AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən Neftçala rayonunun Pirəbbə kəndində aşkarlanan küp qəbirlər nekropolunda arxeoloji qazıntı işləri aparılıb.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan bildirilib ki, aprelin 12-də Neftçala şəhər Əli Piriyev adına 2 saylı tam orta məktəbin direktoru Rövşən Həsənov tərəfindən instituta rayon ərazisində küp qəbirlərin aşkar edilməsi haqqında məktub daxil olub. Küp qəbirlər Kür çayının çəkilməsi nəticəsində çayın en kəsiklərində üzə çıxıb. Bununla bağlı institutun əməkdaşları Neftçalaya ezam olunublar. Arxeoloqlar Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Neftçala rayonu üzrə baş mütəxəssisi Bahadır Məcidovun da iştirakı ilə Cəngan, Bala Surra, Ərəbqardaşbəyli və Pirəbbə kəndlərində Kür çayı sahilində aşkar edilmiş küp qəbirlər nekropoluna baxış keçiriblər.

İnstitutun Arxeoloji abidələr toplusu bölməsinin əməkdaşları tərəfindən Mikayıl Mustafayevin rəhbərliyi ilə Pirəbbə kəndində arxeoloji qazıntı işləri aparılıb. Aşkar olunan küp qəbir çayın içərisindən qazılaraq çıxarılıb. Qəbirin içərisindən miniatür, kiçikölçülü qab aşkarlanıb. Yaxşı yoğurulmuş gildən hazırlanan, gövdə hissəsi isə narşəkilli, açıq-qəhvəyi rəngli qabın ağız hissəsi quş dimdiyi formasındadır.

Ərazidə cənub istiqamətində bir neçə küp qəbir də aşkarlanıb. Maddi mədəniyyət nümunələri bizim eranın I-II əsrlərinə aid edilir. Arxeoloji qazıntılar zamanı məlum olub ki, Kür çayı boyunca küp qəbirlər nekropolu yerləşir.

Qeyd edək ki, küp qəbirlər eramızdan əvvəl IV əsr – eramızın VIII əsrlərində Cənubi Qafqazda, əsasən də Qafqaz Albaniyası ərazisində daha geniş yayılıb. Bu mədəniyyət əsasən əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir. Neftçala rayonunda aşkar olunan küp qəbirlər nekropolu coğrafi baxımdan bu bölgə üçün səciyyəvidir.