Rəngkar Xuday İbrahimovun yubiley portreti

 

Milli təsviri sənətimizin son qərinəyə təsadüf edən inkişaf mənzərəsində yaradıcılığı gerçəkliyə fərqli bədii münasibəti ilə diqqətçəkən rəssamlardan biri də istedadlı rəngkar, Azərbaycan Rəssamlar İttifaqının üzvü Xuday İbrahimovdur. O, ölkəmizdə müxtəlif miqyaslı sərgilərdə fəal iştirak edərək sənətkar “mən”inin fərdi məziyyətlərlə başqalarından seçildiyini təsdiqləmişdir.

Bu il 60 yaşını qeyd edən rəssamın yaradıcı portretini yaratmaq cəhdimiz təkcə bu əlamətdar günlə bağlı olmayıb, əslində, onun dünyaya özünəməxsus baxış sərgiləməsini dəyərləndirmək və ictimailəşdirmək məqsədi daşıyır.

Öncə qeyd edək ki, rəssamın sənətdə fərdi baxış nümayiş etdirməsinin nəticəsidir ki, ərsəyə gətirdiyi əsərlər bədii şərhinin orijinallığına görə tamaşaçısının ixtiyarını əlindən almaq, onu ovsunlamaq gücündədir. Qənaətimizcə, Xuday İbrahimovun tanış mövzu və motivlərə bu qədər cəlbedici və düşündürücü görkəm verməsinin kökündə ilk növbədə müəllifin onu əhatə edənləri daha dərindən müşahidə etməsi, gördüklərindən qeyri-adi tutumda heyrətlənmək gücü dayanır. Odur ki, bu yerdə yaradıcı adamlara yönəli məşhur “Hamı baxır, amma hamı görmür” deyimini yada salmamaq olmur. Doğrudan da, Xuday İbrahimovun özünəməxsus “baxış bucağı”ndan uzaq-yaxın tariximiz, adları dilimizin əzbəri olan şəxsiyyətlərimiz, çoxlarına yaxşı tanış olan məkanlarımız və təbiət motivlərimiz əvvəlkilərdən çox fərqli görünməkdədir...

Bakıda (1981-1986) və Daşkənddə (1989-1994) xüsusi ixtisas təhsili alan Xuday İbrahimovun müstəqillik dövrünə təsadüf edən yaradıcılığı mövzu və janr rəngarəngliyi ilə seçilir. Onun süjetli kompozisiyalara daha çox meyil etməsini isə müəllifin məlum hadisələri rənglərin dili ilə əyaniləşdirmək, keçmişlə gələcək arasında mənəvi əlaqə yaratmaq, sələflərimizin yaşadıqlarını xələflərinə ötürmək istəyi ilə bağlamaq olar. Bu mənada “Müdriklərin söhbəti”, “Kənddə Novruz bayramı”, “Çayxana”, “Mis şəhər”, “Qəribə şəhər”, “Xalça və xalçaçılar şəhəri”, “Milli dəyərlərimizi qoruyaq!”, “Şirvanşahlar sarayı”, “İllüziya”, “Təbiət qoynunda məşvərət”, “Zamanın işi”  və s. tablolarında tamaşaçısını dialoqa çəkmək gücündə olan məqamlar kifayət qədərdir.

Öz yaradıcılığında realizm cərəyanı estetikasından istifadə etməsinə və görüntüyə gətirdiklərinin duyulası aydınlığına baxmayaraq, rəssamın əksər kompozisiyalarında fikir “aysberqliyi” duyulmaqdadır. Yəqin ki, bu cür yanaşma əsas fikri “gizlətməkdən” daha çox, onların çoxqatlı – seyrçini duyğulandırmaq gücündə olduğunu sərgiləmək məqsədi daşıyır. “Çayxana” əsərində nəhəng samovar ətrafında sıralanmış masalarda qərarlaşan müxtəlif yaşlı, fərqli maraq daşıyıcısı olan insanları bir araya gətirən rəssam, bu müxtəlifliyin təbii və cəlbedici görkəm almasını şərtləndirmişdir. Sinəsi sazlı aşığın  məkana bəxş etdiyi nikbin el havasının içilən çayın ləzzətinə, mükalimə mövzusuna çevrilən məsələlərin məzmununa rəng qata biləcəyi də duyulandır. Qənaətimizcə, bir qədər də təxəyyül nəticəsi olan bu gözoxşayan mənzərəyə müəllifin bədii tutum verməsinin alt qatında, bu cür mənzərələrin indiki şəraitdə yox dərəcəsində olması, əvəzində “gecə klubları”nın  çoxalmasından narahatlıq hissi duyulmaqdadır...

Rəssamın dağ kəndindəki Novruz bayramına verdiyi bədii görkəmdə (“Kənddə Novruz bayramı”), üç qocanın söhbətində (“Şirin söhbət”), zirvəsi qarlı dağların mükaliməsində (“Müdriklərin söhbəti”), misgərliyin unudulmasının xatırlanmasında (“Mis şəhər”), milli dəyərlərə biganəliyi qınayan münasibətində (“Milli dəyərlərimizi qoruyaq!”) rəssamın həm də vətənpərvərliyini əks etdirən mənəvi-psixoloji dəyərlərin təqdimatı qabarıq duyulur.

Xuday İbrahimovun yaradıcılığının yaddaqalan xüsusiyyətlərindən biri də onun ayrı-ayrı əsərlərini hamıya yeni və maraqlı görünə biləcək, ən başlıcası isə, duyğuladırıcı tutumda mənalandıra bilməsidir. Bu baxımdan onun “Nar yetişdi” əsərindəki rənglərdən “boylanan” obrazlı təqdimatını xüsusi vurğulamaq istərdik. Nar ağacları ilə vəhdətdə verilmiş gözəllərin təsviri xalq mahnısının “Bu gələn yar olaydı, yaxası nar olaydı. İkimiz bir köynəkdə, yaxası dar olaydı...” misraları ilə necə də həmahəng səsləşir...

Kənddən əziz babasının görüşünə tələsən nəvənin sevincini (“Baba, biz gəldik!”), şəhidlik zirvəsinə ucalan gəncin dəfnindəki el kədərini (“Şəhid dəfni”), yaradıcı ümidləri qırılmış gənc rəssamın yoxluğunu (”Bir rəssam vardı”), çoxsaylı bədii ayrıntılardan tərtib olunmuş əsərlərin dominantına çevirməklə, kompozisiyaların bütövlüyünü əldə etməsini müəllifin mövzuya özünəməxsus yanaşmasının nəticəsi hesab etmək olar.

Rəssamın məşhur şəxsiyyətlərin obrazlarına müraciətində də fərqli bədii münasibət duyulmaqdadır. Dahi İmadəddin Nəsimi və görkəmli söz xiridarı Molla  Pənah Vaqifə həsr olunmuş portretlərində onları səciyyələndirən ikonoqrafik əlamətlər məşhurların ömür yolu ilə bağlı ayrıntılarla zənginləşdirildiyindən, obrazlar tamaşaçı üçün daha zəngin görünməkdədir. Taleyini Şuşa ilə bağlayan Vaqifi Yuxarı Gövhər ağa məscidi, Nəsimini isə Şirvan mənzərəsi ilə əlaqəli təqdim edən müəllifin bu cür “tanınma nişan”ları həm də tarixə bələdliyinin göstəricisidir.

Milli tariximizin yaşadılması Xuday İbrahimovun yaradıcılığından qırmızı xətt kimi keçir desək, yanılmarıq. Rəssamın mənzərə janrında çəkdiyi “Gəncədə İmamzadə ziyarətgahı”, “Günəşli İçərişəhər”, “Şuşa tutu”, “Şah Abbas məscidi”, “Kəpəzin ətəklərində” və digər neçə-neçə əsərdə mövcud məkanların ümumi görkəmini gələcək nəsillərə çatdırmaq istəyi qabarıqdır. Lakin bu cür yanaşma, sadəcə, zahiri oxşarlığın əldə edilməsindən ibarət olmayıb, həm də görünənlərin qürurverici qəbul olunmasına xidmət edir.

Xuday İbrahimovun bir qərinəlik yaradıcılığının məntiqli məna-məzmun yükünə görə yaddaqalan, milli təsviri sənət saxlancımıza layiqli töhfə olduğunu söyləmək olar. Odur ki, onun altmış yaşın zirvəsindən dönüb geriyə – ərsəyə gətirdiklərinə qürurla baxmağa tam haqqı çatır. Bunu söyləməyə onun müxtəlif mövzulu əsərlərinin hər birinin ayrı-ayrı janrların “estetik xəritəsi”ni genişləndirməyə xidmət etməsi əsas verir...

Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, professor