Mayın 20-də Milli Xalça Muzeyində “Danışan abidələr” adlı fotosərgi açılıb. Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər çərçivəsində təşkil olunan sərgidə Qarabağın ermənilər tərəfindən işğalı dövründə dağıdılmış muzey və tarixi-mədəni abidələrimizin fotoları nümayiş etdirilib.

Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsi Muzey və daşınar mədəni irs sektorunun müdiri Altun Mikayıllı, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədov, sənətşünas Elçin Şamilli, memar, sənətşünas Elçin Əliyev çıxış edərək tarixi abidələrin qorunmasının əhəmiyyətindən danışıblar.

Fotolardakı abidələr haqqında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri məlumat veriblər.

Muzeydə həmçinin Əməkdar rəssam Yelena Haqverdiyevanın tekstil vitrajların hazırlanması, Əməkdar rəssam Taryer Bəşirovun çətən üzrə ustad dərsləri olub.

Muzeyin balaca dostları üçün isə “Şuşa İli” münasibətilə “Uçan xalça” marionet tamaşası göstərilib. Tamaşa muzeyin Uşaq şöbəsi və muzeyin nəzdində fəaliyyət göstərən “Uşaq birliyi”nin üzvləri tərəfindən ərsəyə gətirilib.