XIX əsr Azərbaycan poeziyasını yeni ideya-məzmun və bədii sənətkarlıq keyfiyyətləri ilə zənginləşdirən söz sənətkarlarından biri də Seyid Əbülqasım Nəbatidir. Görkəmli şair klassik poeziyadakı fəlsəfi-estetik axtarışları yeni dövr ədəbiyyatında uğurla davam etdirib. Şairi anadan olmasının 210 illiyi münasibətilə yada saldıq.

Seyid Əbülqasım Nəbati 1812-ci ildə Cənubi Azərbaycanın Qaradağ mahalının Üştibin kəndində ruhani ailəsində dünyaya göz açıb. İlk təhsilini atası Mir Yəhya Möhtərəmdən alıb. Klassik poeziyanı və Şərq təsəvvüf ideyalarını dərindən mənimsəyir. Atası ilə bərabər qələndərlik (dərviş, həqiqət axtaran filosof) edir. Azərbaycanın bir çox şəhər və kəndlərini piyada gəzir. Erkən çağlardan “Nəbati” (bitkiyə aid olan, bitkidən alınan) təxəllüsü ilə şeirlər yazır.

Qeyd edək ki, şairin “Nəbati” təxəllüsü Orta əsrlərdə Ərəbistan, İran və Turanda daha çox İslam ehkam və dəyərlərini təbliğ edən Nəbatilər tayfasının adı ilə bağlıdır. Əbülqasımın atası bu tayfanın tanınmış nümayəndəsi kimi Üştibində və yaxın mahallarda dərvişlik edib. Şair qoşmalarının birində bu haqda yazır:

Meydani-eşq içrə səyirtdim atı,
Müxəssər eylədim Rumu, Heratı.
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız Haşimi, əslimiz ərəb.

Seyid Əbülqasım müridlər arasında nüfuz və hörmət qazanır. Üştibində mürşid olur və kəramət sahibi kimi tanınır. O, bundan sonra Əhər bölgəsinə gedir. Dövrünün görkəmli təriqətçisi Şeyx Mahmud Sihabəddinin məqbərə və ziyarətgahında guşənişinlik (zahidlik) edir. O daha sonra riyaziyyatla məşğul olur. Şair bir müddət dünya işlərindən kənarda qalır. Sufi həyatı keçirir, hücrədə tənha yaşamaqla haqq, həqiqət aləmində yetişərək gizli sirlərdən xəbərdar olmaq istəyir. Şair şeirlərinin birində guşənişinliyi belə ifadə edir:

Guşeyi-vəhdət nə əcəb ca imiş,
Sirri-nihan onda hüveyda imiş.

Yaradıcılığına diqqət yetirdikdə məlum olur ki, şair Şimali Azərbaycanın Qarabağ bölgəsində – Əsgəran, Qırçın, Ağdam, Hindarxda, həmçinin Salyan və Lənkəranda da olub. Bu yerlərin ədəbi-mədəni həyatını yaxından tanıyıb.

Çox səxavətli, mərd və nəcib bir insan kimi xarakterizə olunan Əbülqasım Nəbati Orta əsrlərin böyük mütəfəkkiri Nemətullah Vəli təriqətinin davamçılarından biri kimi tanınıb. Əsərlərində onun sufi-təriqət ideyalarını təbliğ edib. Nemətullahi təriqətinə görə Allaha çatmaq istəyən özünü (maddi aləmi) unutmalı, fənaya uğramalı və bu yolla haqqa qovuşmalıdır. Yalnız daxilən təmizlənib saflaşan insan “ənəlhəqq” deyib özünü haqqa çatmış hesab edə bilər.

Əbülqasım Nəbati dünyagörüşü və həyata baxışı etibarilə ziddiyyətli bir insan olub. Bir dinə qail olmayıb. Əvvəl İslamı, sonra da atəşpərəstliyi təqdir edib. Bəzən də xristian olduğunu, xaça sitayiş etdiyini söyləyib. Şeirlərinin birində yollar ayrıcında qaldığını, gerçək həyatı və varlığı dərk edə bilmədiyini etiraf edib:

Gah ağıllı, gah divanə oldum,
Gah abad, gah viranə oldum,
Gah xərabat içində sufi,
Gah da meyxanə süpürgəçisi oldum...

Nəbati ömrünün müdrik çağlarında “Künci-vəhdətdə təbah oldu əziz ömrüm, heyf”, – deyə sufiyanə ömür sürməsinə təəssüflənir. Şair həyatın mənası, dünyanın əvvəl-axırı haqqında çox düşünür. Ancaq yaradılışın gizli sirlərindən xəbərsiz qalır. Bunu özü də çox yaxşı başa düşdüyü üçün bir şeirində yazır: 

Yetdi ömrüm axirə, sən bir Nəbati bilmədin,
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir?
Od tutub canım sərasər yandı, amma bilmədim
Dil nədir, dilbər nədir, başımda bu sevda nədir?

Nəbati keşməkeşli həyatında qarşılaşdığı çətinlikləri dəf etməyə cəhd etsə də, gücü yetmir. Gücsüzlüyündən məyus olur və kədərlənir. Bu əhvalını lirik qəhrəmanının dilindən belə deyir:

Nə müddətdir məni-biçarə, yarəb, yarsız qaldım,
Pozuldu rövnəqim, dağıldı ev, pərgarsız qaldım.
Kimə izhar edim dərdim, hanı bir məhrəmi-əsrar?
Qəmim çox, qəmküsarım yox, əcəb qəmxarsız qaldım...

Şair klassik şeirlə yanaşı, heca vəznində, xalq ruhunda da bədii nümunələr qələmə alıb. Bu qəbildən şeirlərinin əsas ideya xəttini isə məhəbbət və gözəlin tərənnümü təşkil edir. Müəllif sevən gəncin hiss və duyğularını ustalıqla dilə gətirir. Onun lirik qəhrəmanı həqiqi məhəbbət yolunda əzab-əziyyəti təbii sayır:

Aşiq olan xof eləməz bəladan,
İnciməz yar edən cövrü cəfadan,
Nəbati, əl çəkən kimdir vəfadan?
Qoymuşam başımı mən bu meydanə!

Şair bir çox qoşma və gəraylılarında gözəli tərənnüm edərkən bədii ifadə vasitələrindən ustalıqla istifadə edir: “Yaradıb” rədifli gəraylısında gözəlin sanki portretini çəkib:

Maşallah, qadir Allah
Gör necə dilbər yaradıb!
Gül üzündə əfşan-əfşan
Zülfi-müənbər yaradıb.

Ağzı qönçə, ləbi püstə
Beli incə, boyu bəstə,
Tökülübdür dəstə-dəstə,
Nə gözəl tellər yaradıb!

Nəbati məşhur “Gəlsin, gəlməsin?” rədifli qoşmasını isə sevgilisindən ayrı düşən aşiqə həsr edib. Onun mənəvi aləminə işıq tutub. Şeir Səbaya (səhər mehinə) müraciətlə başlanır: özünü “hicran düşkünü”, “illər xəstəsi” adlandıran aşiq Səba vasitəsilə yarına xəbər göndərir. Onunla barışmaq istədiyini bildirir. Şeirin bütün bəndlərində aşiqin səmimiyyəti göz önünə gəlir. Şeirin möhürbəndində deyilir:

Nəbati istəməz onsuz dünyanı,
İzzəti, hörməti, şövkəti, şanı,
Bir zada qalmayıb daha gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?

Şairin “Gözlərin”, “Olur”, “Döndü”, “Ey sənəm”, “Məndən”, “Genə” rədifli qoşmalarında da təmiz məhəbbətlə sevən gəncin mənəvi dünyası, hiss və  duyğuları həssaslıqla təsvir edilir.

Ana dili ilə yanaşı, fars dilində də yazıb-yaradan Seyid Əbülqasım Nəbatinin əsərləri hələ öz sağlığında divan şəklinə salınıb, Təbrizdə daşbasma üsulu ilə çap olunub. Şair 1873-cü ildə vəfat edib.

Savalan Fərəcov