Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Rumıniya Parlamentinin bir qrup deputatı və Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ilə görüşüb.

Fondun fəaliyyəti barədə məlumat verən G.Əfəndiyeva türk xalqlarının maddi-mədəni dəyərlərinin beynəlxalq aləmdə təbliği məqsədilə dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri tədbirlərdən, tarixi irs və mədəniyyətlə bağlı yayımladıqları nəşrlərin əhəmiyyətindən bəhs edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bir sıra Avropa ölkələri ilə də mədəni əlaqələrini genişləndirdiyini vurğulayan G.Əfəndiyeva ötən il Litva Respublikası ilə təşkilat arasında türk kökənli tatar və karaimlərin mədəni irsinin qorunması və təbliği ilə bağlı əməkdaşlıq memorandumunun imzalandığını deyib. O, ötən ilin sonunda Polşaya səfəri zamanı ölkənin baş müftisi, eləcə də orada yaşayan tatar icmasının nümayəndələri ilə görüşdüyünü qeyd edərək həmçinin Rumıniyada yaşayan tatarların mədəniyyətinin, tarixi irsinin də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün əhəmiyyət kəsb etdiyini qeyd edib.

Rumıniya Parlamentinin tatar kökənli deputatı Varol Amet Azərbaycana işgüzar səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etməkdən, bu təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaqdan məmnunluq duyduğunu deyib. O, Rumıniyada təmsil etdiyi tatarların etnik və mədəni hüquqlarından danışaraq ölkənin bir sıra orta məktəblərində tatar dilinin tədris edildiyini, onların dini və mədəni bayramlarının ölkə səviyyəsində qeyd olunduğunu vurğulayıb.

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare də Fondun fəaliyyətini yüksək qiymətləndirib. Səfir bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun tatarlarla bağlı birgə mədəni layihələrinin reallaşması üçün Rumıniya tərəfi lazımi dəstəyi göstərəcək.