Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “RS Prodakşn” və "OYUN" inklüziv teatrının birgə layihəsi olaraq Vətən müharibəsində şanlı Qələbəmiz münasibətilə “Köhnə çamadanlar” adlı bədii film çəkilib. Ekran əsərinin premyerası aprelin 30-da Nizami Kino Mərkəzində olmuşdu.

Mayın 12-də isə Bakı Konqres Mərkəzində “Köhnə çamadanlar” bədii filminin qala-gecəsi keçirilib. Tədbirdə filmin bütün heyəti iştirak edib.

Müharibə və qadın mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, təsvir rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, montaj rejissoru Rza Almasi Pərqu, prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, art direktoru Tahir Tahiroviç, baş prodüseri Pərvinə İsmayılovadır.

Ekran işində Birinci və İkinci Qarabağ müharibələrində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən epizodlar bir-birini tamamlayır. Final səhnələri Azərbaycan Ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla tamamlanır.

Rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Zemfira Əbdülsəmədova, Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva və başqaları ifa edirlər. Uşaq rollarını “Oyuq” teatr-studiyasının yetirmələri oynayırlar. Ekran işində hər iki müharibənin canlı şahidləri – əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alıblar.

“Köhnə çamadanlar”ın qala-gecəsində yaradıcı heyətin üzvləri ürək sözlərini media mənsubları ilə bölüşüblər.

Filmin rejissoru Səidə Haqverdiyeva deyib ki, iki il bundan qabaq – hələ Vətən müharibəsindən əvvəl “Müharibənin qadın üzü olmur” adlı bir tamaşa hazırlamaq istəyirdik. Sonra Vətən müharibəsi başladı və biz nəticədə Zəfər qazanmış qalib ölkənin qadınları olaraq Birinci Qarabağ müharibəsində əzab-əziyyətlərə düçar olmuş qadınların həyatından film çəkdik: “Mən bu gün təkcə bir rejissor kimi deyil, bir qarabağlı olaraq həyəcanlıyam. Bu filmin çəkilişində 78 nəfər çalışıb. 25 gün davam edən çəkilişlər Bakıda, Lənkəranda, Astarada və Qubada aparılıb.

Filmin adına gəldikdə isə qeyd etməliyəm ki, hamımızın illərlə yığıb saxladığımız və heç vaxt açmadığımız sirlər var. Elə zaman gəlir ki, biz onların haqqında danışırıq. Köhnə çamadanlar da içərisində köhnəlmiş xatirələr olan ürəyimiz, qəlbimizdir...”.

Filmdə ata rolunu canlandıran Xalq artisti Məmməd Səfa “Köhnə çamadanlar”ın uğurlu ekran taleyinə inandığını bildirib: “Təbii ki, müharibə çox ağır mövzudur və bu mövzuda çəkilən filmlər heç də asanlıqla başa gəlmir. İstər yaradıcı, istər texniki heyətin çiyninə eyni dərəcədə ağır yük düşür. Bu filmdə istər ön cəbhədə, istərsə də arxa cəbhədə daha çox qadınların, ana və bacıların ağrı-acısı, üzləşdikləri müsibətlər əksini tapıb. Hesab edirəm ki, “Köhnə çamadanlar” filmi bu ağırlığın öhdəsindən gəldi. Uğurlu filmdir və öz tamaşaçısını tapacaq və uzun bir ömür yaşayacaq...”.

İlk dəfə olaraq filmdə çəkilən Vətən müharibəsinin iştirakçısı Elnur Novruzov isə deyib: “Beş nəfərlik bir heyətlə filmə dəvət olunduq. Çox ağır filmdir, çox peşəkarlıqla çəkilib və sona qədər tamaşaçı onun təsirindən çıxa bilmir. Mən filmdə Birinci Qarabağ döyüşündə iştirak edən igid əsgər obrazını canlandırmışam”.

Filmin baş prodüseri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST İnklüziv İnkişaf və Yardıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova da fikirlərini bölüşüb: “Film Birinci Qarabağ müsahibəsinin çətinlik və mərhumiyyətlərini yaşayan Azərbaycan qadınları haqqındadır. Onların həyatı haqqında Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra tammetrajlı film ərsəyə gətirmək istədik. Ən vacib məqam ondan ibarətdir ki, buradakı qadınlar torpaqlarımız işğaldan azad edilənədək susur, öz həyatları ilə bağlı ağır hadisələr barədə danışmırdılar. Filmdə könüllülər, qazilər, Vətən müahribəsi iştirakçıları və nazirliyin tabeliyində olan müəssisələrin sakinləri iştirak edib və özlərini aktyor kimi sınayıblar...”.