İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən konfransında iştirak edən Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının deputatları mayın 17-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar. Görüş çərçivəsində Türk dünyasının böyük söz ustadı, özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunmuş tədbir və fondun himayəsi ilə çap olunan “Əlişir Nəvai. Əsərləri” kitabının təqdimat mərasimi təşkil edilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq təşkilatın məqsəd və fəaliyyəti barədə danışıb. Özbək xalqının qədim mədəniyyəti, dünya elminə və mədəniyyətinə töhfələr bəxş etdiyi şəxsiyyətləri, memarlıq abidələri ilə Türk dünyasında xüsusi yerə sahib olduğunu deyən Günay Əfəndiyeva Özbəkistan ilə əməkdaşlığın təşkilat üçün önəmini vurğulayıb. Fond tərəfindən Özbəkistanın qədim irsinin tanıdılması istiqamətində layihələrin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, belə layihələrdən biri təşkilat tərəfindən Əlişir Nəvainin 580 illiyi münasibətilə çap olunan kitabdır. Əlişir Nəvainin şeirlərinin yer aldığı kitabı özbək miniatürləri bəzəyir. “Nəvainin şah əsəri sayılan “Xəmsə”ni türk dilində yazması onun Türk dünyasına olan sevgisinin, ehtiramının və bağlılığının təzahürüdür”, – deyə G.Əfəndiyeva vurğulayıb. 

Fondun prezidenti kitabı çağataycadan Azərbaycan dilinə uyğunlaşdıran filologiya elmləri doktoru Ramiz Əskərin nəşrin ərsəyə gəlməsində əməyini yüksək dəyərləndirib.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov tədbirin təşkilinə görə təşəkkürünü bildirərək deyib ki, Nəvai həyatını türk dilinin inkişafına həsr edib. Türk dilində özünəməxsus yazı üslubu ilə seçilən Əlişir Nəvai həmçinin öz dövrünün böyük ehtiram sahiblərindən olub. Böyük şair əsərlərində ümumbəşəri ideyaları tərənnüm  etməklə, milyonlarla oxucunun qəlbində yer qazanıb.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov tədbirin önəmindən bəhs edərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun xalqlarımızın ədəbiyyatının, mədəniyyətinin yaxınlaşması, irslərimizə ortaq şəkildə sahib çıxmağımız üçün mühüm işlər gördüyünü deyib. Bildirib ki, Əlişir Nəvainin yaradıcılığı türk ədəbiyyatının bənzərsiz nümunələrindəndir.

Tədbirdə daha sonra özbəkistanlı deputatlar Oydin Abdullayev, Xurşid Dosmuhamedov, Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxış ediblər. Vurğulanıb ki, Türk dünyasının gələcəyini təyin edəcək faktorlar ortaq ədəbiyyatımız, tariximiz, mədəniyyətimizdir.

Filologiya elmləri doktoru, professor Ramiz Əskər tərtib etdiyi kitab haqqında məlumat verib. Bildirib ki, Əlişir Nəvai çağatay ədəbiyyatının şahıdır və Türk dünyasının ən böyük şairlərindəndir.

Tədbirin bədii hissəsində ədəbi-musiqili kompozisiya təqdim edilib. Nəvainin şeirləri oxunub, Özbəkistanın milli musiqisi səsləndirilib.