İnsanların həyatında maddi və mənəvi ehtiyaclar mövcuddur. Maddi ehtiyaclar cismimizi, mənəvi ehtiyaclar isə ruhumuzu qidalandırır. Ruhumuzun ən çox incəsənətə, musiqiyə, ədəbiyyata ehtiyacı var. İncəsənət bəzi xalqların tarixinin böyük bir hissəsinin təşkilində əhəmiyyətli rol oynamaqla yanaşı, mədəniyyətinin də formalaşması və orijinal olmasının başlıca meyarıdır. Qədim insanlar belə inanclarını yerinə yetirmək üçün totemlərinin təsvirlərini yaratması “insan varsa, incəsənət var” demək olduğunu isbatlayır. Hər hansı bir kəşf ilə ehtiyacların ödənilməsinin kölgəsində də incəsənət işıqları görünüb...

Çində kağızın ixtirası təkcə ədəbiyyatın inkişafına deyil, həmçinin digər sənət növünün yaranmasına təkan verdi. Əvvəllər kağızın bahalı xammal olmasından irəli gələrək yalnız zadəganlar və hakim zümrənin, əsasən qızlarının yaratdığı və xüsusi bacarıq tələb edən bu sənət növü oriqamidir. “Oriqami” yapon sözü olub “ori” – qatlamaq, “qami” isə kağız mənasına gəlir. Çində kağızın yaranması ilə meydana gələn bu sənət növünün inkişaf edərək yüksəlməsi isə Yaponiyada baş verib. İlk vaxtlar Çində yarandığı və rahiblər tərəfindən Yaponiyada təbliğ olunduğu güman edilir.

Oriqami heç bir alətdən istifadə etmədən, yapışdırmadan hazırlanan kağız qatlama sənətidir. Kiçik yaşlarımızda hər birimizin hazırladığımız gəmi fiqurları oriqaminin ən sadə növləridir. Oriqami klassik və parçalı olmaqla iki növə ayrılır.

Klassik oriqami bir tək kağızla hazırlanır. İki və ya daha artıq hissə istifadə edilərək klassik oriqami ilə heyvan və ya əşya fiqurları hazırlanır. Modulyar oriqami kimi də adlandırılan hissəli oriqami oxşar parçaların birləşdirilməsi ilə hazırlanır, heyvan və ya əşyadan çox 3D və həndəsi fiqurların hazırlanması üçün istifadə olunur. Hissə sayı hüdudsuz olan modulyar oriqami sökülüb-yığılan oyuncaqlara oxşayır və eyni hissələrlə bir çox fərqli fiqur hazırlamaq mümkündür. Oriqami əsasən kvadrat kağızlardan hazırlansa da, kağız formasında hər hansı bir məhdudiyyət yoxdur.

Yaradıcılıq məhdudiyyəti olmayan sənət növündə müxtəlif xüsusiyyətlərə malik heyvan və fəza fiqurları və ya hər hansısa bir obyektin fiqurunu yaratmaq mümkündür. Zəngin mədəniyyətə sahib olan Yaponiyanın qədim ənənələrində mühüm yerə malik oriqami sənətinin bəzi fiqurlarına mistik mənalar yüklənib. Durna quşu fiquru xüsusi mahiyyətə malikdir. Əfsanələrə görə, arzu tutub 1000 durna quşu fiquru hazırlayan insanın arzuları gerçəkləşir. Bu fiqurların daha çox tanınması isə 1945-ci ildə Xirosimada atom bombasının partlaması nəticəsində qan xərçəngi olan Sadako Sasaki adlı 11 yaşlı uşağın 1000 durna quşu düzəltməsi ilə bağlıdır.

Lakin Sadako vəfat etsə də, adı dünyada barış simvoluna çevrilir. Bu hadisə Xirosimada “Dünya uşaq barış günü”nün meydana gəlməsinə və bu günün şərəfinə Sadakonun Sietldə (ABŞ) heykəlinin qoyulmasına vəsilə olub. Hər il avqust ayının 6-da qeyd olunan bu gündə, dünya səviyyəsində bir çox uşaq tərəfindən hazırlanan durna quşu oriqamiləri Xirosimaya göndərilir. Kiçik və cansız bir kağızdan böyük simvola çevrilən oriqami incəsənətin insanlara sülh aşılamasının bənzərsiz üsuludur.

Kağızların kəsilərək forma verilməsi ilə oriqaminin bir növü olan kiriqami meydana gəlib. Kiriqami (yaponca “kiri” – kəsmək və “qami” – kağız) hazırlanarkən ilk olaraq kağız qatlanılır, fiqur yaradılır, kəsildikdən sonra açılır və fiqurun əsas forması meydana gəlir. Əsasən simmetrik olan bu sənət növü vasitəsilə qar dənəciyi, ulduzlar və ya müxtəlif çiçəklərlə yanaşı, simmetrik olmayan daha mürəkkəb fiqurlar da hazırlamaq mümkündür. Kiriqaminin əsas xüsusiyyəti yalnız bir kağızdan hazırlanmasıdır.

Oriqami müasir dövrdə bir o qədər də inkişaf etməsə də, əsasən həvəskarlar tərəfindən öyrənilməyə davam etdirilir. Sibho Mabona, Atilla Yurtkul kimi sənətkarlar isə oriqami sənətində professional olaraq davam edən nadir insanlardır. Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərov da “Özünsən” adlı sərgisində məhz durna quşu oriqamilərindən ibarət instalyasiya hazırlayıb. Xammalın kağız olması səbəbindən bu sənət əsərlərinin ömrü az olduğu üçün ən qədim oriqami haqda dəqiq məlumat vermək mümkün deyil.

Şəbnəm Əzizova
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi