Dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti Sofiya Opera və Balet Teatrında səhnəyə qoyulub. Balet tamaşasına məşhur xoreoqraf soydaşımız Eldar Əliyev quruluş verib.

Tamaşa mayın 31-də Azərbaycan Respublikasının Müstəqillik Günü və Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə nümayiş olunub. Balet gecəsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşib. Premyeraya Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Bolqarıstan rəsmiləri, bu ölkədəki diplomatik korpusun nümayəndələri, çoxsaylı qonaqlar qatılıb.

Tamaşanın nümayişindən öncə çıxış edən nazir Ceyhun Bayramov müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti olduğunu, 1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etdiyini və üç onillik ərzində böyük inkişaf yolu keçdiyini qeyd edib. O, Azərbaycanın multikulturalizm ənənələrinə hər zaman sadiq qaldığını və bu gün nümayiş etdirilən baletin də məhz Azərbaycan və Bolqarıstan sənətçilərinin birgə layihəsi kimi multikulturalizm nümunəsi olduğunu bildirib.

Teodora Gençovska Azərbaycanı Müstəqillik Günü və diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik edib və balet gecəsinin təşkilinin, eyni zamanda mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafına töhfə olduğunu bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 100 illik yubileyini qeyd etdiyimiz Fikrət Əmirovun yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının dahi bəstəkarı olduğunu deyib, balet qalasının həm də türk mədəniyyətinin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin dirijor pultu arxasında olduğu tamaşada  bolqar balet artistlərinin Fikrət Əmirovun ecazkar musiqisi altında çıxışı alqışlarla qarşılanıb.