Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsinə bu dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ev sahibliyi edib. Layihəyə qoşulan Bakı Dövlət Universitetinin tələbələri mayın 31-də teatrda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasına tamaşa ediblər.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın dirijorluğu ilə hazırlanan musiqili komediya maraqla qarşılanıb.

Gənclər dahi Üzeyir bəyin ölməz musiqisindən zövq almaq, tacir Əsgərlə bəy qızı Gülçöhrənin sevgisinə şahid olmaq, eyni anda 4 cütlüyün toyu ilə başa çatan məzəli hadisələrə tamaşa etmək imkanı qazanıblar.

Tamaşadan sonra öz təəssüratlarını bölüşən tələbələr “Mədəni gənclik” layihəsi çərçivəsində qatıldıqları tədbirlərin, o cümlədən “Arşın mal alan” operettasının onların mədəni zövqünə təsir etdiyini bildiriblər.

Xatırladaq ki, gənclərin incəsənətə marağının artırılmasını əsas məqsəd kimi qarşıya qoyan layihə iyun ayının sonuna qədər davam edəcək. Layihə çərçivəsində tələbələrin izləyəcəyi növbəti tamaşa iyunun 7-də Akademik Musiqili Teatrda “O olmasın, bu olsun” operettası olacaq.