Azərbaycan xanəndəlik məktəbinin inkişafına mühüm töhfələr vermiş sənətkarlardan bir də Xalq artisti Sara Qədimovadır. Onun 60 ildən artıq ifaçılıq fəaliyyətinin başlıca məramı bu sənətə xidmət göstərmək olub. Milli musiqimizə sədaqətlə səciyyələnən həyat yolu isə gənc xanəndələr nəsli üçün bir örnəkdir. Görkəmli sənətkarı anadan olmasının 100 illiyi münasibətilə yada saldıq.

Sara Bəbiş qızı Qədimova 31 may 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Ancaq uşaqlıq illəri Qarabağda, Ağdam rayonunun Gülablı kəndində keçir. Məlumdur ki, bu kənd həmişə sazlı-sözlü, musiqili məclisləri ilə tanınıb. Klassik aşıq-şairlərdən Aşıq Valeh də burada anadan olub. Dövrün görkəmli sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Xan Şuşinski tez-tez Gülablı kəndinə təşrif buyurublar. Yerli xanəndələrlə musiqi məclisləri qurublar. Belə bir mühitdə Sara erkən çağlardan musiqiyə böyük həvəs göstərir.

Araşdırmalarda qeyd edilir ki, Sara Qədimova 16 yaşında olarkən anası, 18 yaşında ikən atası vəfat edir. Evin böyük övladı olduğu üçün dörd bacı, iki qardaş onun himayəsində qalır. Gənc Sara çox çətin bir vəziyyətlə qarşılaşır. Ona görə də 22 yaşında ikən özündən 24 yaş böyük olan, Tibb Texnikumunun direktoru Qədir İslamzadə ilə ailə qurur. Evlilikləri uzun sürməsə də, Azərbaycan musiqisinə daha bir ad bəxş edir. Gələcəyin məşhur müğənnisi Akif İslamzadə bu ailədə dünyaya gəlir...

Sara Qədimova üçün ilk sənət sınağı 1938-ci ildə keçirilən özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsi olub. Müsabiqədə görkəmli sənətkarlar qarşısında çıxış edən gənc qız “Qatar” muğamını oxuyur. Ardınca “Gəlmə, gəlmə” xalq mahnısını ifa edir. Üzeyir Hacıbəyli onun ifasını bəyəndiyini deyir. O, 1941-ci ildə Üzeyir bəyin təklifi ilə sənədlərini Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna verir. Hüseynqulu Sarabskinin muğam sinfində musiqi sənətinin əsaslarını öyrənir. Bir müddət sonra Azərbaycan Dövlət Filarmoniyasında solist kimi işə götürülür. Qısa vaxt ərzində məlahətli səsi və ifa manerası ilə diqqəti çəkir.

İkinci Dünya müharibəsi illərində tez-tez cəbhədə olur, hərbçilər qarşısında çıxışlar edir. Onun ifasında Xalq şairi Səməd Vurğunun sözlərinə dahi Üzeyir Hacıbəylinin  bəstələdiyi “Şəfqət bacısı” mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilir. İllər bir-birini əvəz etdikcə gənc Sara sənətdə püxtələşir. Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadlardan sənətin incəliklərini öyrənir. Sələflərinin layiqli davamçısı kimi klassik ifaçılıq ənənələrinə sadiq qalır.

Sara Qədimova Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunur. Daima aparıcı partiyalarda çıxış edən görkəmli sənətkar opera səhnəsində yaratdığı Leyli, Əsli və Şahsənəm obrazları ilə yaddaşlarda heykəlləşir. Onun oxuduğu “Bayatı-Şiraz”, “Şur”, “Şahnaz”, “Qatar”, “Mahur-hindi”, “Xaric segah” muğam və xalq mahnıları maraqla qarşılanır, könülləri oxşayır. Xanəndənin ifasında “Qarabağ şikəstəsi”nin isə ifaçılıq tariximizdə özünəməxsus yeri var...

Xalq musiqisini dərindən mənimsəyən Sara Qədimova fərqli ifa üslubu ilə milli musiqi xəzinəmizə töhfələr verib. Tamaşaçı və dinləyicinin mənəvi aləminə təsir etmək bacarığı onun özünəməxsus yaradıcılığının xarakterik cəhəti olub. O, Azərbaycan xalq musiqisini, milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil və təbliğ edib.

Araşdırmalarda qeyd edilir ki, Sara Qədimovaya qədər Azərbaycandan xarici ölkələrdə konsert verən, dünya xalqlarının mahnılarını ifa edən ikinci bir qadın müğənni olmayıb. O, 22 ölkədə Azərbaycan incəsənətini təmsil edib. İran, İndoneziya, Efiopiya və Özbəkistanın dövlət mükafatlarına layiq görülüb. Görkəmli sənətkar xarici dillərdə 20-dən çox mahnı ifa edərək lentə yazdırıb. Bu sıraya ərəb dilində “Xəyalımın nuru”, “Yamayilə”, “Leyla”, “Sili”, fars dilində “Gedirəm ki, gedirəm”, “Peşman oldum”, “Mənim baharım” tacik dilində “Məhəbbət” və başqa mahnılar daxildir.

Türkiyənin Baş naziri Süleyman Dəmirəl 1967-ci ildə Bakıda səfərdə olarkən Sara xanımın ifasını dinləyir. O zaman Sara xanım Abbas Səhhətin məşhur  “Vətən” şeirini muğam üstündə ifa edir. Bu görüşdən illər sonra S.Dəmirəl Türkiyənin Prezidenti olur. Xanəndənin ifasını unutmayan dövlət xadimi Sara xanımla görüşmək üçün onu Türkiyəyə dəvət edir və görüş baş tutur, mediada geniş işıqlandırılır.

Görkəmli xanəndənin Azərbaycan xalq musiqisinin inkişafı və təbliğindəki əməyi yüksək qiymətləndirilib. O, 1954-cü ildə “Əməkdar artist”, 1965-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 1997-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Azərbaycan xanəndəlik məktəbinə töhfələr bəxş edən Sara Qədimova 12 may 2005-ci ildə vəfat edib.

Savalan Fərəcov