Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur “Bəxtiyar” filmi əsasında səhnələşdirilmiş  eyniadlı tamaşanın ilk nümayişi (6 may) oldu. Bu tamaşanın hazırlanması haqqında məlumatım var idi. Düşünürdüm ki, görəsən, onilliklər boyu populyarlığını itirməyən filmin səhnə versiyası tamaşaçıları qane edə biləcəkmi?

Nəhayət, premyera günü yetişdi və mən Akademik Musiqili Teatrın səhnəsində adıçəkilən tamaşaya baxdım.

Haşiyə çıxıb yada salmaq istəyirəm ki, hamımızın bu gün də sevə-sevə izlədiyi “Bəxtiyar” filmi 1955-ci ildə Bakı Kinostudiyasında Lətif Səfərov tərəfindən lentə alınıb. Film baxımlı rejissor quruluşuna, Tofiq Quliyevin ecazkar musiqi həlli və Rəşid Behbudovun səs sehrinə, eləcə də təkrarsız aktyor ifalarına görə bu günə qədər reytinqini qoruyub saxlayan ekran əsəridir. Filmdə səslənən bir sıra deyimlər xalq arasında çoxdan zərb-məsələ çevrilib. Nəsillər dəyişsə də, bu filmə maraq azalmır. Deməli, nə qədər qəribə də səslənsə, zaman belə yüksək peşəkarlıq nümunəsinə təsir edə bilmək qüdrətində deyil.

Bəlkə elə bu səbəbdən Akademik Musiqili Teatrın kollektivi bu filmə müraciət edib. Amma, bəri başdan deməliyəm ki, bu populyar filmin səhnə versiyasını hazırlamaq çox böyük riskdir. Yaradıcı heyət bu riskə gedərək, maraqlı tamaşa ərsəyə gətirib. Tamaşanın rejissor quruluşu səhnə tərtibatı, musiqi həlli və əsas obrazların ifaları haqqında düşüncələrimi oxucularla bölüşmək istəyirəm.

Quruluşçu rejissor Cavid İmamverdiyev musiqili tamaşanın səhnə həllində yığcamlığa, baxımlılığa və effektliyə çalışıb. Səhnə versiyasına uyğun olaraq bəzi səhnələr və obrazlar ixtisar olunub. Quruluşçu rəssam Elxan Sərxanoğlu hər bir səhnənin məkan bütövlüyünə nail ola bilib. Səhnə tərtibatı müəllif fikrinin rejissor yozumunda açılmasına xidmət edən canlı ifadə vasitələri ilə diqqət çəkir. Ev, konsert salonu, qatar, vağzal və sair səhnələrin tərtibatı maraqlı, baxımlı aktyor oyunu üçün yetərlidir. Musiqi, rəqs və balet həlli səhnə nümunəsi üçün vacib hesab olunur. Xormeyster Yaqub Məstanov, dirijor Səməd Süleymanlı, konsertmeyster Fidan Babayeva və rəqslərin quruluş müəllifi Elvira Əzizovanın təqdimatı ilə quruluşçu rejissor Cavid İmamverdiyevin yozumu üst-üstə düşür.

Tamaşanın əsas obrazları Bəxtiyar, Saşa və əlbəttə ki, Ağabaladır. Şaban Cəfərov, İbrahim Əlizadə və Emin Zeynallının Bəxtiyarı və Aydan Həsənova, Mehriban Zaliyeva və Nəzrin İsmayılovanın Saşası mükəmməl vokal ifaları və cəlbedici aktyor oyun tərzləri ilə üst-üstə düşüb tamaşaçı rəğbəti qazana bilir. Ölməz Tofiq Quliyevin musiqi şedevrlərini dönə-dönə dinləsək də, filmin tamaşa həllində bu ecazkar sənət nümunəsini gənc aktyorların ifalarında bir daha sevə-sevə dinlədik.

Əkbər Əlizadə (Əməkdar artist) ilə Əliməmməd Novruzovun ifasında Yusif obrazı komik vəziyyətin tələblərinə müvafiq baxımlı və cəlbedicidir. Elçin İmanovla Nadir Xasıyevin (Əməkdar artist) Professor Rəcəbov, İqrar Salamov (Əməkdar artist) və Ələkbər Əliyevin (Əməkdar artist) Dmitri Verxovski, Nahidə Orucova (Əməkdar artist) və Rəsmiyyə Nurməmmədovanın Natalya Alekseyevna, Səmədzadə Xasıyevlə Əli Kərimovun Həbib, Hidayət Əliyevlə Murad Əliyevin Petya, Fatma Mahmudova (Xalq artisti), Ülviyyə Əliyeva və Telnaz Hüseynovanın Gülzar, Elnarə Nağdəliyeva ilə Nigar Qafarovanın Zəhra və digər obrazlar baxımlı nümunələr kimi qəbul olunurlar. Aktyor ifaları orkestr, xor və balet artistlərinin baxımlı oyun tərzləri ilə tamamlanır.

Yaxşı bilirik ki, nə “Bəxtiyar” filmini, nə də eyniadlı tamaşanı Ağabala obrazı olmadan təsəvvür etmək olmaz. Dramatik hadisələrin bir tərəfində Bəxtiyar, Saşa, Professor Rəcəbov və digər müsbət obrazlar, əks tərəfdə Ağabala, Gülzar, Zəhra, Rza və sair mənfi obrazlar durur. Ağabala mənfi obraz olsa da, tamaşaçı tərəfindən rəğbətlə qarşılanır. Kino və teatr tarixində belə hallar olur. Tamaşaçılar bu və ya digər mənfi qəhrəmanı sevimli obrazları kimi qəbul edib alqışlara qərq edirlər. Ağabala da belə obrazlar sırasındadır.

Xalq artisti İlham Namiq Kamalın Ağabala obrazı filmdə gördüyümüz və sevdiyimiz nümunədən fərqlidir. Ağabala dövrə uyğun müasirləşib, dəbli geyim tərzi, ona ziyalı görkəmi verən eynək və aktyorun təqdimində hərəkət-mizan-davranış toplusu baxımlıdır. O, əsaslı dərəcədə dəyişsə də, biz onu ilk baxışdan dərhal və asanlıqla tanıyırıq. Ağabala yarım əsrdən artıq yol gəlib, onun geyimi də, düşüncə tərzi də dəyişərək müasirləşib. O, tam yeni bir Ağabaladır. Amma yenə elə Ağabaladır. Biz hər gün, bəlkə də hər saat başqa-başqa adları olan neçə-neçə belə Ağabalarla rastlaşırıq. Ağabala yenə “mənim klubum” deyir, yenə yoxlama gələndə vəziyyətdən çıxış yolu axtarır və sair. Aktyor komik obrazın təsvirində parlaq və rəngarəng boyalardan, dəqiq ştrixlərdən istifadə edir.

Deyirlər ki, absurd və anlaşılmazlıq olan yerdə komediya başlanır. Absurd dramaturgiya janrının görkəmli nümayəndəsi Ejen İonesko yazırdı ki, faciənin ağırlığını çəkməyə güc verən komizmdir.

Ağabala obrazının təsvirində İlham Namiq Kamal rəng tonlarından bacarıqla və qədərində istifadə edərək yumoristik-satirik tipaj təqdim edir. Onun komik vəziyyətə uyğun hərəkət mizan toplusu, üzünün mimikasının vəziyyətə uyğun dəyişməyi, konserti apararkən şit gülüşləri və sair obrazın bədii tamlığına xidmət edir. Onun xarici təsvirində qırmızı rənglərin müxtəlif çalarlarının vəhdəti ilə qarşılaşırıq. Ağabalanın boynundakı qırmızı kəpənəklə ayağındakı qırmızı rəngli yüngül ayaqqabılar və konsert pencəyi onun xarici təsvirini tamamlayır. Obrazın müəllif mətninə uyğun hərəkət-mizan toplusu ilə mətnin deyim təqdimatı vəhdət təşkil edir. Müasir Ağabala elə bu görkəmdə ola bilər. Ağabalanın bizə yaxşı tanış olan mətnini dinlədikcə, onun müasir görkəmi arxasında məharətlə gizlədilmiş iç dünyası tədricən üzə çıxır. Aktyor Ağabala obrazında daxili dünyasının təqdimi ilə xarici təsvirin vəhdətinə nail ola bilir. O, hərəkətlərində ehtiyatlı və diqqətlidir. Etdiyi əməllərin ucbatından həmişə xofludur. Onun diqqətli baxışlarından heç nə yayınmır. Ağabala daxili puçluğunu müasir görkəmi arxasında məharətlə gizlədə bilir. Müasir görkəm onun maskasıdır. Ağabala filmdən yaxşı tanıdığımız obraz olsa da, biz onu müasirimiz kimi qəbul edirik. Bu isə İlham Namiq Kamalın təsvir etdiyi obrazın müasir təsvir və təqdimatı ilə bağlıdır.

Yeni düşüncə tərzi deyəndə biz heç də Ağabalanın dəyişərək, müsbət obraza çevrilməyini nəzərdə tutmuruq. Ağabala elə həmin Ağabaladır. O, dəyişə bilməz. Sadəcə, dövrə uyğunlaşaraq asan yolla pul qazanmağın daha müasir üsullarını tapan fırıldaqçıya və dələduza çevrilib. O, klubda özünə iş yeri tapıb. Amma bu iş yeri başqa bir idarə və təşkilat da ola bilər. O, tapdığı hər bir iş yerinə öz qohum-əqrəbasını və dost-tanışlarını toplaya bilər. O, cılız və mənən puç biri olduğu üçün ətrafında da özünə uyğun olan insancığazları toplamalıdır. Onun əsas işi fırıldaq qurub kiminsə hesabına pul qazanmaqdır. O, Bəxtiyarı tapanda sevincdən gözləri parıldayır. Başqasının hesabına pul qazananda və bu pulları sayanda Ağabala tam tanınmaz olur. Artıq aktyorun üzündə acgözlük və hərislik nişanələri görürük. Aktyor Ağabala obrazını daxilən duyub, bunu zahiri təqdimatda dəqiq təqdim edir. Mürəkkəb obrazı seyr etdikcə aktyorun zəngin yaradıcılıq imkanlarının əhatə dairəsinə və rəngarəngliyinə heyran qalmamaq mümkünsüzdür.

Çingiz Ələsgərli
teatrşünas