Xəzər Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və digər qonaqlar iştirak ediblər.

Qonaqlar əvvəlcə ulu öndərin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər. Mədəniyyət sarayının foyesində sərgi ilə tanış olan tədbir iştirakçıları burada “Şuşa İli”nə həsr olunmuş guşəyə baxıb, muğam üçlüyünün ifasını dinləyiblər.

Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Bədii hissədə Xalq artisti Samir Cəfərov, tanınmış müğənnilər Pərviz Qasımov, Rüfət Axundov, Sadiq Məmmədov, “Şeron” və “Cahan” qrupları çıxış ediblər. “Azad” və “Lalələr” rəqs qruplarının ifasında “Cəngi”  və “Durnalar” rəqsləri alqışlarla qarşılanıb.