Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

217 il əvvəl...

14 may 1805-ci ildə Rusiya-İran müharibəsi (1804-1813) gedişində birinci Kürəkçay (indiki Goranboy rayonu ərazisi) müqaviləsi bağlanıb. Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilib. Çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanan müqavilədə xan ailəsinə varislik əsasında Qarabağda yerli hakimiyyət vəd edilmişdi. Lakin bir il sonra (1806) İbrahimxəlil xan ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirildi, Qarabağ xanlığı isə 1822-ci ilədək formal mövcud olduqdan sonra ləğv edildi.

 

210 il əvvəl...

16 may 1812-ci ildə Rusiya-Türkiyə (Osmanlı) müharibəsinin (1806-1812) yekunlarına dair Buxarest sülh müqaviləsi imzalanıb. Sülhün şərtlərinə əsasən, Bessarabiya (indiki Moldovanın bir hissəsi) Rusiyaya birləşdirilib, Türkiyə isə Valaxiya bölgəsini (Rumıniyanın bir hissəsi) əldə edərək Fransa ilə (Napoleon) ittifaqdan çıxdı. Sonuncu məqam Rusiyanın Fransa ilə müharibədə vəziyyətini qismən yaxşılaşdırdı. Sazişə əsasən, Osmanlı dövləti Cənubi Qafqazın Rusiya tərəfindən işğalı ilə razılaşdığını təsdiqlədi.

 

102 il əvvəl...

15 may 1920-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı respublikada dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib.

 

103 il əvvəl...

15 may 1919-cu ildə Birinci Dünya müharibəsində məğlub olmuş Türkiyəyə qarşı xarici təcavüz güclənib. Yunanıstan hərbi dəniz qüvvələri Türkiyənin İzmir şəhərini işğal edib. İzmirin işğalı 1922-ci ilin 9 sentyabrınadək davam etdi.

 

74 il əvvəl...

14 may 1948-ci ildə İsrail Dövləti yaranıb. BMT-nin 1947-ci ildə qəbul etdiyi 181 saylı qətnaməyə görə, Fələstin üzərində Britaniyanın protektoratlığı ləğv ediləndən sonra orada iki dövlət – yəhudi və ərəb dövlətləri yaranmalı idi. Lakin Britaniya qoşunları çıxan gün Ben Qurionun sədrliyi ilə Yəhudi Milli Şurası birtərəfli qaydada İsrail Dövlətinin yarandığını elan etdi. Mayın 15-də buna etiraz edən Misir, Transiordaniya (indiki İordaniya), Suriya və İraq İsrailə qarşı müharibəyə başladılar. Yaxın Şərqdə indiyədək sahmanlanmayan münaqişə belə alovlandı.

 

68 il əvvəl...

14 may 1954-cü ildə Haaqada (Niderland) keçirilən BMT konfransında “Hərbi konfliktlər zamanı mədəni abidələrin qorunması haqqında” beynəlxalq konvensiya imzalanıb.

 

67 il əvvəl...

15 may 1955-ci ildə İkinci Dünya müharibəsindən sonra Avstriyanın (müharibədə Almaniyanın tərəfdaşı olmuşdu) üzərinə qoyulmuş beynəlxalq hərbi-siyasi nəzarət götürülüb. SSRİ, ABŞ, Britaniya və Fransanın imzaladığı müqaviləyə əsasən, Avstriya müstəqil neytral dövlət elan olunub. Razılaşmaya əsasən, müttəfiqlərin qoşunları Avstriyanı tərk etdi və Avstriya BMT-yə qəbul edildi.

 

34 il əvvəl...

14 may 1988-ci ildə Əfqanıstandakı sovet hərbi kontingentinin çıxarılması başlanıb. SSRİ qoşunlarının 10 illik müdaxiləsi dövründə Əfqanıstanda gedən vətəndaş müharibəsində təxminən 500 min əfqan həlak olmuşdu. SSRİ kontingentinin itkisi, rəsmi statistikaya görə, 15 min nəfər göstərilirdi. Sovet qoşunlarının çıxarılması 1989-cu ilin əvvəlində başa çatdı.

 

30 il əvvəl...

14-15 may 1992-ci ildə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verib. 6 mart tarixində  Ali Sovetdə istefası qəbul olunmuş Ayaz Mütəllibov mayın 14-də parlamentin qərarı ilə prezident postuna qaytarılıb. Xocalı hadisələrini araşdıran deputat komissiyası A.Mütəllibovun günahkar olmadığını elan edəndən sonra parlament bu qərarı qəbul etmişdi. Ertəsi gün Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ keçirdi. A.Mütəllibov Bakını tərk edərək Moskvaya getdi.

 

25 il əvvəl...

16 may 1997-ci ildə Azərbaycan Milli Məclisi “Avropada adi silahlı qüvvələr haqqında  Müqavilə”nin əlavə sənədini – “cinah sazişi”ni ratifikasiya edib. 1990-cı ildə “Varşava bloku” (SSRİ və müttəfiqləri) və NATO arasında bağlanmış müqavilənin “cinah sazişi” keçmiş SSRİ-nin adi silah (raketlər və nüvə silahı istisna olmaqla) arsenalının yeni müstəqil dövlətlər arasında kvota bölgüsünü təsbitləyirdi.

Hazırladı: V.Orxan