Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Görüşdə Günay Əfəndiyeva rəhbəri olduğu qurumun qurucu üzv ölkəsi kimi Qazaxıstanla mədəni əlaqələrin daha çox inkişaf edəcəyinə inandığını bildirib.

Fondun büdcəsinin təsdiqlənməsi və təşkilatın katibliyinin beynəlxalq səviyyədə formalaşması ilə Türk dünyasının zəngin mədəniyyətinin, tarixinin geniş araşdırılması və tanıdılması yönündə layihələrin daha geniş miqyasda həyata keçiriləcəyi diqqətə çatdırılıb.

Səfir Serjan Abdıkarimov türk xalqları arasında birliyin güclənməsi, mədəni bağların dərinləşməsi istiqamətində fondun fəaliyyətini təqdir edib. Səfir Qazaxıstanın və bütövlükdə Türk dünyasının dahi şəxsiyyətlərinin yubileylərinin qeyd olunması, mədəni dəyərlərin təbliği yönündə fond ilə tərəfdaşlıq münasibətlərinə önəm verdiyini vurğulayıb.

Görüşdə 2022-ci il üzrə planlarla bağlı fikir mübadiləsi aparılıb.