Şamaxı şəhəri 2023-cü il üçün “Türk Dünyasının Turizm Paytaxtı” seçilib. Bu barədə qərar Türk Dövlətləri Təşkilatı (TDT) turizm nazirlərinin mayın 24-də Şamaxı şəhərində keçirilən 7-ci iclasında qəbul edilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Macarıstanın turizm sahəsi üzrə rəhbər şəxsləri, həmçinin TDT-nin Baş katibi Bağdad Amreyev iştirak edib.

Toplantını giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, koronavirus (COVİD-19) pandemiyasının iki il sürən mənfi təsirindən sonra ölkəmizdə də turizm sektorunda bərpa prosesi başlayıb. Bu ilin 4 ayında ölkəyə gələn turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 103 faiz artıb.

Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni-tarixi abidələrin dağıldığını deyən DTA sədri bildirib ki, hazırda azad edilmiş ərazilərdə bərpa işləri ilə yanaşı bu ərazilərin turizm potensialı da araşdırılır. “Əminəm ki, Qarabağ tezliklə turistlərin ən çox səfər edəcəyi destinasiya olacaq”, - deyə F.Nağıyev vurğulayıb.

Qeyd edək ki, tədbirin gündəliyində təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri arasında birbaşa uçuş sayının artırılması, bilik və təcrübə mübadiləsi əsasında tarixi İpək Yolunun turizm potensialının istifadə edilməsi, “Müasir İpək Yolu Birgə Turu”nun və “Türk Dünyası Turizm Paytaxtı” layihələrinin həyata keçirilməsi, qış turizmi üzrə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər yer alıb. Həmçinin “Türk Dünyası Turizm Paytaxtı haqqında Əsasnamə”nin yekunlaşdırılması, “TDT-nin Turizm üzrə Yol Xəritəsi”nin tamamlanması və digər məsələlər nəzərdən keçirilib.

Bir gün öncə, mayın 23-də Şamaxıda TDT-nin Turizm üzrə İşçi Qrupunun 17-ci iclası keçirilib. İclasda BMT-nin Dünya Turizm Təşkilatı tərəfindən həyata keçirilən layihənin analoqu olaraq türk dövlətlərinin “Ən Yaxşı Turizm Kəndləri” təşəbbüsü, turizm əhəmiyyətli ortaq mədəni irs elementlərini özündə birləşdirən İpək Yolunun transmilli nominasiya üzrə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün birgə müraciətin hazırlanması üzrə tərəfdaşlıqla bağlı da müzakirələr aparılıb.