Tarixdə hökmdar xanımlarının adına ucaldılan xeyli türbə, məscid, salınan bağ və yazılan kitablar var: Naxçıvanda Möminə xatın, Hindistanda Tac Mahal türbələri, Babildə (indiki İraq ərazisi) Semiramidanın asma bağları və s. Möcüzə hesab edilən məkanlardan biri İranda Qacarlar səltənətinin hökmdarı Fətəli şahın xanımı Ağabəyim ağanın adını daşıyan “Vətən bağı”dır...

“Şuşanın simaları” rubrikasında bu dəfə Qarabağ xanı İbrahimxəlil xanın qızı, şairə, diplomat, hicran, nisgil simvolu Ağabəyim ağa haqqında söz açacağıq.

1780-ci ildə Şuşanın Xankəndi kəndində dünyaya göz açan Ağabəyim ağanın əksər hökmdar övladları kimi, təlim-tərbiyəsi və təhsilinə ciddi diqqət yetirilir. Ərəb və fars dillərini mükəmməl öyrənir. Erkən çağlardan poeziyaya maraq göstərir.

İbrahimxəlil xanın müstəqil siyasəti Tehranda Qacarlar sarayında birmənalı qarşılanmır. Ağa Məhəmməd şah Qacar xanı itaətə dəvət edir. Ancaq müsbət cavab almır. Buna görə də 1797-ci ildə ikinci dəfə (birinci hücum 1795-ci ildə olmuşdu) Qarabağa hücum edir. Saraydan çıxmamış deyir ki, əgər bu səfərdən geri dönməsəm, qardaşım oğlu Fətəli məni əvəz edər. O, həmin il Şuşa şəhərində qətlə yetirilir. Şahın qardaşı oğlu Fətəli Qacar xanədanın şahı elan edilir. İbrahimxəlil xan Fətəli şahın şərtlərini qəbul edir. Şah “hər iki tərəfin xatircəmliyi üçün” İbrahimxəlil xandan qızı Ağabəyim ağanı hərəmxanasına göndərməsini istəyir. Xan bu nikaha razılıq verir. Sevimli qızını Qacar xanədanının hökmdarı Fətəli şaha ərə verir. 1801-ci ildə xidmətçiləri ilə birlikdə Tehrana göndərir.

Deyilənlərə görə, Ağabəyim ağa saraya daxil olarkən Fətəli şahın qarşısında baş əymir. Ona şahın hüzurunda olduğunu xatırladırlar. O, “Elə mən özüm də şah qızıyam” deyir.

Ağabəyim ağa qısa zamanda biliyi, bacarığı ilə sarayda hörmət qazanır. Ancaq taleyi ilə heç cür barışmır. Danışıb gülsə də, könlü açılmır. Vətən həsrəti ilə şeirlər yazır. Fətəli şah onu həddən artıq sevir. Ancaq Ağabəyim ağa toz-torpaqlı Tehranda Qarabağın təmiz hava və yarpaq xışıltısına həsrət qalır. Bunu şah da hiss edir. Həqiqi aşiq, vəfalı hökmdar kimi onun könlünün açılması, üzünün gülməsi üçün Qarabağın zümrüd meşələrinin ətrini Tehran şəhərinin mərkəzinə gətirir. Şuşanın əsrarəngiz təbiətinin gül və çiçəklərindən “Vətən bağı” adlı bir bağ saldırır. Ağabəyim ağa gəzintiyə çıxarkən Şuşanı xatırlayır. Dərindən bir ah çəkir və doluxsunur. Onu müşayiət edən saray xidmətçiləri bu həyəcana təəccüb edirlər. Ağabəyim ağa sonra yazır:

“Vətən bağı” al-əlvandır,
Yox üstündə xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.

Belə deyirlər ki, “Vətən bağı”nda xarıbülbül gülü təkrar-təkrar əkilsə də, bitmir. Şah səbəbini soruşur. Deyirlər ki, bu gül sərin təbiət bitkisidir. Çox istidə inkişaf etmir...

Ağabəyim ağa hara getsə, böyük hörmətlə qarşılanır və sevilir. Hətta sarayda “Şahbanu” ləqəbi ilə tanınır. İranın siyasi-mədəni həyatı ilə maraqlanan ilk qadın hesab edilir. Tarixçilər Fətəli şahın şahlıq dövründən, saray münaqişələrindən bəhs edərkən Ağabəyim ağanın da adını çəkirlər. Qeyd edilir ki, Ağabəyim ağa gözəl olmaqla bərabər, savadlı, bacarıqlı və vətənpərvər bir qadın olub. Şah bunu yaxşı bildiyi üçün bəzi ciddi dövlət işlərində onu da dinləyib. Ağabəyim ağa sarayda ingilis və fransız dillərini öyrənir. Saraya gələn əcnəbi səyyah və diplomatlarla söhbətlərdə iştirak edir. 1811-ci ildə Fransa imperatorunun arvadı ilə görüşür.  Eyni zamanda Rusiya çarı I Aleksandrın xanımı ilə də məktublaşır. Rusiya çariçası Ağabəyim xanıma bu məzmunda məktub göndərir: “Ey bəyim, siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci zöhrəsi, tale ulduzu olmuşsunuz...”.

Araşdırmalarda qeyd edilir ki, Ağabəyim ağa İrəvan xanının qardaşı “Sarı Aslan” ləqəbli yüzbaşı Həsən xanın rus əsirliyindən qurtarılması üçün də böyük səy göstərib. Mənbədə göstərilir ki, 1812-ci ildə İngiltərə səfiri Qor Ouzli İranda danışıqlar aparır. Səfirin xanımı da ölkənin birinci xanımı ilə görüşmək istəyir. Həmin görüşü ingilis səyyah-diplomatı Ceyms Moriyer belə təsvir edir: “Kraliça Ağabacının taxtda oturduğu böyük bir saraya girməsi üçün səfirin qadınına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçanın üzərində o qədər qızıl, ləl-cavahirat var idi ki, o, sərbəst hərəkət edə bilmirdi”. Saraydakı görüşdə səfirin xanımı Ağabəyim ağaya İngiltərə kraliçası adından qiymətli ətir hədiyyə edir.

Mənbələrdə Ağabəyim ağanın “Tuti” təxəllüsü ilə şeirlər yazdığı da bildirilir. Onun farsca şeirləri “Divani-Baci” adı ilə tanınır. Hətta qeyd olunur ki, “Qarabağ şikəstəsi”nin də müəllifi məhz Ağabəyim ağadır. Onun günümüzə gəlib çatan Vətən həsrətli bir bayatısında deyilir:

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Ağabəyim ağa həm də ağırtəbiətli insan kimi saray söz-söhbətlərindən uzaq olsun deyə çox vaxt imamzadə Qasım məqbərəsindəki hücrəsində tənha qalıb. İllər sonra atası İbrahimxəlil xanın və ailə üzvlərinin Qarabağda ruslar tərəfindən amansızlıqla qətlə yetirildiyini eşidir. Bu xəbərdən bərk sarsılır və uzun müddət özünə gələ bilmir. Vaxtilə Qarabağdan gətirdiyi xidmətçiləri ilə Qum şəhərinə köçür.

Tarixin yaddaşında məğrur şairə, humanist məlikə, savadlı diplomat kimi qalan Ağabəyim ağa İbrahimxəlil qızı Cavanşir 1832-ci ildə vəfat edib, Qum şəhərində dəfn olunub.

Savalan Fərəcov