Mədəniyyət naziri Anar Kərimov mayın 23-də Özbəkistan Respublikası Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduxakimov ilə görüşüb. 

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Anar Kərimov 2022-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunan festivallarda ölkələrimizin musiqi kollektivlərinin qarşılıqlı olaraq iştirak etməsini xüsusi vurğulayıb. 12-14 may tarixində Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında Özbəkistanın “Baxor” Dövlət Rəqs Ansamblının çıxışlarını yüksək qiymətləndirən nazir yaradıcı kollektivin bu sənət bayramında fəal iştirakına görə təşəkkürünü bildirib.

Səmimi qəbula və xoş sözlərə görə nazirə minnətdarlıq edən Aziz Abduxakimov bildirib ki, iki ölkə arasında həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əlaqələr əməkdaşlığın daha da genişləndirilməsinə imkan verir. Qonaq Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar keçiriləcək tədbirlərdə Özbəkistanın da əməkdaşlığa hazır olduğunu bildirib.