Paytaxt teatrları, onların üslubu, repertuarı, yaxşı tanıdığımız truppaları, potensialına bələd olduğumuz rejissorlarının işini, sözsüz ki, davamlı izləyib fikirlərimizi bölüşürük. Amma paytaxtdan kənarda fəaliyyət göstərən teatr müəssisələri ilə bağlı bunu ürəklə demək elə də asan deyil. Səbəblərdən biri də teatrları bir araya gətirən qastrol, festival və səfərlərin azlığıdır. Bütün bunları nəzərə alaraq, Gəncə Dövlət Dram Teatrının mayın 19-20-də Bakıda tamaşa nümayişi xəbərinə ürəkdən sevindim...

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş olunan ikihissəli “Cavad xan” tamaşası seyrçi sarıdan qıtlıq çəkmədi. Qocaman Gəncə teatrı həvəskarları, əsas etibarilə də gəncəlilər sevdikləri Cavad xanın (1748-1804) – Gəncə xanlığının sonuncu hökmdarının gerçək şöhrətinin işığına həvəslə toplaşmışdılar. Tarixi dram pərdələr açılandan artıq özü haqqında ilkin rəyi ifadə etdi: biz sırf klassik dram görəcəyik.

Yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədlinin eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşaya Əməkdar incəsənət xadimi Əsgər Əsgərov quruluş verib. Dəvətli rejissorla birlikdə rejissor kimi Elşad Əhmədov da əlindən gələni edib. Səhnə əsərinin quruluşçu rəssamı Mirzə Mehdi, musiqi tərtibatçısı Sevda Əliyeva, geyim üzrə rəssamı Leyla Əliyeva idi.

Tarixi həqiqətlərin bədii təxəyyüldə fərqli mübadilə olunduğu tamaşada Cavad xan rolunu Əməkdar artist Elxan Yunis, onun həyat yoldaşı Mələknisə xanım rolunu isə Xalq artisti Pərvanə Qurbanova oynayırdı. Digər rolları Əməkdar artistlər İlham Hüseynov (Sisianov), Ramiz Vəliyev (İmperator), Novruz Cəfərov (Məmməd kişi), Salamulla İsmayılov (Axund), eləcə də aktyorlar Murad Meyfəliyev (Hüseynqulu ağa), Ruslan Hüseynov (Portnyagin), Günay Cabbarova (Aysel), Emil Salmanov (Orxan bəy), Sevinc Hüseynova (Gülqönçə), Akif Səfərov (Şair), Zəminə Cəfərova (Salatın) və başqaları ifa edirdilər.

Onu da deyim ki, ikinci-üçüncü dərəcəli rolları ifa edənlərin əksəriyyəti həvəskarlar – teatrın nəzdindəki “İkinci nəfəs” studiyasının yetirmələri idi. Amma peşəkar aktyorlarla həvəskarlar arasında fərq, demək olar ki, hiss olunmadı. Yaxşı hal kimi vurğulanmalı bu məqamı digər bölgə teatrlarına, əsasən də yeni nəsil aktyor və aktrisa sarıdan böhran yaşayan sənət ocaqlarına da tətbiq etmək olar. Deməli, qocaman, peşəkar yerli səhnə, sənət xadimlərini işə cəlb etməklə yararlı truppa formalaşdırmaq olar və dediyim kimi, Gəncə teatrının nümunəsində bu, elə də əlçatmaz arzu deyil. Daha çox sevindiyim məqam məhz həmin rollara dublyorların olması idi. Bu da deməyə əsas verir ki, tamaşa quran rejissorun aktyor sarıdan çətinliyi olmayacaq. Bu mənada “Cavad xan”ın gənc heyəti maraqlı, baxımlı, dinamik və rəngarəng oyunları ilə yadda qalmağı, daha doğrusu, peşəkar və titullu aktyorlarla yarışa biləcəklərini də göstərdilər.

Tarixi şəxsiyyətlərin və real hadisələrin əks olunduğu əsərlərə verilən quruluşlarda təsvir və onun plastik həlli zəruridir. Bu həm dinamikanı artırır, həm estetik baxımdan ümumi təsvirə ayrı bir özəllik qatır, həm də aktyorların plastikasını, nitq və oyun texnikaları ilə bərabər fiziki imkanlarını da qısa və təsirli nümayiş etdirir. Nədənsə, yaradıcı heyət buna elə də önəm verməmiş və bunun əvəzində Cavad xanın mütəmadi əlində saxladığı qılıncını, demək olar ki, əynindən çıxarmadığı zirehini, sadəcə, rekvizit kimi görmüşdü. Hərçənd həm Elxan Yunusun, həm də onun tərəf-müqabillərinin bunu ifadəli nümayiş etdirə biləcək fiziki imkanları vardı. Qısacası, bu ağır və mətn baxımından yüklü tamaşada təsvirçilikdən qaçmaq əvəzinə ona plastika da vermək uğurlu olardı.

***

Bu məqamda daha bir nüansa diqqət çəkmək istəyərdim. Tamaşa boyu müəllifin Cavad xana və onun yaşadığı dövrə böyük sevgi və ehtiramının şahidi olduq və düşünürəm ki, bu, çox normaldır. Pyesdə cərəyan edən hadisələr ümumən Gəncənin son müqavimətini – həmin ağır və qəhrəmanlıqla dolu dönəmi əhatə edir. Azadlıq amalı uğrunda gözünü qırpmadan övladlarından belə keçən qətiyyətli, əzmkar və mübariz Cavad xanın timsalında ümumən Gəncə və gəncəlilərin mətin obrazını, ümumiləşmiş portretini görə bilirik. Müəllifin psixoloji realizm üslubunda ərsəyə gətirdiyi əsərdə xalq olaraq başımıza gətirilən bəlaların fərqli və çox ağır detallar üzərindən analizi də var. Biz burada güclü, mübariz, vətənsevər kişi və qadın obrazlarını, xalqının, el-obasının azadlığı uğrunda həyat adlı şirin nemətdən gözüyumulu vaz keçən gəncliyin simasını sezirik. Səhnə əsərində qorxmaz və döyüşkən Cavad xan və ailəsi, ümumən gəncəlilərin timsalında pərən-pərən olunmasına, xanlıqlara bölünərək parçalanmasına rəğmən yenə də bir olmaq, mübarizə aparmaq istəyən xalqın ümumi ağrı və dərdləri də ön plana çıxır.

Bunlar öz yerində. Amma Cavad xan, onun mübarizəsi haqqında məlumatlı adamlar da bir çox suallar qarşısında qalmışdı. Ümumiyyətlə, tarixi dramı tamaşaya çevirmək istəyən rejissor və yaradıcı heyət müəllif qədər məsələyə mövzu və ideyaya həssas yanaşmalı, yalnız qarşısındakı mətndən asılı qalmamalıdır. Bu mənada düşünürəm ki, nə Cavad xan, nə onun həyat və döyüş yolu, nə də Gəncə və ətraf ərazilərin insanlarının halı-həyatı bu səhnə işində özünün tarixi və bədii izahını dolğun tapmayıb. Yəni biz müəllifin tarixi hadisələrlə təxəyyülü arasındakı keçidlərdə ayaqüstü dolaşdıq. Əslində, bunu quruluş həlli ilə tarazlamaq olardı. Amma rejissor məsələnin tam şəxsiyyət formulu üzərində dayanır və biz yalnız qəhrəmanların ayrı-ayrılıqda faciəsini görürük.

Klassik tamaşa – adı üstündə – sırf klassik həll istəyir. Bu həm tərtibata, musiqi həllinə, geyimə, mizanlara, həm də səhnələr arasındakı keçidlərə aiddir. Məsələn, İmperatorun sarayı ilə Cavad xanın imarəti, qırğına verilmiş kəndlilərlə xan sarayının qarovul dəstəsi, kəndin axundu ilə şairi, ümumiyyətlə, həllin musiqisi ilə tərtibatı arasında mütləq bir rabitə qurmalısan. O rabitə ki, biz səhnədə ansambl işi görək və ilk səhnədən kolorit, məişət, həyat tərzləri arasında təsəvvürümüzü qüvvətləndirər. Doğrudur, musiqi həllində, xüsusən şifahi xalq ədəbiyyatından seçmələrdə, bayatı və oxşamalarda bu tarazlıq saxlanılmağa çalışılmışdı. Amma burada da motivlə qəhrəmanlar, hadisələrin iştirakçıları arasında rabitəsizlik özünü göstərirdi. Ümumiyyətlə, dram ilə faciə arasında incə fərqi duymaq və mizana oturtmaq asan məsələ deyil.

***

Gələk tamaşanın əvvəlindəki səhnələrə – kəndlərə hücum nəticəsində öldürülən yaxınlarını ağlayan sadə insanlara. Bizim xalq olaraq ağrını, kədəri, sevinci, təəssüfü ifadə üçün şüurumuza oturuşmuş təsvir formaları var. Burada kədərlə dözüm, bitkinlik və mübarizlik həmişə tarazlıqda olur. Bu təsvirdə isə biz gah hadisə yerinə gəlib ağır sarsıntısını ifadə edən Cavad xana sönük etiraz ilə güc nümayişini, gah da qadınlı-kişili ağlaşmanı gördük. Düzdür, burada nəticə olaraq oğlu ölmüş qadının ərinin silahına sarılması, onu Cavad xana verməsi də öz əksini tapır. Amma bu, ağlamalar fonunda sönük qalır. Yəni biz qiyaməti görsək də, qisas hissini sezə bilmirik.

Ümumiyyətlə, tamaşada qəribə bir təzada da köks ötürdük: göz yaşları, çarəsizlik, məğlubiyyətə fokuslanma əsas planda idi. Yəni ilk replikalardan biz tamaşaçı olaraq artıq hansı aqibətlə rastlaşacağımızı bilirdik. Rejissor nə aktyoruna, nə də tamaşaçısına hadisə, səbəb, nəticə və onun effekti ilə bağlı düşünməyə icazə vermir. Bu minvalla biz Cavad xan başda olmaqla heç bir obrazın daxili üsyanına və bəraət çırpıntısına şahid olmadıq. Hərçənd aktyorlar əsərdən və ümumən prototiplərindən irəli gələn formalaşmış təəssüratı bəzən təsirli, bəzən də yüklü pafosa qatıb tamaşaçıya ötürmək yarışında idilər. Dediyim kimi, tamaşaçıdan aktyora səhnə işinin ən sarsılmaz və yəqin həm də tək rabitəsi Cavad xan faktoru idi. Qalan bütün nəsnələr – quruluş həlli, tərtibat və aktyor oyunu onun arxasınca dolaşırdı.

Cavad xanın qonşu xanlıqlara müttəfiqlik və kömək üçün müraciəti, Sisianovun məktubuna vuruş ilə cavabı, ermənilərin xəyanətkarlığı, sadə azərbaycanlı qızı Gülqönçə və tamaşanın digər qadın obrazlarının qəhrəmanlığı, Gəncə xanının son nəfəsinədək apardığı mübarizə təsviri fakta əsaslandığından təsirli idi. Bəzi aktyor oyunlarındakı heç bir təsir yaratmayan pafos və oyun üzərində oyunu, dekorasiya və rekvizitlərdəki izafi təsvirçiliyi, xüsusən hərəkətli rekvizitlərin aktyorlarla “yola getməməsi”ni nəzərə almasaq, maraqlı tamaşaya baxdıq.

Düşünürəm ki, zəngin tarixi və əzəmətli yeni binası olan Gəncə Dövlət Dram Teatrının Bakı qastrolları da ənənəvi hal alacaq və biz daha yeni və maraqlı səhnə nümunələrini izləyəcəyik...

Həmidə Nizamiqızı