“Mənim Azərbaycanım” – xeyriyyə konserti

 

Mayın 9-da Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçirildi. “Mənim Azərbaycanım” adlı konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə reallaşdı.

Konsertdən əvvəl mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək dedi ki, ölkəmiz tarixinin mahiyyət etibarilə yeni bir dövrünü yaşayır. Bu tarix çox şərəfli, qürurverici mərhələdir: “Əsas mahiyyət ərazi bütövlüyümüzün bərpasıdır. Əslində, ərazi bütövlüyümüzlə yanaşı, biz şərəfimizi də bərpa etmişik. Bu Qələbə ilə öz mədəniyyətimizi də bütövləşdirmişik. Çünki bu torpaqlarda əcdadlarımız hər zaman zəfər çalıb, bayraq ucaldıb, dövlət yaradıblar. Mədəniyyətimizdə vətən, ordu, əsgər, ləyaqət anlayışı hər zaman xüsusi mövqedə dayanıb. Ali Baş Komandanın rəhbərliyi, müzəffər Ordumuzun şücaəti ilə bu anlayış və dəyərləri mədəniyyətimizin bir hissəsinə çevirə bildik. Mədəniyyət Nazirliyi olaraq əsas məqsədimiz mədəniyyətin davamlılığını təmin etməkdir. Millətin kimliyi onun mədəniyyəti ilə ölçülür: musiqisi, muğamı, rəqsi ilə. Biz gələcəyə özümüz olaraq qədəm qoymaq istəyiriksə, mədəniyyətimizə, tariximizə sahib çıxmalıyıq”.

Elnur Əliyev konserti izləməyə gəlmiş bizə böyük Qələbəni yaşadan qazilərə ayrıca təşəkkür etdi: “Onilliklərlə yaddaşımızı silmək cəhdlərinə, tariximizin yanlış yozulmasına baxmayaraq, biz dar məqamda birləşməyi bacardıq və ordu olduq. Biz bu birliyi yaşatmalıyıq. Hər bir vətəndaş bu ölkənin təmsilçisi olmağı ilə fəxr etməlidir. Vətənimizin daşı olmağı bacarmalıyıq. Konsertdən əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək. Konsertə dəstək verən hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, “YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli fərmanına əsasən yaradılıb. Fondun məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək verilməsidir.

 

Qəhrəmanlıq, incəlik...

 

Konsert proqramı “Mənim Azərbaycanım” adlı kompozisiya ilə başladı. İlk çıxışdan rəqqaslarımız gurultulu alqışlarla qarşılandılar. Rəqslər bir-birini əvəz etdikcə, Azərbaycan igidlərinin qəhrəmanlığı və cürəti, qızlarımızın isə incəliyi və nəcibliyi nümayiş olunurdu.

Hər bir rəqs nömrəsi bir tarix, bir anlam, bir mesaj idi. Ansamblın üzvləri milli rəqslərimizin möhtəşəmliyini dəqiqliklə, yüksək peşəkarlıqla təqdim edirdilər. Rəqqaslar rəqslərin mahiyyətini, parlaq və geniş musiqi xarakteristikalarını, səmimiliyi və milli zəminə bağlığı elə məharətlə təqdim edirdilər ki, bu möhtəşəmlik qarşısında tamaşaçı öz gurultulu alqışını əsirgəmirdi. Qələbə ruhlu çıxışlar zalda ecazkar bir qürur ovqatı yaratmışdı. Rəqqaslar sanki uca dağların başında qıy vuran şahinlərə bənzəyirdilər. Milli geyimlərimizin bu anlamda ötürdüyü aura da bu həmahənglikdə öz sözünü deyirdi. Milli rəqslərimizin hərəsi bir tarixdir, bir nağıldır. Sarayın səhnəsindən bütün zala qəhrəmanlıq nağılı sədası yayılırdı.

Rəqqasələrin parlaq çıxışları isə sanki su sonalarının süzməsinə bənzəyirdi. Melodik, rəngarəng, temperamentli musiqisi ilə seçilən hər bir nömrə yüksək dərəcədə zövqlü palitrası ilə fərqlənirdi. Növbələşən rəqslərdə Azərbaycanın təbiət gözəllikləri tərənnüm olunur, sanki azad olunmuş torpaqların azad ruhu cövlan edirdi. Mədəniyyət paytaxtımız Şuşaya ərməğan edilən bu rəqslər sanasan 30 ildir boynu bükülü qalan xarıbülbülün cilvəli rəqsi idi. İncəbelli Azərbaycan qızları lirik əhval-ruhiyyəli rəqsləri ilə qəhrəman şəhid ruhlarına sığal çəkirdilər...

Məşhur xoreoqraf, Rusiyanın Xalq artisti Dikalu Muzakayevin bədii rəhbərliyi ilə ərsəyə gələn proqrama Azərbaycanın milli rəqsləri, eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış birpərdəli milli balet də daxil idi. Tamaşaçılar qəhrəmanlıq ruhunun əks olunduğu bu nümunəni də böyük maraqla qarşıladı.

 

“Bizim həyatımız rəqsdir”

 

Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə konsert sonrası təəssüratlarını qəzetimizlə bölüşdü. Dedi ki, azərbaycanlılar musiqini, rəqsi dərindən bilən xalqdır. Onu təəccübləndirmək çox çətindir: “Bu konsertdə isə bir daha əmin olduq ki, bizim mədəniyyətimiz, musiqimiz, rəqsimiz dünyada ən layiqli yerə malikdir. Bunu təsdiqləyən tamaşaçının alqışları idi. Bizim həyatımız rəqsdir. Pandemiya səbəbindən həyatımızın ritmi pozulmuşdu. Biz yenidən səhnəyə qayıtdıq və şahid olduq ki, rəqslərimiz sevilir. Bir rəqs nömrəsinin hazırlanması üçün aylarla əziyyət çəkirik. Bu proseslərdə zədələr də olur. Yalnız milli ruhda olan insanlar bu əziyyətə tab gətirib böyük bir millətin mədəniyyətini yaşadıb xalqa çatdıra bilər. Hər bölgəmizdə bu zənginlik var. Naxçıvanın Şərur bölgəsində 100-ə yaxın yallı növü var. Bu, böyük mədəniyyətə sahibliyin nümunəsidir. Bu xeyriyyə konserti Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşdı. Həm sevindirici, həm də məsuliyyətli təklif idi. Şükürlər olsun, bu işin öhdəsindən gəldik. Tamaşaçılar zalı tərk etmək istəmirdi və biz buna görə fəxr edirdik. Bədii rəhbər olaraq çox qürurverici idi ki, kollektivimiz bu dərəcədə alqışlarla qarşılandı”.

Gecədə təqdim olunan “Koroğlu” birpərdəli milli baleti haqqında da söz açan Rüfət Xəlilzadə dedi ki, Dövlət Rəqs Ansamblı Qafqazda bir ilkə imza atıb, analoqu olmayan xalq  rəqslərindən ibarət  milli balet tamaşası yaradıb: “Bu baletdə milli oyunlarımızdan, zorxanadan, ən qədim aşıq musiqisi, “Qoç Koroğlu”, “Koroğlu nağarası” musiqilərindən istifadə etmişik. “Misri”, qədim Naxçıvanın heç vaxt səhnədə olmayan yallı növü “Qaladan qalaya” yallısı da milli baletin bəzəyidir. Bu gün səhnədə gurultulu alqışlarla qarşılanan bu rəqsləri Əlibaba Abdullayev yaradıb. Necə ki, Üzeyir bəyin “Leyli və Məcnun”u yüz ildən çoxdur yaşayır, onun da sənəti beləcə yaşayacaq. Amma bir vaxtlar bu konsertdə ifa edilən rəqsləri “köhnədir” deyə səhnəyə çıxarmağa icazə vermirdilər... Kişilərimizin cəngavərliyi görünməlidir bu rəqslərdə. Yəqin ki, bu konsertdə bizim neçə növ milli papaqdan istifadə etdiyimizi gördünüz. Biz onların hamısını səhnəyə qaytarmışıq. Rəqs özü canlı tarixdir. Bizim milli rəqslər bir neçə mədəniyyət növünü bir araya gətirir. Folklor, adət-ənənə, milli geyim rəqsdə yaşayır. Arzum budur ki, biz bu zənginliyi dünya səviyyəsinə çıxarıb nümayiş etdirə bilək”.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” konsert proqramı ilk dəfə 2017-ci ildə sənətsevərlərə təqdim olunub. Həmin il kollektiv Moskva və İstanbul səhnələrində çıxış edib.

Lalə Azəri