Xalça elementləri əsasında hazırlanan geyim kolleksiyasının təqdimatı

 

Tanınmış azərbaycanlı modelyer, “AFFFAİR” markasının təsisçisi Rüfət İsmayılın qədim xalça çeşniləri – “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementləri əsasında hazırladığı “Sumakh” geyim kolleksiyası iyunun 3-də  Heydər Əliyev Mərkəzində nümayiş etdirilib.

Azərbaycanın qədim və zəngin tarixə malik xalçaçılıq sənəti zaman-zaman yeni ideyaların, sənət nümunələrinin  yaranmasına təkan verib. UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycanın ənənəvi xalçaçılıq sənəti bu gün də yeni layihələrdə zövqləri oxşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə dizayner-modelyer Rüfət İsmayılın Azərbaycan xalçalarının motivləri, zəngin rəngləri və naxışlarından bəhrələnərək yaratdığı “Sumakh” kolleksiyası da bu baxımdan diqqət çəkir.

Rüfət İsmayılın kolleksiyası üzrə geyimlər “Azərxalça”nın emalatxanalarında toxunub. Layihənin yaranması barədə danışan “Azərxalça” ASC-nin sədri Emin Məmmədov bildirib ki, sənətin digər növləri ilə yanaşı xalçaçılıq da inkişaf etməlidir. Ona görə də biz tanınmış rəssamlar, konseptual dizaynerlərlə əməkdaşlıq qurub yeni əl sənəti yaradırıq və bununla da xalçaçılıq sənətini, mədəni irsimizi yaşadırıq.

 “AFFFAİR in Carpets” adlı dəfilədə “Sumakh Haute Couture” və “Sumakh Affordable Luxury” kolleksiyasından geyimlər nümayiş olunub. Qeyd edək ki, “Sumakh Haute Couture” bu günədək Paris və Moskvada təqdim edilib. “Sumakh Affordable Luxury” kolleksiyasının ilk nümayişi isə Bakıda olub.

Kolleksiyaya daxil olan 5 məşhur xalça motivi əsasında yaradılan əsərlər xüsusən diqqət çəkir. “Açma-yumma” xalçası Qarabağ xalçaları arasında bədii xüsusiyyətləri ilə fərqlənir və təqdim olunan kolleksiyada bu xalça silsiləsindən naxışlar əksini tapıb.

Gözəlliyi ilə fərqlənən daha bir əsərin elementləri “Qarabağ” xalçasından qaynaqlanıb. İlk baxışdan təkrar elementlərdən ibarət olan həmin kompozisiya sıralanaraq kəhkəşana qərq olur.

“Naxçıvan” adlı əsər Qarabağ xalçaçılıq məktəbinin nümunəsi olan xalçanın müxtəlif elementlərindən, o cümlədən “Xətai” və “Çələbi” xalçalarının naxışlarından da istifadə olunaraq yeni bədii kompozisiya əsasında yaranıb.

Qarabağın “Ovçuluq” xalçalarına aid olunan elementlərin gözəlliyindən ruhlanan rəssam Azərbaycan və Yaxın Şərq sənətkarlıq məktəblərində geniş yer tapmış “Bəndi-Rumi” kompozisiyasının elementlərindən istifadə edərək şəbəkə tərkibli bədii kompozisiyanı yaradıb.

“Pazırıq” adlanan geyim dünyanın ən qədim xalçası sayılan (2500 il), Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində saxlanılan eyniadlı xalçanın mərkəzi elementlərindən qaynaqlanıb.

Azərbaycan xalçalarından ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də mədəni irsimizi müasir istiqamətlərdə yaşatmaqdır.