MEMİM-in təşəbbüsü ilə Şəmkirdə musiqili proqram təşkil edilib

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar mayın 10-da Şəmkir rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzinin (MEMİM) təşəbbüsü, Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin iştirakı və Şəmkir Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı tədbir təşkil edilib.

Tədbirdə Şəmkir, Göygöl, Gədəbəy, Daşkəsən rayon icra hakimiyyətlərinin rəhbər və  məsul şəxsləri, digər dövlət qurumlarının əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar öncə ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra Şəmkir RMİ üzrə musiqi məktəbləri şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev giriş sözü ilə açıb.

MEMİM-in direktoru Səadət Xələfbəyli çıxışında ümummilli liderin tarixi xidmətlərindən, ölkəmizə rəhbərliyi dövründə gördüyü işlərdən bəhs edib.

Kollecin direktoru Səbinə Mehdiyevanın rəhbərliyi ilə lentə alınan, ulu öndərin 99 illiyinə həsr olunmuş fləşmob geniş ekranda nümayiş etdirilib.

Bədii hissədə Sumqayıt Musiqi Kollecinin kamera orkestri, xor kollektivi, Göygöl rayon Aşıq Şəmşir adına Musiqi məktəbinin xor kollektivi, Şəmkir şəhər Musiqi məktəbinin şagirdləri, respublika muğam müsabiqəsinin qalibləri zəngin proqramla çıxış ediblər.

Tədbir bəstəkar, Xalq artisti Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında oda” kompozisiyası ilə yekunlaşıb.