“Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik...”

 

Bu gün Qarabağ dirçəlir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz – bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.

Prezident İlham Əliyev bu sözləri mayın 10-da Şuşada Azərbaycan xalqına müraciətində deyib.

Xəbər verdiyimiz kimi, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Şuşaya səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım Füzuli şəhərində Peşə liseyinin təməlini qoyub, yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkib, rayon Mərkəzi xəstəxanasının təməlqoyma mərasimində iştirak ediblər.

Şuşaya gələn Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə şəhərdəki inzibati binada və Şirin su hamamında aparılan bərpa işləri ilə tanış olublar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma şəhərdəki inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verib.

Prezidentin köməkçisi Anar Ələkbərov Şirin su hamamında aparılan işlər barədə məlumat verərək bildirib ki, tarixi tikilidə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa tarixi memarlıq abidələri ilə zəngindir. Qədim Şuşanın 17 məhəlləsinin hər birində hamam, məscid və bulaq olub. Şəhərin Mərdinli məhəlləsində yerləşən Şirin su hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunub. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi içməli şirin su ilə təchiz edilib. 1986-cı ildə aparılan ölçü işlərindən sonra memar Ədalət Məmmədov tərəfindən hazırlanan layihə üzrə abidədə əsaslı bərpa-təmir işləri görülüb. Şirin su hamamı 1992-ci ildə Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək öz təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə digər abidələrimiz kimi bu qədim tikili də ermənilər tərəfindən dağıdılıb.

 

Tarzən Sadıqcanın evi yenidən qurulur

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada məşhur tarzən Sadıqcanın yaşadığı evin bərpası işləri ilə tanış olublar.

1846-cı ildə Şuşada anadan olan Sadıqcan Azərbaycanın tanınmış tarzənlərindən biridir. O, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə ifa etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilib. Sadıqcan həm də istedadlı bəstəkar idi. O, “Orta segah” və “Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələyib.

Prezidentin köməkçisi Anar Ələkbərov məlumat verib ki, şəhərin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza vəziyyətindədir. Dördbucaqlı plan quruluşu olan ev ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslubunda inşa olunub. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirəcək.

***

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşada yeni inşa olunacaq məscid kompleksinin layihəsi barədə də məlumat verilib. Bildirilib ki, məscidin layihəsi üzrə işlər başa çatıb və inşaat işlərinə başlanılıb.

Mehmandarovların malikanə kompleksi də bərpa olunur

Prezident və birinci xanım Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə də tanış olublar.

Məlumat verilib ki, burada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri davam edir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prosesi icra olunur.

Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Ötən müddətdə evin damörtüyü orijinala uyğun quraşdırılıb, binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. Hazırda digər bərpa işləri aparılır. Kompleksin həyətində bulağın bərpası yekunlaşıb, landşaft işlərinə hazırlıq görülür.

 

Şuşanın turizm potensialı da nəzərə alınır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşaya səfər çərçivəsində “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov aparılan təmir-bərpa işləri haqqında məlumat verib. Qeyd edilib ki, Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialına uyğun infrastruktur da yaradılır. Butik hotel şəhərin Köçərli küçəsindəki binada yerləşəcək. Burada Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün şərait yaradılacaq. 13 otaq və kiçik restoran onların ixtiyarına veriləcək.

Qeyd edək ki, işğaldan azad olunmasından ötən ilyarım ərzində Şuşada qısa zamanda böyük quruculuq işləri görülüb. Mədəniyyət paytaxtımızda çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, turistlərin sevimli məkanlarından biri olacağı nəzərə alınaraq burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən hotellərin inşasına xüsusi diqqət göstərilir.

Onu da bildirək ki, ötən ilin mayında Şuşada “Xarıbülbül” hotelinin, onun nəzdindəki 48 mənzilli korpus və kotteclərin, avqustda isə “Qarabağ” hotelinin yenidənqurmadan sonra açılışı olub.

***

Şuşada erməni barbarlığına məruz qalmış 140 yaşı olan tarixi tikili – Şuşa Realnı məktəbinin binası da yenidən qurulacaq. Təhsil naziri Emin Əmrullayev binada həyata keçiriləcək təmir-bərpa işləri barədə məlumat verib.

Fəaliyyətə 1881-ci ilin sentyabrında başlayan Şuşa Realnı məktəbi həm tədrisi, təhsil ənənələri, həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə Cənubi Qafqazda seçilən maarif ocaqlarından biri idi. Məktəbin Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusuf bəy Məlikhaqnəzərov kimi pedaqoqları, İsmayıl bəy Səfibəyov, Əbdürrəhman bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Rüstəm bəy Axundov, Əhməd bəy Ağaoğlu, Soltan bəy Vəlibəyov, Xan Şuşinski kimi məşhur yetirmələri olub.

Şuşa Realnı məktəbinin binasında sonralar bir sıra təhsil müəssisələri fəaliyyət göstərib. Şəhər 1992-ci ilin mayında işğal edildikdən sonra bina yandırılaraq xarabazara çevrilib.

***

Prezident İlham Əliyevin iştirakı ilə “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi işə salınıb.

Dövlət başçısı daha sonra inzibati binanın qarşısında xalqa müraciət edib.

“Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu gün Füzuli və Şuşa şəhərlərinə səfər etmişəm. Keçən il mayın 10-da Naxçıvanda idim. Bu il mayın 10-da isə Qarabağdayam, işğaldan azad edilmiş Qarabağda” deyən İlham Əliyev ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayıb.

Bildirib ki, həyatını xalqa həsr etmiş Heydər Əliyevin ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi: “O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz – onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.

2003-cü ildə Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha ulu öndərin siyasətinə sədaqətini nümayiş etdirdi. Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim. Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır...”.

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldiyini vurğulayan dövlət başçısı sonda deyib: “Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

***

28 il 6 ay barbar düşmənin əsarətində qalmış Şuşa ilyarımdır azad nəfəs alır. Bu azadlığı Şuşaya bəxş edən, canı-qanı bahasına Şuşanı bizə, bizi də Şuşaya qaytaran Vətən oğullarını – ölməz şəhidlərimiz, igid qazilərimizlə sonsuz fəxarət duyuruq. Şuşanın azad edilməsi tarixi Zəfərimizin tacıdır.

Vətən müharibəsindən ötən ilyarım ərzində Şuşaya səfər edən hər bir azərbaycanlını bu şəhərdə düşmənin xalqımızın əsrlərlə yaratdığı maddi mədəni irsə qarşı həyata keçirdiyi barbarlığı nə qədər hiddətləndirirsə, qısa müddətdə bu şəhərin başdan-başa tikinti meydançasına çevrilməsi bir o qədər sevindirir.

Zəfər yolunun qısa müddətdə istifadəyə verilməsi, şəhərə ilin bütün fəsillərində rahat gediş-gəlişi təmin edəcək ikinci yolun tikintisinin davam etdirilməsi, şəhərin baş planının təsdiqlənməsi və plana əsasən, sosial infrastruktur layihələrin icrasına, tarixi abidələrin bərpasına başlanılması Şuşanın tezliklə yenidən Azərbaycanın ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevriləcəyini təsdiqləyir.

Şuşa dirçəldikcə şəhərin yalnız ictimai-siyasi və mədəni həyatı deyil, onun turizm potensialı da geniş imkanlar qazanır. Çünki Şuşa təkcə tarixən Qarabağa nəzarət üçün vacib mövqedə yerləşən qala-şəhər olmayıb, həm də özünün səfalı iqlimi və füsunkar təbiət gözəllikləri ilə buraya gələn hər kəsi özünə heyran edən bir şəhər olub.

Şuşanın sıldırım təbii yayla üzərində yerləşməsi, şəhərin özünəməxsus relyefi, landşaftı, yaz-yay aylarında gözəl havası, sərin bulaqları, Cıdır düzündən Qarabağa, xüsusən də Topxana meşəsinə açılan geniş mənzərə, sıldırım qayalardan, dərələrdən axıb Şuşanın belinə gümüş kəmər kimi sarılan Qarqar çayının füsunkarlığı hər kəsi məftun edən təbii gözəlliklər olmaqla yanaşı, həm də bu yerləri turizm üçün əvəzsiz məkana çevirir.

Azad Şuşanın dirçəlişi ilə bərabər gözəl günləri, söz-sənətli, şölən-büsatlı yeni növrağı hələ qabaqdadır...