Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

383 il əvvəl...

17 may 1639-cu ildə Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibənin (1623-1639) yekunlarına əsasən, Qəsri-Şirin sülh müqaviləsi bağlanıb. Müqavilədə tərəflər arasında 1555-ci ildə bağlanmış Amasya sülhünün şərtləri təsdiqlənib. Həmin şərtlərə görə, indiki Gürcüstanın qərb vilayətləri Osmanlının, Gürcüstanın şərq hissəsi, habelə Azərbaycanın Borçalı mahalı, Qərbi Azərbaycan (indiki Ermənistan ərazisi), eləcə də şimallı-cənublu Azərbaycan torpaqları Səfəvilərin nəzarətinə keçmişdi.

 

208 il əvvəl...

17 may 1814-cü ildə Norveç İngiltərə-Danimarkanın hökmranlığı altından çıxaraq ilk konstitusiyasını qəbul edib. Lakin az sonra Norveç İsveçin nəzarəti altına düşdü və 1905-ci ilədək onunla uniyada (ittifaqda) qaldı. Həmin il Norveç tam müstəqil dövlət oldu. 1814-cü il konstitusiyası isə indiyədək Norveç Krallığında qüvvədədir və Konstitusiya günü Norveçin milli bayramıdır.

 

103 il əvvəl...

19 may 1919-cu ildə Mustafa Kamal Atatürk bir qrup silahdaşı ilə Qərb dövlətlərinin faktiki işğalı altında olan İstanbuldan Samsuna gələrək burada Türkiyənin qurtuluş və istiqlal savaşının başladığını elan edib. Atatürkün rəhbərliyi ilə milli mücadilə 1923-cü ildə Türkiyə Cümhuriyyətinin yaranması ilə başa çatdı. 19 may Türkiyədə dövlət bayramı (“Atatürkü Anma, Gənclik və İdman bayramı”) kimi qeyd olunur.

 

102 il əvvəl...

18 may 1920-ci ildə Azərbaycan SSR Müvəqqəti İnqilab Komitəsi (hökumət) ölkədəki “teatr, kino, muzey və foyelərin milliləşdirilməsi” haqqında dekret verib.

 

100 il əvvəl...

19 may 1922-ci ildə sovet pionerlərinin ilk təşkilatı yaranıb. Təşkilat Qərbdəki skautlar (“gənc kəşfiyyatçılar”) hərəkatının oxşarı kimi yaradılsa da, sosialist ideologiyasına əsaslanmışdı. Gənc leninçilər hərəkatı sovet dövlətinin ideoloji atributlarından birinə çevrildi.

 

78 il əvvəl...

17 may 1944-cü ildə SSRİ rəhbəri Stalinin qərarı ilə Rusiya Federasiyası tərkibində Krım MSSR ləğv edilib. Mayın 17-dən 18-nə keçən gecə 200 minə yaxın Krım tatarı (türkü) Orta Asiya, Ural və Volqaboyuna deportasiya olunub. Qərarda Krım tatarlarının yarımada faşist işğalı altında (1942-1944) olarkən almanlarla əməkdaşlıq etdiyi göstərilirdi. Krım tatarları Stalinin ölümündən sonra reabilitasiya olunsalar da, yalnız 80-ci illərdə geniş şəkildə Krıma (bu vaxt Krım artıq Ukrayna tərkibində idi) qayıda bildilər.

 

50 il əvvəl...

20 may 1972-ci ildə Qərbi və Şərqi Kamerun birləşərək unitar dövlətə çevrilib. Birinci Dünya müharibəsi zamanı Kamerun Fransa və Britaniya tərəfindən parçalanmışdı. 1960-cı illərdə iki ayrı dövlət müstəqillik qazanmışdı.

 

32 il əvvəl...

19 may 1990-cı ildə Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının Prezidenti vəzifəsi təsis edilib. Sessiyada Azərbaycan KP MK-nın birinci katibi Ayaz Mütəllibov prezident seçilib.

 

30 il əvvəl...

18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Laçın rayonunu işğal ediblər. Rayonun 63 minə yaxın əhalisi didərgin düşüb. Laçının işğalı ilə Ermənistanın Azərbaycana hərbi təcavüzü Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxdı. 28 ildən artıq işğal altında qalan Laçın rayonu 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq 2020-ci ilin 1 dekabrında azad edildi.

 

20 il əvvəl...

20 may 2002-ci ildə dünyanın siyasi xəritəsinə yeni dövlət daxil olub. İndoneziyanın bir hissəsi olmuş və referendum nəticəsində müstəqillik qazanmış Şərqi Timor dövlətinin yarandığı rəsmən elan edilib.

Hazırladı: V.Orxan