“Young Lions Azerbaijan – 2022” müsabiqəsinin qalibləri elan edildi

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Young Lions Azerbaijan – 2022”  müsabiqəsi başa çatıb. Mayın 7-də Nizami Kino Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi gerçəkləşdi.

Mükafatlandırmadan əvvəl “TEDx” formatında yerli və xarici spikerlər çıxış etdilər.

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov qeyd etdi ki, yaradıcılığın dəstəklənməsi Mədəniyyət Nazirliyinin başlıca məqsədlərindən biridir: “Bildiyiniz kimi, bu il ölkəmizdə “Şuşa İli”dir. Şuşa həm də mədəniyyət paytaxtımızdır. Buna görə də iştirakçı komandalara mədəniyyətlə əlaqəli mövzular seçdik...”.

Müsabiqənin “Çap” kateqoriyası üzrə mövzusu – “Mədəniyyət naminə sülh” barədə söz açan şöbə müdiri bunun böyük konsepsiyaya malik bir anlayış olduğunu bildirdi. Diqqətə çatdırdı ki, ötən il Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” qlobal çağırışı bir sıra beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib. Bu günlərdə Nyu-Yorkda, BMT-nin qərargahında təşkilatın Sivilizasiyalar Alyansının ali nümayəndəsi və Azərbaycanın mədəniyyət naziri tərəfindən “Mədəniyyət naminə sülh” qlobal çağırışının mütəşəkkil fəaliyyət planı imzalanıb.

Şöbə müdiri “Videoçarx” (Film) kateqoriyası üçün seçilən “İnsanların mədəniyyət müəssisələrinə mütəmadi ziyarətinin təşviq edilməsi”  mövzusunun da aktuallığından bəhs etdi. Bildirdi ki, mədəniyyət müəssisələrinin potensialı böyük olsa da, insanların həmin məkanlara cəlb olunması üçün təşviqata ehtiyac duyulur.

Mərasimdə çıxış edən Azərbaycan Yaradıcı Sənayelər Federasiyası İdarə heyətinin sədri Vasif Eyvazzadə bildirdi ki, bu gün burada duyğuların, gözlərin və zəkanın sərhədsiz bir atmosferinə toplaşmışıq. Sizlər hamının gördüyü, lakin tam dərk edə bilmədiyi bir dünyanı təqdim edirsiniz.

Kateqoriyalardakı mövzulara toxunan V.Eyvazzadə vurğuladı ki, sülh insan yaradıcılığına, mədəniyyətin qorunması və inkişafına töhfə verən vacib bir anlayışdır. O, çıxışının sonunda müsabiqə iştirakçılarını təbrik edərək, onlara uğurlar arzuladı.

Çıxışlardan sonra qaliblərin adları açıqlandı.

“Çap” kateqoriyası üzrə Xəyal Mahmudlu və Xədicə Məmmədli I, Ramin Zaidov və Camal Kamallədin II, Şahin Əliyev və Gültəkin Muradova III yerləri qazandılar.

“Videoçarx” kateqoriyası üzrə Namiq Bayramov və Nicat Məmmədzadə I, Ayxan Xəlilov və Maral Mustafayeva II, Səbinə Rüstəmli və Bəhruz Qurbanlı isə III yerlərə layiq görüldülər.

Qaliblər medallar və sertifikatlarla təltif edildilər. Hər kateqoriya üzrə I yeri tutan komandalar Fransanın Kann şəhərində baş tutacaq “Young Lions Competitions – 2022” (“Gənc aslanların müsabiqəsi”) finalında iştirak etmək hüququ qazandılar.

Xatırladaq ki, müsabiqədə iki kateqoriya üzrə ümumilikdə 103 komanda (“Çap” – 73, “Videoçarx” – 30) iştirak edib. 30 yaşadək yaradıcı şəxslərin qatıldığı müsabiqədə qeydiyyatdan keçən iştirakçılara müsabiqə təşkilatçıları tərəfindən 16 aprel tarixində təlimatlar göndərilib, “Çap” kateqoriyası üçün 24 saat, “Videoçarx” üçün isə 72 saat ərzində yaradıcı məhsul hazırlamaları tələb olunub. İştirakçıların işləri beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndirilib.

Reklam istehsalçılarının ən nüfuzlu beynəlxalq festivalı hesab olunan “Cannes Lions” (“Kann aslanları”) 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində keçirilir. Bu festivalın gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” (“Gənc aslanlar”) adlı müsabiqəsi isə 1995-ci ildən təşkil olunur. Ölkəmizdə “Young Lions” müsabiqəsi ikinci dəfədir gerçəkləşir.

Nurəddin