Bu il görkəmli bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin (1922-1995) 100 illik yubileyi qeyd olunur. Prezident İlham Əliyev 13 aprel 2022-ci il tarixdə bəstəkarın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Bu münasibətlə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən görkəmli bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş videomaterial hazırlanıb.

Videomaterialda Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutan Rauf Hacıyevin bir bəstəkar və ictimai xadim kimi fəaliyyətindən geniş bəhs edilir. Bildirilir ki, 15-ə qədər filmə  musiqi yazan Rauf Hacıyevin operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşib və musiqi mədəniyyətimizdə yeni səhifə kimi qiymətləndirilir.

Materialda Rauf Hacıyevin ictimai fəaliyyətinə də diqqət ayrılıb, onun 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor təyin olunması və 1965–1971-ci illərdə Azərbaycan SSRİ-nin mədəniyyət naziri işləməsi haqqında da məlumat yer alıb. Qeyd edilir ki, Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada ilk Xalça Muzeyinin açılmasında onun mühüm xidmətləri olub.

Videomaterialda bəstəkarın fotoşəkilləri, musiqi yazdığı filmlərdən fraqmentlər də verilir. “Rauf Hacıyev – 100” videomaterialı kitabxananın saytında (https://ryl.az/virtual/multimediya) və sosial şəbəkə səhifələrində yerləşdirilib.