V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı doqquz ölkənin ifaçı və kollektivlərini bir araya gətirdi

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə 12-14 may tarixində Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirildi.

Musiqi və rəqs bayramı üç gün ərzində rəngarəng konsertləri ilə mədəniyyət paytaxtımıza təşrif buyurmuş çoxsaylı qonaqları, eləcə də Şuşanın ecazkar təbii səhnəsindən dünyaya yayılan proqramı televiziya və sosial şəbəkələr vasitəsilə izləyən hər kəsi sehrinə saldı.

Festivalın mayın 14-də Cıdır düzündə qurulmuş böyük səhnədə təqdim edilən yekun konserti isə musiqi, ritm və rəqsin möhtəşəm bir sənət şöləni oldu. Tamaşaçılar arasında mədəniyyət naziri Anar Kərimov, ölkəmizin Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, tanınmış mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar vardı.

Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Ankara Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı və Gürcüstanın “Melitassi” folklor rəqs ansamblının çıxışları dinlənildi.

Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Kollektivin əsasını qoyanlardan biri də görkəmli rəqqas və xoreoqraf, Xalq artisti Əlibaba Abdullayev olub. Azərbaycan incəsənətinin bənzərsiz xoreoqrafik ənənələrini, folklorumuzu, milli rəqslərimizin gözəlliyini və zərifliyini nümayiş etdirən kollektiv eyni zamanda rəqs sənətimizi onlarla ölkədə uğurla təmsil edib.

Ankara Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı Türkiyənin mədəni və folklor dəyərlərini yaşatmaq və tanıtmaq məqsədilə 1975-ci ildə yaradılıb. Kollektiv ölkə xaricində və daxilində çoxsaylı konsertlər verib. Kollektiv səciyyəvi türk xalq rəqslərini özünəməxsus şəkildə təqdim edir və repertuarında ölkənin fərqli bölgələrinin rəqsləri yer alır. Ansambl 60 ölkədə iki mindən çox konsertlə türk milli rəqslərini yüksək səviyyədə təqdim edib.

Gürcüstanın “Melitassi” folklor rəqs ansamblı isə nisbətən gənc kollektivdir. 2004-cü ildə yaradılan ansambl Gürcüstanla yanaşı xarici ölkələrdə də uğurlar qazanıb. Ansamblın tərkibi 2019-cu ildə peşəkar rəqqas, müğənni və musiqiçilərlə genişləndirilib.

Proqramda Azərbaycan Dövlət Rəqs Ansamblı “Mənim Azərbaycanım”, “Qavalla rəqs”, “Şələqoy”, “Toy”, “Qazaxı”, “Bahar”, “Qaytağı”, Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı “Van yörəsi”, “Zeybek solo”, “Trabzon yörəsi”, gürcü kollektivi isə “Xorumi”, “Kartuli”, “Acharuli”, “Jeirani”, “Svanuri”, “Karachogeli”, “Kintauri”, “Samaia” və “Kazbeguri” rəqsləri ilə səhnədə məharətlərini göstərdi. Hər üç kollektivin çıxışları sürəkli alqışlarla qarşılandı.

Konsert proqramından sonra festival iştirakçılarının tamaşaçılarla birlikdə Cıdır düzündə geniş bir halay çəkib yallı getməsi isə gerçəkdən seyr edilməli mənzərə idi...

 

Mədəni zənginliklərin təcəssümü

 

Mayın 14-də günün birinci yarısında Cıdır düzündəki böyük səhnədə ölkəmizin folklor kollektivlərinin konserti keçirildi. Proqramda ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi və rəqs kollektivlərinin çıxışları Azərbaycanın mədəni zənginliklər diyarı olmasının təcəssümü idi.

Konsertdə “Qorqud” folklor ansamblı (Bakı), xanəndə Rəvan Qaçayev, “Halay” talış folklor qrupu (Masallı), “Nənələr” ingiloy folklor qrupu (Balakən), “Adıgün” axıska türklərinin folklor qrupu (Saatlı), aşıq Elman Talıstanlı (İsmayıllı), “Cahan” avar folklor qrupu (Balakən), “Çeşmə” folklor ansamblı və “Hudulki” avar rəqs qrupu (Zaqatala) bir-birindən rəngarəng ifaları ilə tamaşaçıların marağına səbəb oldular.

Kollektivlərin ifasında “Lolo”, “Ləli”, “Halay”, “Şuşanın dağları”, “Çərkəz” rəqsləri, habelə “Ordubadi”, “Şirvan gözəlləməsi” aşıq havaları, avar xalq rəqsi, “Ey vətən!” və digər mahnılar, rəqslər alqışlarla qarşılandı.

 

Cıdır düzündə Misir musiqisi

 

Həmin gün Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki heykəlinin qarşısında qurulan kiçik səhnədə festivalın misirli qonağı, müğənni, bəstəkar, multiinstrumentalist Hamza Namiranın konsert proqramı oldu.

Musiqiçinin ifasında “Mawlood sanat – 80”, “Estaezo”, “Setta Sabahan”, “Malesh” və digər Misir mahnıları səsləndi. Uzaq Misirin musiqi ab-havasını Cıdır düzünə daşıyan ifaçının çıxışı alqışlarla qarşılandı.

Hamza Namira müasir ərəb musiqisinin məşhur simalarından biridir. İfaçı yaradıcılığında Misir xalq musiqisi, pop, rok və caza geniş yer verir. 4 albom buraxan sənətçinin mahnıları ərəb dünyasında böyük şöhrət qazanıb.

 

Bolqar folkloru, elektron musiqi və caz

 

Festivalın ikinci günü - mayın 13-də ilk olaraq Bolqarıstanın “Trigaida” qrupunun çıxışı olub. Maraqlı repertuarla ölkəmizə gələn qrup dinləyicilərə özünün məşhur musiqilərini ərməğan edib.

“Trigaida” Bolqarıstanın rəngarəng elektron musiqi istiqamətindən qaynaqlanan müasir kollektivdir. “Folktronika” triosuna multi-alət ifaçısı Georgi Marinov, folklor müğənnisi Asya Pinçeva və İvan Şopov daxildir. Qrupun rəhbəri rəssam, musiqiçi, prodüser və bəstəkar İ.Şopovdur. Ənənəvi bolqar folklorunun elektron musiqi və cazla uğurlu sintezinə nail olan ifaçının musiqi layihələri nağara və bas, İDM, caz, ambient, texno, rok və klassik musiqi kimi janrları əhatə edir.

 

“Pakistan rəngləri” və özbək “Bahar”ı

 

Həmin gün Üzeyir Hacıbəylinin heykəlinin qarşısındakı səhnədə “Pakistan rəngləri” (“Colors of Pakistan”) qrupu və Özbəkistanın “Bahar” (“Baxor”) Dövlət Rəqs Ansamblı çıxış etdi.

“Pakistan rəngləri” qrupu əsasən ölkənin Pəncab, Sind, Puştun, Bəlucistan və Gilgit daxil olmaqla müxtəlif bölgələrinin xalq rəqslərini yüksək professionallıqla təqdim edir. Pakistan təmsilçiləri tərəfindən “Sind”, “Balochistan”, “Pashtun KPK”, “Gilgit”, “Punjab”, “Bayot” rəqsləri təqdim edildi. “Bahar” ansamblı isə özbək ənənəvi musiqisi, “Kənddə oyun”, “Könül təranəsi”, “Pilla”, “Ləzgi Xarəzm”, “Larzon Buxara” və “Fərqanənin rübaisi” rəqslərini ifa etdi.

Özbəkistanın “Bahar” Dövlət Rəqs Ansamblı 1957-ci ildə yaradılıb. Qurucusu, bədii rəhbəri və baş xoreoqrafı SSRİ Xalq artisti Mükərrəm Turğunbayeva olan kollektiv hazırda onun adını daşıyır. Ansamblın bədii rəhbəri və baş xoreoqrafı Özbəkistanın Əməkdar artisti Ziyoda Mədrəximova, musiqi rəhbəri Əməkdar artist Məhəmmədcan Şakirovdur. Repertuarında 200-dən çox rəqsin yer aldığı ansambl müasir özbək rəqsinin nailiyyətləri ilə xalqının çoxəsrlik ənənəvi rəqs mədəniyyətini birləşdirir. Kollektiv tarixi, etnoqrafik və müasir xalq rəqsləri əsasında yeni məzmunlu səhnə rəqsləri də yaradıb.

 

Fransada yaşayan həmyerlimizin “Sarı gəlin”i

 

Şuşanın qala divarlarının yanında qurulmuş səhnədə festivalın ikinci günündə Fransada yaşayan həmyerlimiz, caz pianoçusu, bəstəkar, beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli və onun qrupu yer alıb.

Qrupun ifasında cazla muğamın sintezi, həmçinin Azərbaycan mahnılarının melodiyaları ilə dünya musiqisinin müxtəlif janrlarında, fərqli ritmdə, incə harmoniyalı kompozisiyaları tamaşaçılara yüksək zövq bəxş edib. O, bu dəfə tamaşaçılar üçün “Salam”, “Qara qaşın vəsməsi”, “Jamming Mugham”, “Mirror”, “Sarı gəlin” kompozisiyalarını səsləndirib.

Etibar Əsədli Fransanın CMDL (Centre des Musique Didier Lockvood) caz təhsili məktəbinin məzunudur. Musiqiçi eyni zamanda Avropanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə uğurla iştirak edir.

 

Şuşaya yaraşan “Cəngi”

 

Festivalın ikinci günündə həmçinin Cıdır düzündə böyük səhnədə Azərbaycanın “Cəngi” estrada folklor ansamblı və xanəndə, Əməkdar artist Qoçaq Əsgərovla, tarzən Arslan Növrəslinin etno-caz qrupu çıxış edib.

“Cəngi” ansamblı Cavanşir Quliyevin “Bura vətəndir”, Vasif Hüseynin “Hüzur”, xalq mahnısı “Leyla”, Vaqif Mustafazadənin “Qafqaz”, Eduardo di Capuonun “O sole mio”, Polad Bülbüloğlunun “Aman, aman ayrılıq”, Oqtay Kazıminin “Dağlar” və Vaqif Gərayzadənin “Ya sənindir, ya mənim” mahnılarını səsləndirib. Xalq artisti Mircavad Cəfərovun (ud) rəhbərlik etdiyi kollektivin ifası böyük alqışlarla qarşılanıb.

Sonra konsert proqramı xanəndə Qoçaq Əsgərovla tarzən Arslan Növrəslinin etno-caz qrupunun çıxışları ilə davam edib. Qrup “Bayatı-kürd”, “Blues-muğam”, “Şur” və “Yallı” kompozisiyaları ilə festivalın ab-havasını daha da yüksəldib, tamaşaçıların könlünü oxşayıb.

***

Xatırladaq ki, Şuşa şəhərində ilk dəfə 1989-cu ildə keçirilmiş “Xarıbülbül” festivalı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra, 2021-ci ilin mayında yenidən əzəli məkanına – Şuşaya qayıtdı.

Bu il isə “Xarıbülbül” sənət şöləni yenidən beynəlxalq folklor festivalı formatında keçirildi. Doqquz ölkədən kollektiv və ifaçıları bir araya gətirən Şuşamızın növrağı hələ qarşıdadır. Bu gün 28 illik yaralarını sürətlə sağaltdığımız mədəniyyət paytaxtımız bütün Qafqazın mirvarisi adını yenidən doğruldacaq, şöhrəti bütün dünyaya yayılacaq.

Nurəddin Məmmədli
Foto: Həbib Hüseynov