Görkəmli şair, mütəfəkkir, həkim, naşir, pedaqoq Əli bəy Hüseynzadənin (1864-1940) Azərbaycan İstiqlal Muzeyində qorunan irsinin əks olunduğu kitab-albom çapdan çıxıb. Nəşr Milli İrsi Mədəni-Tarixi Araşdırmalar Fondu (MİMTAF)və Azərbaycan İstiqlal Muzeyinin birgə layihəsi əsasında ərsəyə gəlib.

Aprelin 28-də İstiqlal Muzeyində kitab-albomun təqdimatı keçirilib. Tədbirdə dövlət rəsmiləri, ədəbiyyat, mədəniyyət və media nümayəndələri iştirak ediblər.

İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli bildirib ki, kitab-albom görkəmli şair və mütəfəkkir Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turanın (1919-2020) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi vasitəsilə İstiqlal Muzeyinə hədiyyə etdiyi, atasına, qardaşına və özünə məxsus 161 ədəd maddi mədəniyyət nümunəsindən ibarət kolleksiyanı əhatə edir.

MİMTAF-nin icraçı direktoru Pərviz Əmirov çıxış edərək bildirib ki, Əli bəyin bu kitab-albomda bizlərə təqdim olunan şəxsi əşyalarına baxarkən bir daha o böyük mütəfəkkirin nə qədər kübar, alicənab və milli mənsubiyyətinə yüksək dəyər verən şəxsiyyət olduğunu görürük. Bu nəfis kitab-albom Əli bəyin həyat və fəaliyyətini araşdıranlar üçün faydalı mənbələrdən olacaq.

“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus kitab-albomu dərginin 15 illiyinə layiqli töhfə kimi səciyyələndirib.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç Türkiyə-Azərbaycan ortaq tarixində Əli bəyin xidmətlərini diqqətə çatdırıb, eyni zamanda Ə.Hüseynzadənin fikirlərinin hər zaman aktual olduğunu deyib.

Tarix elmləri doktoru, professor Solmaz Tohidi Əli bəyin düşüncə tariximizdəki roluna diqqət çəkib, onun irsinə sadiqliyin vacibliyini vurğulayaraq yeni nəşrin əhəmiyyətini yüksək qiymətləndirib.

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə də Ə.Hüseynzadə ideyalarının yaşadılmasını milli şüurun müasir nəslə aşılanması baxımından vacib hesab edib.

Digər çıxışlarda da Əli bəyin zəngin irsinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından kitab-albomun Azərbaycan mədəniyyətinə və elminə gözəl töhfə olduğu bildirilib.