Aprelin 26-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attarın “Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabının təqdimatı keçirilib.

Kitab münaqişənin yaranma səbəblərinin geosiyasi kontekstdə araşdırılması ilə yanaşı, Qarabağ Zəfərinə aparan yolu, qardaş Türkiyənin Azərbaycana böyük siyasi və mənəvi dəstəyini, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun müharibədə qazandığı tarixi Qələbəni xronoloji ardıcıllıqla əks etdirir.

Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz və başqa çıxış edənlər professor Aygün Attarın elmi-pedaqoji və ictimai fəaliyyəti, kitabın məziyyətləri barədə söz açıblar.

Müəllif Aygün Attar belə bir görüşün təşkil olunmasına görə kitabxana rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap olunan kitabın türk dilindən tərcümə müəllifləri Nəriman Əbdülrəhmanlı, Kəmalə Ələkbərova, Rəbiqə Zeynalova, redaktoru Etimad Başkeçiddir.