Qarabağ atları üzərində möhtəşəm şou

 

Mayın 12-də Londonda Böyük Britaniya kral ailəsi üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu başlayıb. Vindzor qəsrində keçirilən şouya 2012-ci ildən etibarən Azərbaycan təmsilçiləri də qatılır.

Bu il Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunan “Royal Windsor Horse Show” tədbirində təmsilçilərimiz tərəfindən “Odlar yurdu” adlı xüsusi proqram təqdim olunacaq.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi proqramda Dövlət Sərhəd Xidmətinin 15 süvarisi tərəfindən Qarabağ atları üzərində möhtəşəm şou nümayiş etdiriləcək. Proqramda Əməkdar artist, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə “Sərhədçi” ansamblı tərəfindən milli musiqimizin sədaları altında rəqs kompozisiyası da təqdim olunacaq.

15 may tarixinədək davam edəcək Vindzor Kral Atçılıq Şousunda Azərbaycan heyətinin ümumilikdə 4 çıxışı nəzərdə tutulub.

Tədbirin bədii hissəsində Azərbaycanla yanaşı Oman, Bəhreyn, İsveçrə, Fransa, Norveç və Hindistan kimi dövlətlərin nümayəndələrinin iştirakı da nəzərdə tutulur.