Gürcüstanın paytaxtı Tbilisidə böyük Azərbaycan şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunan “Ölməz qələm cəngavəri” adlı tədbir keçirilib.

Xatirə gecəsi Tbilisi Şəhər Şurasında (Sakrebulo) təşkil olunub. Şəhər meriyasının dəstəyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin iştirakı ilə reallaşan tədbirdə əvvəlcə gürcü kişi xoru Gürcüstanın və Azərbaycanın Dövlət himnlərini ifa ediblər. Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva qonaqları salamlayıb, tədbirin təşkilinə görə Tbilisi Şəhər Şurasına təşəkkürünü bildirib.

Şəhər şurasının üzvü Nino Ruxadze çıxış edərək Əhməd Cavadın Gürcüstanla sıx əlaqələrindən danışıb. O, azərbaycanlı şairin Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini orijinaldan Azərbaycan dilinə tərcümə etdiyini xatırladıb. Sakrebulonun sədri Giorgi Tkemaladze çıxış edərək azərbaycanlı şairin yaradıcılığına nəzər salıb, onun xatirəsinə həsr olunan tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib.

Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov Azərbaycan ilə Gürcüstan arasındakı mədəni əlaqələrdən söz açıb.

Sakrebulonun Təhsil və mədəniyyət komissiyasının rəhbəri, yazıçı İrakli Şamatava Ə.Cavadın yaradıcılığı və fəaliyyəti barədə danışıb. Bildirib ki, şair Acarıstanda da yaşayıb və gürcülərin yaxşı dost olduğunu yazıb. İ.Şamatava həmçinin bildirib ki, gələn il Gürcüstan və Azərbaycan ədəbiyyatına həsr olunan ikidilli antologiyanın nəşri nəzərdə tutulub.

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) nümayəndəsi, Qafqazşünaslıq Elmi-Tədris İnstitutunun rəhbəri Merab Çuxua çıxışında Gürcüstanda Azərbaycan ədəbiyyatının tədrisindən söz açıb. Bildirib ki, Ə.Cavadın əsərlərinin də proqrama daxil edilməsi nəzərdə tutulub.

Tədbirin bədii hissəsində aşıq Nargilə Mehtiyeva rəhbərlik etdiyi “Meydan” aşıqlar qrupu ilə birgə Əhməd Cavadın sözlərinə yazılmış “Gəncədən gəlirəm” mahnısını ifa edib.

Azərbaycanlı uşaqlar şairin “Gürcüstan” şeirini söyləyiblər.