XX əsrin birinci yarısında Azərbaycan milli istiqlal mübarizəsində fədakarlıq göstərən ziyalılarımızdan biri jurnalist, şair və yazıçı Mirzə Bala Məhəmmədzadə olub. Cümhuriyyət sevdalısı olan ədib haqsız təqiblər üzündən mühacir ömrü yaşayıb. Mübarizə əzmini itirməyərək milli düşüncə naminə yazıb-yaradıb.

Mirzə Bala Məhəmmədzadə 1898-ci ildə Bakının Zirə kəndində dünyaya göz açıb. Bir müddət sonra ailəsi Bakının Çəmbərəkənd məhəlləsində məskunlaşır. O, ilk təhsilini rus-tatar (Azərbaycan) məktəbində alır. Sonra görkəmli maarifçi Həbib bəy Mahmudbəyovun məktəbində təhsilini davam etdirir. Ərəb və fars dillərini öyrənir. Şagirdlər arasında nümunəvi davranışı, iti yaddaşı və aydın nitqi ilə seçilir.

Erkən çağlardan yaradıcılığa maraq göstərən Mirzə Bala mətbuatda publisistik yazılarla çıxış edir, şeirləri işıq üzü görür. Orta məktəbi bitirdikdən sonra Bakı Politexnik Texnikumuna qəbul olunur. Həmin il Mirzə Balanın atası vəfat edir. Başsız qalan ailə maddi çətinliklə üzləşir. O, ailəni dolandırmaq üçün anasına kömək edir, hər çətinliyə qatlaşır. Eyni zamanda Bakıda müxtəlif ictimai-mədəni təşkilatlarla əlaqə qurur. Keçirilən toplantılarda fəal iştirak edir. Həmin tədbirlərin birində görkəmli dramaturq Cəfər Cabbarlı ilə qarşılaşır. Bu tanışlıq sonralar möhkəm əqidə dostluğuna çevrilir.

Məhəmməd Əmin Rəsulzadənin 1915-ci ildən nəşr olunan “Açıq söz” qəzetindən əməkdaşlıq təklifi alır. Dövri mətbuatla əlaqələrini genişləndirir, xüsusilə “Bəsirət” qəzetində publisist yazılarla müntəzəm çıxış edir. Şəhərdə müsəlmanlar arasında məzhəblə bağlı nifaq salmaq istəyənləri tənqid atəşinə tutur. C.Cabbarlı ilə birlikdə “İttifaqi-mütəllimin” və “Qafqaz Tələbələrinin Mərkəzi Komitəsi” təşkilatlarının qurulmasında və təşkilatın idarə olunmasında fəal iştirak edir. Onun yüksək fəallığı nəzərə alınaraq təşkilatların “Gənclər sədası” qəzetinin redaktoru təyin edilir.

M.B.Məhəmmədzadə 1918-ci ilin əvvəlində Tiflis şəhərinə gedir. Burada həftəlik, sonra isə ayda iki dəfə işıq üzü görən “Gənclər yurdu” jurnalını nəşr etdirir. O, Tiflisdə olarkən “İki inqilab arasında” kitabı çap olunur.

Tanınmış ziyalı və ictimai xadim Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını ürəkdən alqışlayır, yeni respublikanı istəməyən qüvvələri məqalələrində tənqid edirdi. M.B.Məhəmmədzadə 1918-ci ilin 7 dekabrında Cümhuriyyət parlamentinin açılışında C.Cabbarlı ilə birlikdə stenoqrafçı kimi fəaliyyət göstərmişdi. Professor Asif Rüstəmli araşdırmasında yazır: “Mirzə Bala AXC Parlamentində siyasi debatları izlədikcə, hər bir firqə nümayəndəsinin çıxışlarından süzülən mənanı, məkri, hiyləni duyduqca azad, müstəqil ölkənin özgə təsirləri, əsarəti altına düşmüş siyasətçisinin bədbəxt, mağmın halına acıyırdı. Müəllif həm ittihadçıların, həm də sosialistlərin demokratik cümhuriyyət quruluşu haqqında yanlış mövqedə olduğunu tənqid edirdi”.

M.B.Məhəmmədzadə eyni zamanda Cümhuriyyətin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin yayın müdiri kimi o illərdə hərtərəfli siyasi fəaliyyət göstərmişdi. 1919-cu il sentyabrın 17-də Mirzə Balanın “Bakı uğrunda mübarizə” pyesi Azərbaycan Dövlət Teatrı tərəfindən tamaşaya qoyulmuşdu.

Azərbaycan 28 aprel 1920-ci ildə bolşevik Rusiyası tərəfindən işğal edilir. Mənən ruhdan düşən, sarsılan yazıçı bir müddət işsiz qalır. Sonra Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçilik, Bakının müxtəlif məktəblərində müəllimlik edir. Dövri mətbuatla da əlaqəsini kəsmir. “Yeni yıldız” jurnalında Azərbaycan tarixinə dair silsilə məqalələr dərc etdirir. 1922-ci ildə “Azərbaycan türk mətbuatı” adlı kitabı işıq üzü görür.

Həmin ərəfədə xalqların milli-mənəvi dəyərlərinə qənim kəsilən bolşeviklər milli düşüncə tərəfdarlarının təqibinə başlayırlar. Şübhəli görsənən hər kəs həbs edilir. 1923-cü ildə “İstiqlal” qəzetinin mətbəə işçiləri və redaksiya heyəti də saxlanılır. Vəziyyəti belə görən Mirzə Bala 1924-cü ilin mayında Cənubi Azərbaycanın Ənzəli şəhərinə gedir. Sovet kəşfiyyatı onu təqib edir. Bundan xəbər tutan Mirzə Bala bir müddət Tehran, Təbriz və Sulduz şəhərlərində gizli fəaliyyət göstərir. Kəskin məqalələrlə “Yeni Qafqasiya” jurnalında çıxış edir. O, 1927-ci ildə İranı tərk edərək İstanbula gedir. Burada M.Ə.Rəsulzadənin yaxın silahdaşına çevrilərək “Azəri-türk”, “Odlu yurd”, “Azərbaycan yurd bilgisi” jurnallarında sovet siyasətini tənqid edən yazılar dərc etdirir. Sənədlərini İstanbul Universitetinin Hüquq fakültəsinə verir. Eyni zamanda Azərbaycan mühacirlərinin nəşriyyat işinə rəhbərlik edir. M.Ə.Rəsulzadənin 1930-cu il avqustun 7-də nəşr etdirdiyi həftəlik “Bildiriş” qəzetində yazılar çap etdirir. SSRİ-yə qarşı Türkiyədə mübarizə aparılması qadağan edilən sövdələşməyə əsasən, 1931-ci ildə Rəsulzadə Türkiyəni tərk edir. Buna görə də qəzetin redaktorluğu ona həvalə olunur. Ancaq onun da redaktorluğu uzun çəkmir. Qəzet bağlanır və o da İstanbulu tərk edir...

M.B.Məhəmmədzadə uzun müddət Avropanın bir neçə şəhərində mühacirət həyatı yaşayır. Qəzet və jurnallara məqalələr göndərir. Varşavada “Milli Azərbaycan hərəkatı. Milli Azərbaycan “Müsavat” Xalq Firqəsinin tarixi” adlı əsərini yazır. Əsər 1938-ci ildə Berlində “Qurtuluş” jurnalının mətbəəsində çap olunur. II Dünya müharibəsi başlananda o, Varşavanı tərk edir və İstanbula qayıdır. Burada “Türk və İslam ensiklopediyası” redaksiyasında işə düzəlir. “Azərbaycan tarixində türk Albaniyası” adlı (1951) əsərini qələmə alır. 1954-cü ildə yenidən Almaniyaya qayıdan M.B.Məhəmmədzadə 1959-cu ilədək Almaniyanın Münxen şəhərində ABŞ-ın yaratdığı SSRİ-ni öyrənmə institutunda Qafqaz bölməsinin müdiri vəzifəsində işləyir. Eyni zamanda institut tərəfindən nəşr olunan “Azərbaycan dili” adlı siyasi jurnalın redaktoru olur. İnstitutda iki il elmi şuranın sədri, iki il də sədr müavini vəzifəsini icra edir. Seminar və konfranslar keçirərək kommunist ideologiyasının SSRİ məkanında törətdiyi cinayətlər haqda dünya ictimaiyyətinə məlumat verir.

Onun “Proletar ədəbiyyatı milliyyətçi ədəbiyyatın vahid cəbhəsi qarşısında”, “Ədəbi hakimiyyət qovğası”, “Azəri-türk ədəbiyyatının dünəni və bu günü”, “Müasir Azərbaycan şairləri”, “Romantik və realist cərəyanların mücadiləsi”, “Milli dil və milli kültür”, “Cəfər Cabbarlı”, “Mirzə Ələkbər Sabir”, “Sovet dil siyasətinin bugünkü səhifəsi”, “Dədə Qorqud”, “Milli dastanlarımıza dair” və s. məqalələrində ədəbiyyatımızın dünəni və bu günü ilə bağlı fikirləri diqqət çəkir.

Ömrü mühacirətdə keçən, tariximizdə və qəlbimizdə milli mübariz kimi heykəlləşən Mirzə Bala Məhəmmədzadə 8 mart 1959-cu ildə İstanbulda vəfat edib, Qaracaəhməd məzarlığında dəfn olunub.

Savalan Fərəcov