Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi aprelin 12-də “Yeni tikilən və ya yenidən qurulan muzey binalarının  ekspozisiya və fondlarında muzey əşyalarının  mühafizə problemləri” mövzusunda onlayn sərgi-seminar keçirib.

“Zoom” platforması üzərindən təşkil edilən seminarda Şəmkir, Saatlı, Masallı, Beyləqan tarix-diyarşünaslıq muzeylərinin, Elmi Bərpa Mərkəzinin əməkdaşları ilə yanaşı, bu istiqamətin gələcək mütəxəssisləri kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Muzeyşünaslıq fakültəsinin IV kurs tələbələri  iştirak ediblər.

Mərkəzin baş mühafizi İranə İbrahimova mövzu ilə bağlı çıxış edərək yeni tikilən və ya yenidən qurulan muzeylərə muzey əşyalarının təxliyəsi, yerləşdirilmə, mühafizə və nümayiş şərtləri, habelə bu zaman qarşıya çıxan problemlər haqqında məlumat verib, mümkün həll yolları ilə bağlı tövsiyələrini bildirib.

Tarix-diyarşünaslıq muzeylərinin rəhbərləri yenidən qurulan və ya yeni tikilən binalarında eksponatların mühafizə qaydalarından, bu yolda qarşılaşdıqları problemlərdən və onların həllindən bəhs ediblər. Muzey rəhbərləri Elmi Bərpa Mərkəzinin fəaliyyətindən də bəhs edərək eksponatlara ikinci həyat bəxş etdikləri üçün bərpaçılara təşəkkürlərini bildiriblər.

Mərkəzin kimyaçı-mühəndisi Pərvin Sadıqova və bioloq-mühəndisi Arifə Fərhadova iştirakçıları maraqlandıran sualları cavablandıraraq öz tövsiyələrini veriblər.

Mərkəzin əməkdaşı Firuzə Mahmudova müxtəlif muzeylərin fonduna məxsus  əşyaların bərpası ilə bağlı təqdimat edib.

Sonda mərkəzdə bərpa edilən eksponatların fotolarından ibarət sərgi nümayiş olunub.