Mədəniyyət naziri Anar Kərimov Naxçıvan Muxtar Respublikasına səfər edib

 

Bu diyarın hansı səmtinə üz tutsaq, orada bir tarix var. Burada bizim kimliyimizi təsdiq edən çoxəsrlik nümunələr var. Bu faktlar Azərbaycanın necə qədim tarixə malik olduğunu bir daha göstərir. Bu abidələri, bu nümunələri qorumalıyıq, təbliğ etməliyik, dünyaya tanıtmalıyıq ki, bütün dünya bilsin, burada bizim ulularımızın ayaq izləri var.

Mədəniyyət naziri Anar Kərimov bu sözləri Naxçıvan Muxtar Respublikasına səfəri zamanı jurnalistlərə müsahibəsində deyib.

Nazir vurğulayıb ki,  Naxçıvan Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verən, tarixi-mədəni irsinin zənginliyi ilə seçilən bölgəmizdir.

Səfər barədə danışan Anar Kərimov qeyd edib ki, məqsədimiz bu diyarın tarixi-mədəni irsini, zəngin adət-ənənələrini təbliğ etmək, beynəlxalq aləmə çatdırmaqdan ibarətdir. Nazir diqqətə çatdırıb ki, bu işin təməli 2018-ci ildə “Yallı” (“Köçəri”, “Tənzərə”): Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiya faylının UNESCO-nun siyahısına daxil edilməsi ilə qoyulub: “Beləliklə, bu rəqslər dünyaya bəşəri bir irs kimi tanıdıldı. Hesab edirik ki, bu, bir başlanğıcdır. Çünki Naxçıvanın o qədər zəngin mədəniyyəti var ki, doğrudan da, bu diyarın bütün dünyada tanıdılması zəruridir. Məqsədimiz bu irsi həm ölkə daxilində inkişaf etdirib yeni nəsillərə ötürmək, həm də dünyaya çatdırmaqdır. Bu istiqamətdə daha böyük işlər görməyi planlaşdırırıq. Elə bu səfər zamanı da həmin layihələri müzakirə etdik...”.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimovun Naxçıvan Muxtar Respublikasına səfəri aprelin 25-də başlayıb.

Nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüb.

Sonra Heydər Əliyev Muzeyinə ziyarət təşkil olunub. Muzeydə ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif dövrünə, o cümlədən Naxçıvanda keçən uşaqlıq və gənclik illərinə həsr olunmuş zəngin stendlər var.

Həmin gün Anar Kərimovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşü olub. Görüşdə Azərbaycanın tarixi, mədəniyyəti üçün əhəmiyyətli olan tədbirlərin həyata keçirilməsi, əməkdaşlığın möhkəmləndirilməsi, birgə layihələrin reallaşdırılması imkanı müzakirə olunub. Həmçinin Naxçıvanın dahi şəxsiyyətləri, zəngin mədəni irsi və tarixi abidələrindən söhbət açılıb.

Görüşün sonunda Anar Kərimov “Yallı” (“Köçəri”, “Tənzərə”): Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun siyahısına salınmasını təsdiqləyən sertifikatı Vasif Talıbova təqdim edib.

Nazir Anar Kərimov və nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələrinə baş çəkib.

Naxçıvan Dövlət Xalça Muzeyi ilə tanışlıq zamanı bildirilib ki, muzeyin  daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri,  mis və saxsı qablar nümayiş etdirilir. Muzeydə nümayiş etdirilən nümunələr üçün müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Naxçıvan Dövlət Xalça Muzeyində xalçaçılıqla bağlı müxtəlif tədbirlər, kitab təqdimatları, elmi konfranslar gerçəkləşir.

“Xan  Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksi ziyarətçilərdə Naxçıvanın zəngin tarixinin bir çox səhifələri haqqında dolğun təsəvvür yaradır. Bildirilib ki, memarlıq kompleksi bölgəyə xarici ölkələrdən gələn turistlər tərəfindən də böyük həvəslə ziyarət olunur.

Anar Kərimov “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə də tanış olub. Kompleksdə yaradılmış arxeoloji-etnoqrafik sərgidə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis qab və alətlər, qəbirüstü abidələr, silahlar nümayiş olunur.

Ziyarət zamanı “Şərur” Xalq Yallı Ansamblının ifasında “Köçəri” və “Tənzərə” rəqsləri  alqışlarla qarşılanıb.

Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Naxçıvan şəhər Uşaq musiqi və incəsənət məktəbində olub. Qeyd olunub ki, məktəbdə şagirdlərdən ibarət müxtəlif ansambllar fəaliyyət göstərir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikadakı uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən müsabiqələrdə uğurla iştirak edir.

Səfər çərçivəsində Naxçıvanın nadir memarlıq abidələrindən olan Yusif Küseyir oğlu türbəsi də ziyarət olunub. Türbə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Qeyd olunub ki, bu, ölkəmizdə qülləvarı türbələr içərisində üst piramida örtüyü olduğu kimi bu günə qədər qalan yeganə abidədir.

Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Yallı” (“Köçəri”, “Tənzərə”): Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun siyahısına daxil edildiyini təsdiqləyən sertifikatın təqdimatı da keçirilib.

Əvvəlcə “Şərur” Xalq Yallı Ansamblının ifasında “Köçəri” və “Tənzərə” yallıları ifa olunub.

Muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova Naxçıvanda yallı sənətinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər, muxtar respublika Ali Məclisi sədrinin bu sahəyə diqqət və qayğısı barədə danışıb. Bildirib ki, yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan – Şərur el yallıları” kitabı nəşr olunub. Gəmiqaya abidələrində həkk olunan kütləvi rəqs elementləri Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğundan xəbər verir. Muxtar respublikada yallı qrupları, xüsusilə də “Şərur” Xalq Yallı Ansamblı bu irsi yaşadır və təbliğ edir. Şərur yallılarının 90-dan çox növü var. Onların da 40-a yaxını ansamblın repertuarına daxil edilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov çıxışında qeyd edib ki, 2018-ci il 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının Port Luis şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı” (“Köçəri”, “Tənzərə”): Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili qorunma siyahısına daxil edilib. Bununla da Şərur yallılarının beynəlxalq müstəvidə tanıdılması və təbliğinə şərait yaranıb.

Bildirilib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında mədəniyyətimizin inkişafı və təbliğinə xüsusi diqqət yetirilir, bu sahədə ardıcıl tədbirlər görülür. Qeyd olunub ki, Şərur yallıları xalqımızın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri və ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə inkişaf edib. Anar Kərimov Bakıda keçiriləcək folklor festivallarında Naxçıvan folklorunun da təbliğ olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu həm Bakı sakinlərinə Naxçıvanın zəngin mədəniyyətini tanıdacaq, həm də Naxçıvan folklor qrupları üçün stimul olacaq.

Çıxışının sonunda Anar Kərimov “Yallı” (“Köçəri”, “Tənzərə”): Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun siyahısında yer aldığını təsdiqləyən sertifikatı muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimovaya təqdim edib.

***

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi heyət muxtar respublikaya səfər çərçivəsində  aprelin 26-da Ordubad rayonunda olub. Ordubad Cümə məscidi ilə tanışlıq zamanı burada aparılan bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, məscidin memarlığı XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə əks etdirir.

Anar Kərimov Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkib. Məlumat verilib ki, 1982-ci ildə yaradılan muzey 1990-cı ildən XVII əsrə aid tarixi-memarlıq abidəsi olan “Qeysəriyyə” binasında fəaliyyətini davam etdirir. 2011-ci ildə “Qeysəriyyə” binası əsaslı şəkildə bərpa olunub. 150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4 mindən artıq  eksponat mühafizə və nümayiş olunur.

Nazirliyin heyəti daha sonra Azərbaycan elminin görkəmli nümayəndələrindən biri, dünya şöhrətli kimyaçı alim, akademik Yusuf Məmmədəliyevin Ordubaddakı  ev-muzeyini ziyarət edib. Bildirilib ki, muzey 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Ziyarət zamanı Yusuf Məmmədəliyevin qızı – mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva akademikin uşaqlıq, tələbəlik illəri, həyat və yaradıcılığı, elmi araşdırmaları barədə məlumat verib.

Anar Kərimov və nazirliyin heyəti Ordubadın əsas məscidlərindən olan Sərşəhər məscidinə də baş çəkib. Naxçıvanın incilərindən sayılan XVII əsrin yadigarı Sərşəhər çeşməsi və Xan kəhrizi də ziyarət olunub.

Naxçıvana səfər “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi (Culfa rayonu) və Azərbaycan Orta əsr memarlığının ən qiymətli yadigarlarından olan Qarabağlar Türbə Kompleksinə (Kəngərli rayonu) ziyarətlə yekunlaşıb.