayan azərbaycanlı mühacirlər daim ölkənin müstəqilliyinin bərpası haqqında düşünmüş və bu istiqamətdə mübarizə aparmışlar.

Tarix elmləri doktoru Georgi Mamulya Ramiz Abutalıbovun xatirəsinə ehtiramını bildirərək kitabın ideyasının məhz ona aid olduğunu deyib. Qeyd edib ki, kitab müxtəlif ölkələrdəki arxiv məlumatları əsasında hazırlanıb. Onların arasında Əlimərdan bəy Topçubaşovun arxivi ən zənginidir. Kitabda mühacirətdə olan Azərbaycan siyasi partiya və təşkilatları rəhbərlərinin 1920-1940-cı illərdə Azərbaycanın və Qafqazın müstəqilliyinin bərpasına maraq göstərmiş Avropa dövlətlərinin rəsmi və qeyri-rəsmi nümayəndələri ilə münasibətləri dərindən təhlil edilib. İndiyə qədər istifadə olunmamış nadir arxiv sənədlərinə əsaslanan kitab bu illər ərzində Azərbaycanın siyasi mühacirət tarixinin ətraflı mənzərəsini təqdim edir.

Tədbir fransız və azərbaycanlı musiqiçilərin Ramiz Abutalıbovun xatirəsinə ithaf edilmiş konsert proqramı ilə davam edib. Proqramda Jehiel Kimfumu (piano), Ağarəhim Quliyev (fleyta), Misaki Baba (piano) Azərbaycan və Avropa bəstəkarlarının musiqilərini səsləndiriblər. Səddam Dağlı (klarnet və balaban), Nüşüt Kutas (nağara) və Haydar Barin (balaban və dəmkeş) Azərbaycan xalq musiqilərini ifa ediblər.