23-27 iyun tarixində Belarus Respublikasının Mogilyov vilayətinin Bobruysk şəhərində “Dostluq çələngi” Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı böyük rus yazıçısı Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa ilə təmsil edəcək.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq səfərdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, monotamaşada əsərin yeganə qəhrəmanını oynayan Əməkdar artist Şövqi Hüseynov və teatrın səs rejissoru Məhəmməd Məmmədov iştirak edəcəklər.

Qeyd edək ki, “Utancaq qız” monotamaşasına görkəmli rejissor, Xalq artisti Cənnət Səlimova quruluş verib. Tamaşa iyunun 25-də festival iştirakçılarına təqdim olunacaq. 

Bu, “Utancaq qız”ın xaricə ikinci səfəridir. Tamaşa bundan öncə cari ilin fevral ayında Tehranda keçirilən “Fəcr” Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub.