Mayın 12-də İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin “Qarabağın mirası” mövzusunda fərdi sərgisi açılıb.

Sərgi Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında, ölkəmizin İstanbuldakı Baş konsulluğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Mezzo digital Art”ın birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Qonaqları salamlayan Nigar Helmi Abbasbəyli sərginin ideyası barədə danışıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən azad edilən torpaqlarımızda otuz ilə yaxın sürmüş işğalın acı izləri hər birimiz təsirləndirir: “Bu, məni də çox təsirləndirdi və rəsmə çevirmək istədim. Orada yalnız yaşayış yerləri deyil, Azərbaycanın dahi insanlarının ev-muzeyləri, tarixi abidələrimiz viran qoyulub. Ermənilər otuz ilə yaxın işğal dövründə Azərbaycan mədəniyyətini, tarixini yox etmək istəyiblər. Lakin hazırda dövlətimiz bu yerləri yenidən qurur, bərpa edir. Azərbaycan öz torpaqlarına yenidən can verir. Bunun üçün başda Prezident İlham Əliyev olmaqla, qüdrətli Azərbaycan Ordusuna və göstərdikləri həmrəyliyə görə hər bir həmvətənimizə minnətdarıq...”.

Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva sərginin tam tərkibdə ilk dəfə məhz Türkiyədə keçirilməsinin ölkələrimiz arasındakı sıx qardaşlıq bağlarının daha bir nümunəsi olduğunu vurğulayıb.

Mərasimdə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz, qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, digər qonaqlar iştirak ediblər.

İstanbulun ən böyük mədəniyyət mərkəzində təşkil olunan sərgi on gün davam edəcək.