Azərbaycan

 

21 may 1922 – Şairə, dramaturq Cahan Hüseyn qızı Əfruz (Dilanova; 1922-1984) Tovuz rayonunda doğulub.

21 may 1928 – Tanınmış aktrisa, Azərbaycanın Əməkdar artisti, Rusiyanın Xalq artisti Tamilla Mirsüca qızı Ağamirova (1928 – 31.8.2021) Bakıda anadan olub. 1952-ci ildən Moskvada “Romen” teatrında çalışıb. “Azərbaycanfilm” Kinostudiyasında “Onun böyük ürəyi”, “Koroğlu”, “Əsl dost”, “Yenilməz batalyon” filmlərinə çəkilib.

21 may 2021 – Azərbaycanın, Rusiyanın və keçmiş SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Tahir Teymur oğlu Salahov (29.11.1928 – 2021) vəfat edib. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olub. Məşhur əsərləri: “Bəstəkar Qara Qarayevin portreti”, “Təmirçilər”, “Səhər eşelonu” və s.

 

22 may 1888 – Yazıçı, maarif xadimi Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev; 1888 – 28.1.1944) Göyçay mahalının Potu kəndində anadan olub. 1939-cu ildə Orta Asiyaya sürgün edilib, orada dünyasını dəyişib.

22 may 1918 – SSRİ Xalq artisti, görkəmli rejissor, teatrşünas, professor, Dövlət mükafatı laureatı Mehdi Əsədulla oğlu Məmmədov (1918 – 28.1.1985) Şuşada doğulub. Gəncə Dram, Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor işləyib. Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqı) sədri olub. “Onu bağışlamaq olarmı?” filmində çəkilib. 

22 may 1928 – Xalq rəssamı Nadir Sadıq oğlu Qasımov (1928 – 10.3.2000) Bakıda anadan olub. Yaradıcılığında portret janrı və mənzərə əsərləri xüsusi yer tutur. Əsərləri Tretyakov qalereyasında (Moskva), MDB ölkələrinin muzeylərində saxlanılır.

22 may 1937 – Bəstəkar, Xalq artisti Aqşin Əliqulu oğlu Əlizadə (1937 – 3.5.2014) Bakıda anadan olub. “Babək”, “Qafqaza səyahət” baletləri, kantata, simfoniya və digər janrlarda əsərlərin müəllifidir. Filmlərə (“Tütək səsi”, “Sizi dünyalar qədər sevirdim”) musiqi yazıb.

 

23 may 1524 – Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 – 1524) vəfat edib. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.

23 may 1905 – Əməkdar artist, rejissor Heydər Məşədi Aslan oğlu Şəmsizadə (1905-1981) Şuşada doğulub. Ağdam Dövlət Dram Teatrında çalışıb, Aşqabaddakı Azərbaycan teatrında tamaşalar qoyub.

23 may 1919 – Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimov (1919 – 10.4.2008) Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Şirin xatirə”, “Bahar yağışı”, “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir.

23 may 1959 – Əməkdar incəsənət xadimi, pianoçu İbrahim Hacıbaba oğlu Quliyev (1959 – 16.1.2010) anadan olub. Beynəlxalq Muğam Mərkəzinin direktoru (2009-2010) işləyib.

23 may 1961 – Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Ağabala qız Mirməmmədli (1961 – 4.1.2021) Bakıda anadan olub. Xalq mahnılarını xor üçün işləyib, filmlərə musiqi yazıb.

23 may 1986 – Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23.2.1911 – 1986) vəfat edib. Filarmoniyanın, Musiqili Komediya Teatrının direktoru, Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqı) sədri olub.

 

24 may 1874 – Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edərək “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında (1912) çap etdirib.

24 may 1879 – Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879-1941) anadan olub. “Nicat” xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.

24 may 1893 – İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 – 27.10.1938) Tiflisdə doğulub. Fortepianoda muğamların ifaçısı kimi məşhurlaşıb, pedaqoji fəaliyyət göstərib. Repressiya qurbanıdır.

24 may 1893 – Ədəbiyyatşünas Mustafa Zəkəriyyə oğlu Quliyev (1893-1938) Şəkidə anadan olub. Xalq maarifi komissarı (1922-1928) işləyib. Repressiya qurbanıdır.

24 may 1898 – Publisist, dramaturq, tərcüməçi Mirzə Bala Məmmədzadə (1898 - 8.3.1959) Bakının Zirə kəndində doğulub. 1924-cü ildə İrana, oradan Türkiyəyə mühacirət edib. Azərbaycan mühacirətinin mətbu orqanlarında yazılar yazıb, İstanbulda vəfat edib.

24 may 1899 – Şairə Ümgülsüm Sadıqzadə (1899-1944) Bakının Novxanı kəndində doğulub. 1937-ci ildə həyat yoldaşı, yazıçı Seyid Hüseyn repressiya edilərək güllələnib, Ü.Sadıqzadə Mordoviya həbs düşərgəsinə göndərilib. 1944-cü ilədək həbsdə qalıb.

24 may 1913 – Aşıq Ağalar (Ağalar Bilal oğlu Mikayılov; 1913-1988) Ağsu rayonunda Qəşəd kəndində doğulub.

24 may 1925 – Ədəbiyyatşünas, türkoloq, həkim Cavad Heyət (1925 – 12.8.2014) Təbrizdə doğulub. “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Türklərin tarix və mədəniyyətinə bir baxış” və s. əsərlərin müəllifidir. Azərbaycan dilində “Varlıq” jurnalını nəşr etdirib.

24 may 1930 - Şair, tərcüməçi Əli Səngərli (Məmmədov; 1930 – 23.4.2009) Borçalı bölgəsinin Faxralı kəndində anadan olub.

24 may 1948 – Xalq artisti Fuad Ağarəhim oğlu Poladov (1948 – 5.5.2018) Bakıda doğulub. Akademik Milli Dram, Rus Dram teatrlarında çalışıb. Kinoda (“Güllələnmə təxirə salınır!...”, “Ovsunçu”, “Küçələrə su səpmişəm” və s.), televiziya tamaşalarında xarakterik obrazlar qalereyası yaradıb.

24 may 1967 – Ədəbiyyatşünas, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (16.8.1925 – 1967) vəfat edib. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. pyeslərin müəllifidir.

24 may 1984 – Əməkdar artist, xanəndə Haşım Səmədbəy oğlu Kələntərli (1899, Lənkəran – 1984) vəfat edib. Akademik Opera və Balet Teatrında çalışıb.

 

Dünya

 

21 may 1471 – Alman boyakarı, qravüraçı və incəsənət nəzəriyyəçisi, İntibah dövrünün məşhur rəssamı Albrext Dürer (Albrecht Dürer; 1471-1528) anadan olub.

21 may 1906 – SSRİ Xalq artisti, rejissor, aktyor Sergey Gerasimov (1906-1985) anadan olub.

 

22 may 1813 – Alman bəstəkarı, dramaturq Rixard Vaqner (Wilhelm Richard Wagner; 1813-1883) anadan olub. Operaları: “Tristan və İzolda”, “Nibelunqlar üzüyü” (tetralogiya).

22 may 1859 – İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle; 1859-1930) anadan olub.

22 may 1891 – Alman şairi, incəsənət nəzəriyyəçisi Yohannes Bexer (Johannes Robert Becher; 1891 – 11.10.1958) anadan olub.

 

23 may 1891 — İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1951) laureatı Fabian Lagerkvist (1891-1974) anadan olub. Əsərləri: “Cəllad”, “Cırtdan”, “Varavva”, “Savilla” və s.

 

24 may 1899 – Belçika əsilli fransız şairi, rəssam Anri Mişo (1899-1984) anadan olub.

24 may 1905 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965) Mixail Şoloxov (1905 - 21.2.1984) anadan olub. Əsərləri: “Sakit Don”, “Oyanmış torpaq”, “İnsanın taleyi” və s.

24 may 1940 – Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987) İosif Aleksandroviç Brodski (1940 – 26.1.1996) anadan olub.

Hazırladı: Vüqar Orxan