Daşkənddəki “Didor” teatr studiyası tərəfindən Üzeyir Hacıbəylinin dünyaca məşhur “Arşın mal alan” musiqili komediyası yeni quruluşda tamaşaya qoyulub.

Tamaşanın quruluşçu rejissoru Özbəkistanın Xalq artisti Bahadur Yuldaşev, bədii rəhbəri Babur Yuldaşevdir. Səhnə əsərinin musiqi tərtibatını isə Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayev verib. Rolları Ulmaz Urayev, İroda Kasimova, Adiz Racabov, Nazokat Narziyeva, Yulduz Racabova, Maxliye Askaraliyeva və başqaları ifa ediblər.

“Arşın mal alan”ın yeni quruluşda təqdimatında Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Xatırladırıq ki, “Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə – Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.

1921-ci ildə əsərə Buxarada səhnə həyatı verilib. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar “Arşın mal alan”ı təqdim ediblər. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim olunub.

Üzeyir Hacıbəylinin ölməz əsəri Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür. Bir neçə il əvvəl Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində də tamaşaya qoymuşdu.