20-27 may tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-ci Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək. Festival müxtəlif ölkələrdən virtuoz pianoçulara özünü Bakı səhnəsində nümayiş etdirməyə imkan verəcək.

Mayın 19-da festivala həsr olunan mətbuat konfransı keçirilib. Festivalın təsisçisi və direktoru, Əməkdar artist Şahin Növrəsli layihə barədə məlumat verib. Qeyd edib ki, paytaxtın musiqi salonlarında ümumilikdə 15-ə yaxın konsertin keçirilməsi nəzərdə tutulub. Konsertlərdə caz, flamenko, tanqo, klassik və s. musiqilər ifa olunacaq.

Festival klassik musiqi ilə açılacaq. Filarmoniyada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Xalq artisti Yalçın Adıgözəlov) müşayiəti ilə fransız pianoçu Remi Jenyenin ifasında Lüdviq van Bethovenin “Fortepiano və orkestr üçün 5 nömrəli konsert”i səslənəcək.