Aprelin 13-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış teatr və kino aktyoru, Xalq artisti Məbud Məhərrəmovun 65 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq yubilyara təbriklərini çatdırıb, onun yaradıcılıq yolu haqqında məlumat verib.

Muzeyin əməkdaşı Suğra Niftullayeva aktyorun sənət fəaliyyətindən ətraflı danışıb.

Tədbirdə iştirak edən qonaqlardan Xalq artistləri Ramiz Həsənoğlu, Hacı İsmayılov, Xalq rəssamı Arif Hüseynov, rejissor Oleq Səfərəliyev, Əməkdar artist Həcər Ağayeva və başqaları yubilyarı ad günü münasibətilə təbrik edib, öz ürək sözlərini bölüşüblər. Təbriklərə aktyorun ailə üzvləri və dostları da qoşulub.

Tədbir çərçivəsində muzey əməkdaşlarının Məbud Məhərrəmovun həyat və yaradıcılığı ilə bağlı hazırladıqları videoçarx nümayiş olunub. Aktyorun oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər izlənilib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – Xalq artisti Gülyaz Məmmədova “Nə gözəldir”, “Dilkəş” təsnifi, Fatimə Cəfərzadə və Prezident təqaüdçüsü Atəş Qarayev “Arşın mal alan” operettasından ariyaları ifa ediblər.

Bunlardan əlavə, tədbir yubilyar üçün xoş sürprizlə yadda qalıb. Məbud Məhərrəmovun V.Şekspirin “Kral Lir” tamaşasında yaratdığı Təlxək obrazında Xalq rəssamı Arif Hüseynov tərəfindən çəkilmiş portretinin təqdimatı olub. Əsər Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin kolleksiyasına daxil edilib.